Sentyabrın 27-dən etibarən Ermənistan Azərbaycanda mülki əhaliyə qarşı davamlı şəkildə təxribatlar aparır, yaşayış obyektlərini, dinc əhalini raket və müxtəlif artilleriyadan atəşə tutur. Xüsusilə yaşayış evləri, məktəblər, bağçalar, xəstəxanalar, kommunal və sanitar qovşaqlar, eləcə də bütün mülki infrastrukturlar mütəmadi olaraq ballistik raketlərdən atəşə tutulur.

Bu sözləri Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib. O bildirib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar nəticəsində 46 ölüm faktı qeydə alınıb:

“Ötən gün Baş Prokurorluq tərəfindən açıqlanan rəqəmlər göstərir ki, həlak olanlardan 13-ü qadın, üçü uşaq olub. Bundan başqa yetkinlik yaşına çatmayan 23 şəxs və 44 qadın da ağır yaralanıb. Bu beynəlxalq humanitar normalara tamamilə zidd olan və insanlığa qarşı törədilən cinayətdir. Bu istiqamətdə yalnız Baş Prokurorluq yox, Xarici İşlər Nazirliyi, Ombudsman tərəfindən  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində olan məlumatlar ümumiləşdirilməli, eləcə də 1991-ci ildən bu günə qədər qeydə alınan digər faktlar da toplanmalıdır. Xatırladım ki, 1992-1994-cü ildə Azərbaycan əhalisinə qarşı bakterioloji elementləri özündə əks etdirən silahlardan istifadə olunub. O zaman bu məsələ BMT-nin Təhlükəsizlik Şurasının Baş Assambleyasında da qaldırıldı və əsaslı faktların olmadığı irəli sürülərək, Ermənistana qarşı heç bir tədbir görülmədi.

Bu gün də düşmən insanlığa qarşı vəhşilik törədir. Qadağan olunan kasetli bombalardan raketlərin üzərində istifadə edərək mülki əhalini hədəfə alır. Düşmənin məqsədi daha çox dinc əhalinin ölümünə səbəb olmaqdır. Bu hücumlar xüsusi saatlarda və əhalinin daha sıx məskunlaşdığı ərazilərə, şəhərlərə – Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevirə qarşı atılır. Bununla bağlı zəruri tədbirlər görülməli, beynəlxalq qiymətləndirilmə aparılmalıdır. Təəssüf ki, bu gün Azərbaycan xalqına qarşı törədilən zorakılıq hadisələri beynəlxalq təşkilatlarda hüquqi qiymət tapmır.

1991-ci ildən bu günə qədər Azərbaycan xalqına qarşı törədilən vəhşilik, Zori Balayanın Xocalı soyqırımında Azərbaycan xalqına qarşı törədilən vəhşiliyi, xüsusi amansızlığı özündə əks etdirən faktları kitabında yazması əsaslı sübutdur. Bütün bunlar ümumiləşdirilmiş şəkildə BMT-yə təqdim edilməlidir. Nəinki BMT-yə, beynəlxalq sülhün, təhlükəsizliyin qorunmasına cavabdeh olan bütün qurum və təşkilatlara göndərilməlidir ki, Azərbaycana qarşı ədalətli qərar verilsin. Bunun üçün isə ilkin olaraq Ermənistana qarşı sanksiyalar tərtib edilməlidir”.

E.Səfərov Ermənistanın Azərbaycana qarşı törətdiyi vandalizm nəticəsində ailəsini itirən azyaşlı uşaqlar barəsində də danışıb. O bildirib ki, həmin uşaqlar dövlətin aidiyyəti qurumları tərəfindən zəruri diqqət və qayğı ilə əhatə olunublar:

“Azərbaycan hökuməti valideyn himayəsindən məhrum olan bütün uşaqlara (valideyn itkin düşüb, ölüb, öldürülüb və s.) zəruri olan bütün xidmətləri göstərməyə hazırdır. Dövlət müəssisələri tərəfindən bu uşaqlara, eləcə də təmas xəttində zərər görən bütün uşaqlara təhsil hüququ, yaşamaq hüququ eləcə də digər sosial-psixoloji xidmətlər göstərilir. Dövlət qurumları bu məsələyə ciddi və həssaslıqla yanaşır”.

Könül Cəfərli 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın