Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun ərazisindən bütün qadınlar, uşaqlar və qocalar artıq təxliyə edilib.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Baş nazirinin müavini – müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk deyib.

“Prezidentin tapşırığı yerinə yetirilib: “Azovstal”dan bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib. Mariupol humanitar əməliyyatının bu hissəsi başa çatıb”, – o deyib.

Rusiya qüvvələrinin mühasirəsində qalan Mariupolun “Azovstal” zavodu

Rusiya ilə sərhədyanı bölgədə yerləşən Ukraynanın Donetsk vilayətinin Mariupol şəhəri martın 1-dən indiyədək mühasirədədir. Rusiya qüvvələri Mariupolun böyük hissəsini nəzarətə ala bilsə də, şəhərdəki “Azovstal” zavodunu ələ keçirə bilməyib. Zavod şəhərin dörddəbir hissəsini təşkil edir. İndi zavodun müdafiəsində Ukraynanın “Azov” alayı durur.

Onu da bildirək ki, ətrafında Ukraynanın millətçi və vətənpərvərləri toplamış “Azov” alayı 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino və Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi “Azov”u “neonasist qruplaşma”, “ksenofob” dəstə kimi qələmə verir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın