Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonunun “Saxsı” və “Turşsu” bulaqlarında, Turşsu qəsəbəsində, Xocalı rayonunun Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərində olub.

İlham Əliyev Şuşa rayonundakı “Saxsı” bulağında olub

Prezident İlham Əliyev dekabrın 22-də Şuşa rayonundakı “Saxsı” bulağında olub. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, bulaq Şuşa şəhərinin şimal-qərb hissəsində, təxminən 5 kilometr məsafədə, Şuşa-Laçın yolunun üzərində yerləşir. Bulağın suyu tərkibinə görə çox keyfiyyətli olduğu üçün daim şuşalıların və şəhərin qonaqlarının diqqət mərkəzində olub. İnsanlar bu əraziyə istirahət etmək üçün üz tutublar. Əvvəllər qayadan süzülən su sonradan metal boruya salınıb və daim axır. Bulaq indi də var.

Şuşa şəhəri işğal olunanadək bulağın üstündə restoran tikilib. Bir sıra məlumatlara görə, bulaq metal boruya salınmamışdan öncə qayadan çıxan su qədim saxsı borudan süzülüb gəldiyi üçün bulağa insanlar arasında “Saxsı” bulaq adı verilib və bu ad günümüzə qədər gəlib çatıb. Şuşa şəhəri işğal ediləndən sonra ərazi uzun illər baxımsız qalıb, restoranın binası yarıuçuq duruma salınıb.

İlham Əliyev Şuşa rayonundakı “Turşsu” bulağında olub

Prezident İlham Əliyev dekabrın 22-də Şuşa rayonundakı “Turşsu” bulağında olub. Dövlət başçısı bulaq ərazisinə baxış keçirdi. Məlumat verildi ki, meşənin daxilində mineral su mənbəyi olan “Turşsu” bulağı Şuşa şəhərindən 17 kilometr cənub-qərbdə, Şuşa-Laçın yolundan bir qədər aralı, Zarıslı çayının sahilində 1700 metr hündürlükdə çıxır. Bu ərazi uzun illər şuşalıların və şəhərin qonaqlarının istirahət etdikləri sevimli məkanlardan biri olub. Yay aylarında ətraf rayonlardan buraya insanlar gələr, yaxınlıqdakı yamaclarda çadırlar qurar, dincələr, bulağın suyundan istifadə etməklə sağlamlıqlarını möhkəmləndirərdilər.

Qeyd olundu ki, Şuşa rayonunun ərazisində bir neçə belə su mənbəyi var. Turşsu qəsəbəsinin yaxınlığındakı bu bulağın suyu fasilələrlə – təxminən bir saatdan da artıq müddətdən bir axır. Bulağın suyu faydalı mikroelementlərlə, əsasən karbon, hidrogen-karbonad, maqnezium, natrium, kalsiumla zəngindir. Minerallaşma dərəcəsi 2,4 qr/l, temperaturu 5-10 dərəcə C-dir. Bu suyun ürək-damar, qan azlığı, qaraciyər, öd yolları, öd kisəsi, mədə-bağırsaq və böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi xüsusiyyətləri var. Bu su, həmçinin orqanizmdə maddələr mübadiləsi pozulmalarını nizama salır, daxili orqan xəstəliklərinə qarşı profilaktik təsir göstərir.

Rayon ərazisində suyu minerallarla zəngin olan başqa bulaqlar da var. Bu bulaqlardan karbon turşulu–hidrokarbonatlı–natriumlu “narzan” tipli mineral sular axır. Bu müalicəvi sulardan Şuşanın sanatoriyalarında həm süfrə suyu kimi, həm də vanna qəbulunda istifadə olunub.

İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonunun Turşsu qəsəbəsində olub. Dövlət başçısı qəsəbənin ərazisinə baxış keçirdi.

Qeyd edək ki, qəsəbə Şuşa şəhərindən təxminən 17 kilometr məsafədə, Şuşa–Laçın yolunun kənarında yerləşir. Turşsu qəsəbəsi işğaldan əvvəl Şuşa rayonunda Şuşa şəhərindən sonra azərbaycanlıların ən sıx yaşadığı ikinci yaşayış məntəqəsi olub. Qəsəbə 1992-ci il mayın 15-də işğal edilib. 1989-cu ildə aparılan siyahıyaalmaya əsasən, qəsəbədə 755 nəfər yaşayıb. Burada fərdi evlər, tibb məntəqəsi, xəstəxana, mədəniyyət evi, kitabxana, məktəb, televiziyaötürücü qurğu, elektrik yarımstansiyası, uşaq bağçası, musiqi məktəbi, klub və digər binalar mövcud olub. Əhalinin məşğulluğu əsasən kənd təsərrüfatı sahəsində təmin edilib. Sadalanan infrastruktur işğal dövründə tam dağıdılıb.

Qəsəbə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Hazırda Turşsu qəsəbəsində 353 ailə – 1403 nəfər qeydiyyatdadır.

İlham Əliyev Xocalı rayonunun Naxçıvanlı kəndində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı kəndində olub. Dövlət başçısı kəndin ərazisinə baxış keçirdi.

Dağətəyi ərazidə yerləşən bu yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salıblar. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Naxçıvanlı kəndi separatçılardan təmizlənib.

İlham Əliyev Xocalı rayonunun Pircamal kəndində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pircamal kəndində olub. Dövlət başçısı kəndin ərazisinə baxış keçirib.

Pircamal kəndi dağətəyi ərazidə yerləşir. Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal piri ilə bağlıdır. Tarixi mənbələrə görə, bu yaşayış məntəqəsini qədim Beyləqandan köçüb gəlmiş ailələr salıblar.

Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Pircamal kəndi separatçılardan təmizlənib.

İlham Əliyev Xocalı rayonunun Xanabad kəndində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Xanabad kəndində olub. Dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib.

Dağətəyi ərazidə yerləşən Xanabad kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənib.

Xanabad kəndi qədim yaşayış məskənlərindən biri kimi tanınır. 1990-cı ildə kənddə kooperativ zavodun tikintisi zamanı inşaatçılar tərəfindən qədim qəbir aşkar edilib. Həmin qəbirə baxış keçirilərkən insan cəsədindən əlavə, qədim döyüş və məişət əşyaları aşkarlanıb. Müvafiq təhlillərdən sonra bu əşyaların eramızdan əvvəl XII-XI əsrlərə aid olduğu müəyyən edilib.

İlham Əliyev Xocalı rayonunun Pirlər kəndində olub

Prezident İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pirlər kəndində olub. Dövlət başçısı kəndin ərazisinə baxış keçirib. Bu yaşayış məntəqəsinin kənd təsərrüfatı və turizm sahələrində böyük potensialı var.

Dağətəyi ərazidə yerləşən Pirlər kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Pirlər kəndi Azərbaycan Ordusunun cari il sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Prezident İlham Əliyev Şuşada və Xocalıda olub

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın