Fransanın qərbindəki Sen-Solin kommunası yaxınlığında kənd təsərrüfatı məqsədləri üçün suvarma hövzələrinin yaradılmasına qarşı keçirilən etiraz aksiyası zamanı azı 200 nəfər xəsarət alıb.

YALAN.info bildirir ki, bununla bağlı “BFMTV” telekanalı məlumat yayıb.

Nümayişin təşkilatçıları jurnalistlərə bildiriblər ki, polis rezin güllələrdən, gözyaşardıcı qaz qumbaralarından və su şırnaqlarından fəal şəkildə istifadə edib. Nəticədə 200-ə yaxın adam xəsarət alıb. Fransa hüquq-mühafizə orqanlarının məlumatına görə, iğtişaşlar zamanı 35-dən çox polis əməkdaşı yaralanıb.

Aksiyanın təşkilatçılarının nümayəndəsi, “Soulevements de la Terre” assosiasiyasının fəalı Lena Lazar məlumat verib. “Ağır yaralananlar da daxil olmaqla, onlarla nümayişçi ciddi xəsarət alıb. Onlardan üçünün həyatı təhlükədədir, daha üçü huşsuz vəziyyətdədir. Yaralılardan biri açıq sınıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib” – deyə, o bildirib.

Lazar qeyd edib ki, nümayişçilər polisin istifadə etdiyi rezin güllələr, həmçinin qaz qumbaralarından istifadə etməsi nəticəsində yaralanıb. Onun sözlərinə görə, nümayişin keçirildiyi ərazidə kordonda dayanan və iğtişaşların yatırılmasında iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşları təcili tibbi yardım maşınlarının keçməsinə imkan verməyiblər ki, bu da bəzi yaralıların vəziyyətini çətinləşdirib.

Qeyd edək ki, Sen-Solin kommunası ərazisində suvarma hövzələrinin tikintisinə qarşı etiraz 2022-ci ildən davam edir. Ümumilikdə layihəyə görə, ərazidə ümumi həcmi bir neçə yüz min kubmetr su tutumu olan 16 su anbarı yaradılmalıdır. Yerli sakinlər torpağın münbitliyinin azalacağını, eləcə də təbii su ehtiyatlarının tükənəcəyini və nəticədə ətraf mühitə zərər dəyəcəyini bildirərək, bu plana qarşı çıxırlar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın