Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına uyğun olaraq, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirməsi məqsədilə N nömrəli hərbi bölmədə təlim toplanışı keçirilir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnikalar ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.

Təlimə cəlb olunan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında uyğun qeydiyyat, eləcə də həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və başqa təminat növləri ilə təmin olunublar.

Daha sonra təlim iştirakçıları üçün mədəni-kütləvi tədbir təşkil olunub. Tədbirin başlanğıcında xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirib. 

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı zəfərdən və bu qələbənin tarixi önəmindən danışıblar. Keçirilən təlimlərin onların döyüş və mənəvi-psixoloji hazırlığına müsbət təsir edəcəyini bildiriblər.

Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən hərbi vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.

Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir

Toplanışda xüsusi təyinatlı qrupların döyüşdə müxtəlif üsullarla yerdəyişmə fəaliyyətləri nümayiş etdirilib.

Toplanış zamanı iştirakçılara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə  qaydaları öyrədilir, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilir.

Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir

Onu da bildirək ki, təlim toplanışı yanvarın 29-dək davam edəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın