“Ukraynanın Rusiya Federasiyası ilə danışıqlarda ilk qələbəsi nümayəndə heyətinin işinin Belarusdan Türkiyəyə keçməsidir”.

YALAN.info bildirir ki, bunu Ukraynada hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı fraksiyasının rəhbəri David Araxamiya Türkiyədə Rusiya-Ukrayna danışıqlarının yekunları ilə bağlı brifinqdə deyib.

“Bu gün növbəti danışıqlarımız oldu. İlk qələbəmizi əyani danışıqlar yerinin Belarusdan Türkiyəyə keçməsi hesab edirik. Çünki Türkiyə bizim dostumuz və tərəfdaşımızdır və biz bu ölkəni təhlükəsizlik zəmanətçilərimizin sırasında görürük”, – deyə nümayəndə heyətinin üzvü bildirib. Araxamiya danışıqlar zamanı Ukrayna tərəfinin rəsmi təkliflə çıxış etdiyini vurğulayıb.

“Mən dərhal deyirəm ki, biz heç nəyə imza atmırıq, ancaq Ukrayna üçün yeni təhlükəsizlik zəmanətləri sistemi ilə bağlı təklif verdik. Bu, zaminlər tərəfindən imzalanacaq beynəlxalq anlaşma olmalıdır. Ona görə ki, o, ratifikasiya olunsun və Budapeşt Memorandumunda olduğu kimi səhvə yol verməyək”, – deyə nümayəndə heyətinin üzvü bildirib.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri, Rusiya ilə danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Mixail Podolyak deyib ki, Ukrayna Rusiyadan fərqlidir: “Bizim üçün xalqla ünsiyyətdə olmaq vacibdir. Ukraynanın bütün vətəndaşları atılacaq addımlarla bağlı fikir bildirəcəklər. Krımın gələcək taleyi kimi məsələlərdə referendum keçiriləcək. Bundan sonra qərar veriləcək. Manipulyasiyaya imkan verilməməlidir”.

Bildirək ki, təhlükəsizlik qarantları kimi BMT Təhlükəsizlik Şurası ölkələri, ABŞ, Fransa, Türkiyə, Almaniya, Kanada, İtaliya, Polşa və İsrail çıxış etməyi planlaşdırırlar.

Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü İstanbulda mətbuata qapalı rejimdə keçirilib. Türkiyə Prezidentinin Dolmabağça iqamətgahında üç saata yaxın danışıqların davam etdiyi bildirilir. Buna qədər isə nümayəndə heyətlərinin rəhbərləri – Rusiya prezidentinin köməkçisi Vladimir Medinski və David Araxamiya arasında ikitərəfli görüş baş tutub.

Гарантии безопасности. Крым. Донбасс. Брифинг по итогам переговоров Украина – РФ в Турции

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın