Ermənistan terror birləşmələriin dinc azərbaycanlılara qarşı törədilən Ballıqaya qırğınından 28 il keçir.

1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları Laçın rayonundan məcburi köçkün düşən və Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti yerləşmiş 24 nəfər azərbaycanlı mülki şəxsi amansızlıqla öldürüb, doqquz nəfəri yaralayıblar.

Öldürülənlərin arasında altı azyaşlı uşaq, o cümlədən, altı aylıq körpə də olub, üç azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb.

Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib, ümumilikdə öldürülənlərin çoxu uşaqlar, qadınlar və qocalar olub. Doqquz nəfər isə ağır yaralanıb. Öldürülən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.

Ballıqaya Qırğını zamanı erməni quldurları 33 yaşlı Hürzaman Hümbətovanı 6 azyaşlı övladı ilə birlikdə öldürərək yandırıblar.

Həmin vaxt Bərdə rayonunda olan ailə başçısı Vəzir Hümbətov AZƏRTAC-ın müxbiri ilə söhbətində 28 il öncə törədilmiş qırğının dəhşətlərindən danışıb.

“Hadisə baş verən gün mən Bərdə rayonunda idim. Ailəmiz isə Ballıqayada. Mən Ballıqayaya gedəndə gördüm ki, Ağcakənddə post qurulub. Heç kimi buraxmırlar. Soruşdum, nə olub? Dedilər, ermənilər dinc sakinləri öldürüblər. Əraziyə çatanda gördüm ki, çoxlu insan yığılıb, bizim daxal (qamışdan düzəldilmiş daxma) odlanıb, altı uşağım və yoldaşım yanıb. Sonra məlum oldu ki, ermənilər əvvəlcə ailəmi güllələyib, sonra od vurub yandırıblar.

Daxal yanıb tökülmüşdü cəsədlərin üstünə. Uşaqlarımın və yoldaşımın yanmış cəsədlərini maşına qoyub gətirdik Bərdəyə. Orada yeddi alaçıq var idi. Alaçıqdakıların da hamısını güllələyib öldürmüşdülər. Həmin qırğında öldürülən sakinlərin hamısı yaxın qohumlarım idi”.

Ballıqayada öldürülmüş şəxslərdən bəziləri Bərdə rayonunun Qaradəmirçi, Alpout, Tumaslı və Nazırlı kəndlərində basdırılıb. Faciə zamanı ailə üzvlərini və yaxın qohumlarını itirən Yunis Mehdiyev də hər il Nazırlı kəndindəki qəbiristanlığa gələrək onları yada salır.

“1992-ci ildə Laçın rayonu işğal edilən zaman doğma yurdumuzdan köçkün düşdük. Əvvəlcə Kəlbəcərdən keçib Toğanada məskunlaşdıq. Sonra isə Goranboyun Ballıqaya ərazisinə gəldik. Ballıqayada qaldığımız üçüncü gecə səhər saat 5 radələrində ermənilər gəlib camaatı qanına qəltan elədilər.

Qırğın zamanı anam, bacım, qardaşım, onun həyat yoldaşı, əmim, əmimin yoldaşı, iki oğlu və qızı, bibim, bibimin iki qızı və qayınanası, əmim nəvələri vəhşicəsinə öldürüldü. Çox ağır faciə idi – bir nəsildən 24 nəfər öldürüldü”.

Ballıqaya faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir.

Bu qırğın zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub. Bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq mülki insanlar – azyaşlı uşaqlar, qadınlar və qocalar qətlə yetirilib.

Ballıqaya Qırğını ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində saxlanılır.

https://www.youtube.com/watch?v=7Rofz7-U9lA
İnsanlığın utanc yeri – BALLIQAYA – FACİƏDƏN 28 İL ÖTÜR

XİN Ballıqaya Qırğınının 28-ci ildönümü ilə bağlı bəyanat yaydı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ballıqaya Qırğınının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, AR XİN-in bəyanatında deyilir: 

“Bu gün Azərbaycan Respublikasının Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 28 il keçir.

1992-ci ilin 28 avqust tarixində Ballıqayada törədilmiş qətliam nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində üç azyaşlı uşaq hər iki valideynini itirib.

Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.

Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktları insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Xatırladırıq ki, Ermənistan Respublikasının beynəlxalq hüquqa zidd fəaliyyətləri ilə bağlı məsuliyyəti ilə yanaşı, beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən silahlı münaqişə kontekstində törədilmiş müəyyən fəaliyyətlər beynəlxalq cinayət əməlləri hesab olunur və ona görə də bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar.

Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bəyan edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində sülh və barışığa nail olunması üçün Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü zamanı törədilmiş bütün müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən etnik təmizləmə və soyqırımı aktlarına görə cəzasızlığa son qoyulması, bu cinayətlərin qurbanlarına münasibətdə ədalətin bərpa edilməsi müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası bu istiqamətdə milli qanunvericilik və beynəlxalq hüquqla müəyyən edilmiş bütün imkan və milli mexanizmlərdən istifadə etməklə, özünün mülki əhalisinə qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərə adekvat hüquqi qiymətin verilməsi və günahkarların ədalət məhkəməsinə təslim edilməsi məqsədilə bütün zəruri addımları atmağa davam edəcəkdir.

Xarici İşlər Nazirliyi Ballıqaya kəndində törədilmiş insanlıq əleyhinə cinayətin qurbanlarının xatirəsini ehtiramla yad edir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın