Fransa, Böyük Britaniya, İtaliya, Danimarka, İsveçrə, Yunanıstan və başqa Avropa ölkələrində koronavurisa (COVID-19) günlük yoluxma hallarının sayında yeni antirekordlar qeydə alınıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Danimarka COVID-19-a yoluxmada dünya liderinə çevrilib. Ölkədə hər 100,000 nəfərə orta hesabla 1,612 yoluxma halı düşür.

Bazar ertəsi Danimarka Səhiyyə Nazirliyi təxminən 5,85 milyon əhalisi olan ölkədə ilk dəfə olaraq gündəlik 15 mindən yuxarı yoluxma faktı qeydə alıb. Sutkalıq rekord yoluxma sayı 16 164 nəfər təşkil edib. Bu günə qədər Danimarkada 727 mindən çox insan koronavirusa yoluxub, 3,2 mindən çox şəxs isə COVID-in qurbanı olub.

İsveçrədə son sutka ərzində yoluxma sayında rekord artım qeydə alınıb. Ölkədə 13 375 yeni yoluxma qeydə alınıb. Bununla da, yoluxanların toplam sayı 1 276 781 nəfərə çatıb. İnfeksiyaya yoluxmuş 17 nəfər ölüb. Bu baxımdan toplam say 11 817-ə çatıb.

İtaliyada son 24 saat ərzində koronavirusa yoluxma hallarının sayı 78 313 nəfər olub ki, bu da ölkədə pandemiyanın başlanğıcından bəri yeni maksimumdur. Respublikanın Səhiyyə Nazirliyinin məlumatlarına görə, son 24 saat ərzində 202 nəfər COVID-dən dünyasını dəyişib. Ümumilikdə, pandemiya başlayandan ölkədə yoluxanların toplam sayı 5,7 milyondan çox olub, 5 milyondan çox insan isə ölümcül virusdan sağalıb. Həmçinin, 136 955 ölüm halı qeydə alınıb.

Yunanıstanda da rekord gündəlik yoluxma yaşanıb. Son sutkada 21 657 analoji fakt aşkar edilib. Bununla da, ölkədə xəstəliyə yoluxanların ümumi sayı 1.1 milyon nəfərə çatıb. Bununla yanaşı, gün ərzində 60 nəfər koronavirusdan ölüb. Pandemiyanın başlanğıcından indiyədək ölənlərin sayı isə 20 557 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində Britaniyada 129 min 400, Fransada isə 180 min nəfər yeni COVID xəstəsi qeydə alınıb və bununla da, hər iki ölkədə analoji antirekordlar yenilənib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın