Dünyada baş verən proseslər, neftin kəskin ucuşlaşması, daxildə isə manatın devalvasiyası  fonunda bizi böhranın təzyiqindən qoruyacaq sahələrdən biri və bəlkə də birincisi kənd təsərrüfatı olmalıydı.

Ölkəyə xaricdən gətirilən qida məhsullarının kəskin  bahalaşması fonunda bu sahədə olan boşluqlar mənzərəsi özünü daha aydın şəkildə biruzə verdi. Azərbaycan bu gün nə qədər neft sənayesi ağırlıqlı bir iqtisadiyyata sahib olsa da, ənənəvi olaraq aqrar ölkə statusuna malik olub. Çünki ölkənin sahib olduğu qiymətli torpaqlar, yerləşdiyi coğrafi mövqe və sahib olduğu ənənələr yalnız bunu tələb edir. Təəssüflər olsun ki, kənd təsərrafatının axsamasının bir səbəbi də kəndlinin və və ya əkinçilərin torpaqdan küsməsidir.  Kəndli torpaqdan niyə küsüb, onları kim küsdürüb, artıq bu tip məsələlərin müzakirəsi  heç bir tərəfə heç nə qazandırmayacaq.

Bütün dünyada yerli inzibati idarəetmə orqanları sözügedən müvafiq struktura, məsələn kənd təsərrüfatı nazirliyinə istər  təşkilati məsələlərdə, istərsə də sırf icraetmə məsələsində koordinasiyalı şəkildə kömək edir. Lakin təəssüflər olsun ki, Azərbaycanın  kənd təsərrüfatı üzrə ixtisaslaşmış bəzi rayonlarının icra strukturları  aqrar sahədən başqa istənilən təyinatlı işlərlə məşğul olur.

Məhz bu cür təşkilati məsələlərin sayəsindədir ki, Azərbaycanın yarısı qədər olan Avropa ölkələri ildə 100 milyardlarla dollar məbləğində kənd təsərrüfatı məhsulu ixrac edir. Məsələn, təxminən 42 min kvadrat kilometr ərazisi ilə Azərbaycanın yarısı qədər böyüklükdə bir ölkə olan Hollandiyanın 2014-cü ildə həyata keçirdiyi aqrar ixrac 80,7 milyard Avro (90 milyard dollar) səviyyəsinə çatıb. Hollandiya ABŞ-dan sonra dünyanın ən böyük ikinci kənd təsərrüfatı məhsulları ixracatçısıdır. Bəs biomüxtəlifliyin Avropada ən az olduğu ölkə olan Hollandiya qıt mənbə və çətin şərtlərə baxmayaraq kənd təsərrüfatında necə belə bir iqtisadi gücə və həcmə çatıb? Bu gün Hollandiyada kənd təsərrüfatı sektorundakı müəssisələrin sayı 65 mini ötüb. Hollandiyanın təkcə ən böyük 5 aqrar ixrac məhsulunun ümumi dəyəri 34.8 milyard Avroya çatır. Hollandiya, bəzək bitkiləri və tərəvəz məhsulları ixracında dünya lideri, ət ixracında dünya dördüncüsü, süd və süd məhsullarında dünya üçüncüsü, maye və qatı yağ ixracında isə dünya dördüncüsüdür. Bu uğur təsadüfən əldə edilməyib. Uğurun əldə edilməsində texnologiya, kooperativləşmə, Araşdırma-Inkişaf etdirmə, marketinq strategiyaları və təbii ki, uzunmüddətli, davamlı aqrar siyasətləri əsas rol oynayıb.

Kənd təsərrüfatınının mövcud durumunu müqayisəli metodla tam aydın şəkildə göz önündə canlandırmaq olar. Başlayaq, ən strateji məhsullardan olan taxıldan.  Taxılın məhsuldarlığı Danimarka və Çexiyada 50-55, Almaniya və Fransada 60-65, Azərbaycanda isə cəmi 30 sentnerdir. Azərbaycanda bir inəyin il ərzində süd verimi cəmi 1000-1100 kq, Latviya, Estoniya və Almaniyada uyğun olaraq 5000-7000 kq intervalında dəyişilir. Bir şərti mal-qara hesabı ilə Azərbaycanda illik ət istehsalı 50-52 kq, Danimarkada 230, Baltik ölkələrində isə 150-160 kq təşkil edir.

Türkiyənin 19 mayıs universitetinin professoru və  FAO-nun Birləşmiş Millətlər Qida və Kənd təsərrüfatı təşkilatının məsləhətçisi İsmet Boz hesab edir ki, nəinki Azərbaycanda bütün dünyada hazırda aktaul olan orqanik təsərrüfat modelidir. Bu təsərrafat növü hazırda ən çox Avropada ehtiyac duyulur. Heç bir əlavə kimyəvi təsir olmadan yetişdirilən bu məhsulu ənənəvi kənd təsərrüfatı yolu ilə əldə olunan məhsullardan 4-5 dəfə baha qiymətə dünya bazarına çıxarmaq mümkündür. Ümumilikdə mütəxəssisin sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün xarici təcrübə, xüsusilə də Avropanın öncül texnoloji təcrübəsi önəmliduir. Türkiyə Respublikası da kənd təsərrüfatında əldə etdiyi bir çox nailiyyəti Avropa şirkətləriylə birgə təcrücə mübadiləsinə borcludur.

Hər bir alda böhrandan çıxış yolları çoxdur. Bu sahədə dövlət dəstəyi hər gün daha da güclənir. Yaranmış vəziyyət xroniki qüsurları, nöqsanları, son illərdə üst-üstə yığılmış texniki geriləmədən tutmuş, kəndin sosial problemlərinə qədər hamısını ortaya çıxarıb. Qarşıda duran vəzifələr isə çatışmazlıqları tez müddətə aradan qaldırıb, koorparativ deyil, dövlət maraqları ön plana çəkərək ölkə iqtisadiyyatının inkişafına hiss olunacaq, real təkan verməkdir.

 

Ariz Tarverdiyev, Mədinə Niknəcət, Səbuhi Mustafayev, Rüfət Bayramov

ATV “Həftə Sonu” üçün

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın