Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Delyaqin Mixail Qennadyeviçin son günlər kütləvi informasiya vasitələrində iki ölkə arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd mövqe sərgiləyən çıxışları ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Mixail Delyaqin 2022-ci il 28 mart tarixində Rusiya Federasiyasının “Rossiya 1” telekanalında yayımlanan verilişdə Azərbaycana qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması ilə bağlı təxribat xarakterli çıxış edərək, sosial media platformasında bu barədə kütləvi sorğu keçirib.

Rusiya vətəndaşı Mixail Delyaqinin əməllərində Azərbaycan Cinayət Məcəlləsinin 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə), 283.2.1 və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan 29 mart 2022-ci il tarixdə Azərbaycan Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 29 mart 2022-ci il tarixdə Mixail Delyaqin Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə “İnterpol” vasitəsilə beynəlxalq axtarış elan edilib.

Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycana verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib.

İndi cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

“Azərbaycan Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulan tədbirlərin görülməsi təmin olunacaqdır”, – məlumatda qeyd edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın