Martın 16-da saat 16 radələrində 6 mülki şəxsin Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Hüseynov Akif Muxtar oğlu, Hüseynov Anar Akif oğlu və Abdulov Bəhruz Nadir oğlunun qeyd edilən ərazidə minaya düşmələri nəticəsində çoxsaylı ağır dərəcəli bədən xəsarətləri almaları, Hüseynov Razi Akif oğlu və Hüseynov Bayram Akif oğlunun aldığı xəsarətlərdən həlak olmaları, azyaşlı Hüseynov Hüseyn Razi oğlunun isə hər hansı xəsarət almaması müəyyən edilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilmiş, başqa zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə) və başqa maddələri ilə cinayət işi başlanılıb. İndi prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

DİN-dən Ağdamda minaya düşənlərlə bağlı açıqlama

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) dünən Ağdam rayonunda 6 nəfərin minaya düşməsi ilə bağlı rəsmi açıqlama yayıb. 

DİN Mətbuat xidmətindən bildirilib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərə nəzarət postlarından kənar, qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə çalışmaları halları ilə qarşılaşırıq: 

“Bu gün saat 17 radələrində Ağdam rayonunun Əfətli kəndində yaşayan Hüseynov Akif, oğlanları Razi, Bayram, Anar və qonşuları Bəhruz Abdulov Yusifcanlı kəndi ərazisindəki qəbiristanlıqda dəfn edilmiş yaxınlarının məzarını ziyarət etmək məqsədi ilə kənar şəxslərin girişinə məhdudiyyət qoyulmuş və minalardan təmizlənməmiş əraziyə daxil olarkən minaya düşüblər.

Nəticədə Razi və Bayram Hüseynov qardaşları həlak olub, digər 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bir daha vətəndaşlarımızı ərazilərin minalardan tam təmizlənməsi işi başa çatanadək belə səfərlərdən çəkinməyə çağırırıq. Əks təqdirdə belə səfərlər onların həyat və sağlamlıqlarını itirmələri ilə yekunlaşa bilər”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın