Əsirlikdə olan azərbaycanlılara işgəncə vermiş Ermənistan vətəındaşlarının növbəti məhkəmə iclası keçirilib. Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan Azərbaycan xalqından üzr istədiklərini bildirib.

BizimYol.info xəbər verir ki, iyulun 7-də keçirilən məhkəmə iclasında Ermənistan vətəndaşları peşmanlıq ifadə edib. “İnsanıq, hər birimiz səhv edə bilərik”, – Mkrtiçyan belə deyib.

Mkrtiçyan Birinci Qarabağ Müharibəsinin son dövrlərində Ağdərədə, Hadrutda olduğunu bildirib. Dediyinə görə, yanında mərmi partlayıb, buna görə də kontuziya alıb. “Müharibə belə şeydir, nə deyirlərsə, onu da edirsən. Sonra mən Ermənistandan getdim. Xaricdə yaşadım”.

Mkrtiçyan 2016-cı il aprel döyüşlərinin iştirakçısı olub. Təqsirləndirilən şəxs məcburiyyətdən belə davrandığını deyib. O, müharibəyə xaricdəki ermənilərin maliyyələşdirdiyi təşkilat vasitəsilə qoşulub. Mkrtiçyan Qarabağı Ermənistanın işğal etdiyini yaxşı bildiyini, amma əlinə silah almağa məcbur olduğunu deyib. Ermənistan vətəndaşı 2020-ci ilin oktyabrında Hadruta gələndə də həqiqəti yaxşı bildiyini qeyd edib.

“Oktyabrın 20-də tutuldum. Onda meşələrdə gizlənirdik. Hava qaralanda dağlara tərəf getmək qərarına gəldik. Ələ keçdik. Amma azərbaycanlı hərbçiləri özümə düşmən bilmirəm. Kaş belə müharibə olmayaydı…”

Mkrtiçyana Qarabağ döyüşlərində iştirakına görə 5 medal verilib. O, hamısının yubiley medalları olduğunu iddia edib. Alyoşa Xosrovyan da müharibəyə məcburiyyətdən getdiyini dilə gətirib.

“Körpə uşağım vardı, ailəmi dolandırmalıydım. Pul qazanmaq üçün getdim. Özümü də Azərbaycanın ərazisinə girdiyimə görə təqsirli bilirəm”.

Əsirlikdə Mkrtiçyan və Xosrovyanın işgəncələrini görmüş zərərçəkmişlər onlara etirazını bildirib. Ermənistan vətəndaşlarını yalan danışmaqda ittiham ediblər. “Bunlara “Ermənilərin ASALA-sı” deyirdilər. Onlar üçün azərbaycanlılara xüsusi işgəncə verən hörmətli hərbçilər sayılırdılar. Atəşkəs dövründə də azərbaycanlı əsirlərə zülm eləyiblər”, – Famil Əliyev belə deyib.

Digər zərərçəkmiş Cavid Hüseynli bildirib ki, 1995-ci ilin martında Şuşa həbsxanasında onun gözünün çıxarılması prosesində bu təqsirləndirilən şəxslərin ikisi də iştirak edib: “Gözümü çıxaranda əllərimi divara bunlar bağladı…”

Məhkəmə prosesi iyulun 14-də davam edəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın