Vahid Mustafayevin 2015-ci ildə izləyicilərə təqdim olunmuş “Qanlı Yanvar” filmi bu il 20 Yanvar faciəsinin 32-ci ildönümündə televiziya kanallarında yayımlandıqdan sonra tənqidlərə tuş gəlib. İzləyicilərin sərt reaksiyasına səbəb olan səhnə etirazçılar tərəfindən Sovet əsgərlərinə hücum edilməsi və atəş açılmasıdır. Sözügdən səhnəni müzakirə edənlər deyirlər ki, Bakı sakinləri həmin dövrdə Sovet tanklarının qarşısına əliyalın çıxmışdılar, bu baxımdan həmin səhnə həqiqətin üzərindən xətt çəkməkdir.

Filmin redaktoru Sevda Həsənova isə bununla bağlı Modern.az-a açıqlama verərkən ekran əsərinin tarixi faktlar əsasında hazırlandığını deyib. Onun sözlərinə görə, 20 Yanvar hadisələri ilə bağlı mənbələrdə 29 nəfər sovet əsgərinin qətlə yetirildiyi qeyd olunub. Xanım onu da əlavə edib ki, Vahid Mustafayev özü də 20 Yanvar hadisələrinin şahidi və iştirakçısı olub.

“Filmdə də göstərildiyi kimi, əvvəlcə Sovet qoşunları atəş açırlar. Etirazçılar tərəfdən isə sonra cavab verilir. Hadisə ilə bağlı mənbələri dəqiq araşdıranlar bilirlər ki, həmin vaxt 29 nəfər Sovet əsgəri öldürülüb. Biz niyə Azərbaycan xalqını yazıq kimi təqdim etməliyik? Xalq qırğın törədilən gecədə hansısa şəkildə öz mübarizəsini aparıb, müqavimətini göstərib, Sovet əsgərinə sinə gərib”, – deyə redaktor bildirib.

S.Həsənovanın sözlərinə görə, filmdə bu yanaşma doğrudur, çünki Azərbaycan xalqını zəif göstərməyə çalışmağın nəticəsi kimi bu gün ermənilər Şuşanı bizim ordumuzun deyil, türklərin azad etdiyini irəli sürürlər: “Onlar deyirlər ki, Türkiyə olmasaydı, Azərbaycan xalqı qalib gələ bilməzdi. Axı belə deyil! Bizim Qarabağ uğrunda mərd oğullarımız şəhid olub. Bizim əsgərlərimizin şücaəti erməniləri məğlubiyyətə düçar edib. Biz azərbaycanlıların hər bir faciənin, müsibətin qarşısında dura bilən xalq olduğunu unutmayaq”.

20 Yanvar hadisələrində 29 rus əsgərinin öldürülməsi hansı mənbələrdə öz əksini tapıb? İllərdir, hadisələrin canlı şahidlərindən, tarixçilərimizdən “Azərbaycan xalqı rus əsgərinin qarşısına əliyalın çıxıb”, – deyə oxumuş, eşitmişik. Filmdə göstərilənə isə inanası olsaq, deməli, biz tərəfdən bir qrup şəxsin əlində silah olub, rus səgərinə müqavimət göstərməyə cəhd edib və qarşıdurmalarda rus əsgərləri ölüb.

AYNA tarixi gerçəkliklərə baxmayaraq, filmin izləyicilərdə yaratdığı tərəddüdü, məyusluğu, etirazı nəzərə alaraq, baş verənlərə aydınlıq gətirməyə çalışıb.

Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədovanın sözlərinə görə, rus əsgərlərinin qarşılıqlı savaşda öldürülməsi barədə heç bir məlumat yoxdur: “Filmi izləməmişəm. Buna görə film haqqında şərh verə bilmərəm. Lakin silahlı müqavimət göstərilməsi yalandır. Əgər uşağın atdığı daş müqavimət sayılırsa, bu, absurddur”.

“Birmənalı şəkildə o dövrün çıxışları, səndlərdə Sovet ordusu ilə Azərbaycan xalqı arasında bərabərsəviyyəli savaşın getdiyini təkzib edir. Dinc Azərbaycan əhalisi arasında həlak olanlarla bağlı göstərilmiş statistik rəqəm belə, gerçəkliyi tam əks etdirmir. Çünki həmin dövrdə öldürülmüş insanların cəsədlərinin gizlədilməsi barədə məlumatlar var. Lakin rus əsgərlərinin qarşılıqlı savaşda öldürülməsi barədə məlumat yoxdur”, – deyə mütəxəssis bildirib.

Həmin dövrün canlı şahidi, “Səhər” qəzetinin redaktoru Məzahir Süleymanzadə də xalqın əsgərlərə silahlı müqavimət göstərdiyinə dair fakt olmadığını deyib: “Filmi izləməmişəm, buna görə film haqqında şərh verə bilməsəm də, həmin hadisələrin şahidi, o dövrdə jurnalist kimi fəailiyyət göstərən biri kimi sözügedən müqavimətə heç bir halda şahid olmamışam. Bizim adamların rus əsgərinə silahlı müqavimət göstərməsi yalandır. Bir jurnalist, vətəndaş kimi həmin hadisələrin içində olmuşam. Azərbaycanın informasiya blokadasından çıxarılması, həqiqətin yayılması istiqamətində fəaliyyət göstərirdik və bu məsələlər də bizim diqqət mərkəzimizdə idi”.

“O hadisələr başlamazdan bir neçə gün əvvəl Azərbaycan informasiya blokadasına alınmışdı. Televiziyanın enerji bloku partladılmışdı. Nadir hallarda radiodan kiminsə səsi gəlirdi, həmin səslər də xalqın gözlədiyi, arzuladığı adamlar deyildi. Təbii ki, onlar da xalqa istədiyi informasiyanı vermirdilər”, – deyə həmsöhbətimiz söyləyib.

Əlavə edib ki, rus əsgərlərinin bu hadisələrdə həlak olması ilə bağlı deyilənləri o vaxt araşdırıblar: “Söhbət hadisələrin baş verdiyi, küçələrdən qanların yuyulmadığı vaxtdan gedir. Biz bir qrup adam məsələ qaldırmışdıq ki, əgər belə bir fakt varsa, onların adlarını bizə versinlər. Azərbaycan xalqı qan tökən xalq deyil. Lakin onlar bunu iddia edirlərsə, həmin əsgərlərin bizə adlarını versinlər, biz həlak olan rusların evlərinə getməyə, xalqımız adından üzr istəməyə və onların yas mərasimlərində iştirak etməyə hazırıq. SSRİ Müdafiə Nazirliyinin rəhbər şəxsləri ilə əlaqə saxlamışdıq, xahiş, tələb etmişdik ki, kimi tanıyırsınızsa, adlarını versinlər. Lakin onlar bir nəfərin də adını verə bilmədilər”.

“Biz çox cəhd göstərdik, axtardıq. Zaqafqaziya hərbi dairəsinə adam göndərdik ki, bunu mümkün olan etibarlı mənbələrdən dəqiqləşdirsin. Bir nəfər pod-polkovnik (ad-soyadını təəssüf ki, dəqiq xatırlamıram) həlak olmuşdu. O da sərxoş olduğundan telefon lyükuna düşüb ölmüşdü. Heç kəs onu itələyib ora salmamışdı, özü yıxlıb ölmüşdü. Bakıda bir nəfər də rus əsgərinə, texnikasına güllə atmayıb. Nə də onlardan kimsə həlak olub. Bu, sübut olunmuş bir məsələdir ki, Bakıda ən radikal azərbaycanlının belə, əlində silah olmayıb. Belə bir fakt, informasiya yoxdur ki, rus əsgəri öldürülüb. Hadisənin onlarla, yüzlərlə canlı şahidi ilə həmsöhbət olmuşuq, lakin belə bir fikir səsləndirən olmayıb”, – deyə Süleymanzadə vurğulayıb.

O, Sovet əsgərləri ilə azərbaycanlılar arasında atışma olmadığını qeyd edib: “Onlar gəlib günahsız qurbanları öldürüblər. Bir nənə tank səsinə nəvəsinin əlindən tutub eyvana çıxıb ki, bu, nə səsdir. Oradaca güllə ilə vurublar. Məktəbli Larisa rus əsgərlərinə hansı müqavimət göstərə, onların qarşısına hansı silahla çıxa bilərdi? Mən bu hadisələrin içərisində olan, onları həm yerli, həm də xarici mətbuatda işıqlandıran biri kimi nə təsdiq olunmuş, nə olunmamış belə bir faktla qarşılaşmışam”.

Müsahibimizin dediyinə görə, yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələrdə xalqımızı qanına qəltən edən adamların heç biri səhər artıq Bakıda deyilmişlər: “19-u müxtəlif istiqamətlərdən Bakıya gəlib bu qətliamı törətdilər. Təcili yardım maşınlarının üstündən keçdilər, səs-küyə eyvana çıxmış insanlara güllə atdılar. Gecə ilə də o desant qoşunlarını Bakıdan çıxartdılar. Səhərisi gün Bakının küçələrində qurulan postlarda olanlar, gəzən əsgərlər də təəccüblə yanaşırdılar ki, burada nə baş verib. Hətta rus əsgərlərinin özləri də bilmirdilər ki, nə olub. Ruslar hadisələrin ilk günləri həlak olan insanlarımıza “saqqallı ekstremistlər” deyirdilər, biz tərəfdə isə günahsız qurbanlar adlandırılırdı. Hadisələrdən bir gün sonra ilk dəfə “Səhər” qəzetində onlara şəhid dedik”.

“Elə bir fakt olsa, onu gizlətmək də olmazdı. Rusların əlinə belə bir fakt düşsəydi ki, 29 nəfər rus əsgəri öldürülüb, onu 29 minə çevirib başımıza çırpardılar. Onlar çünki bu xislətə malikdirlər. Qeyd etdiyim kimi, o zaman belə şayiələr olsa da, təsdiqini tapmadı. Bizim mağazalarda oğurluq edirdilər. Bu epizodlar bizim qəzetdə öz əksini tapmışdı. Buna belə, Mərkəzi Hökumətdən ciddi reaksiya verilirdi. O da qala ki, Bakıda rus əsgəri öldürülə, buna da səssiz qalalar. Millətin yarısını qırardılar”, – deyə jurnalist fikrini tamamlayıb.

QANLI YANVAR filmi (2015)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın