“Müxalifət buna kölgə salmağa çalışsa da, NATO sammiti Türkiyə üçün böyük diplomatik qələbə oldu”. 

YALAN.info bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyada keçirilən Şimali Atlantika Alyansı (NATO) sammitinin sonunda media nümayəndələrinə müsahibə verərkən deyib:

“NATO tarixində ən önəmli sammitlərdən birini uğurla həyata keçirdik. NATO-nun Avro-Atlantik coğrafiyanın təhlükəsizliyində oynadığı əsas rolu bir daha doğruladıq. Madrid sammiti bu kritik dövrdə birlik və həmrəylik mesajını çatdırmaq üçün önəmli fürsət yaratdı. Sammitdə biz NATO-nun məqsədlərini müəyyən edən və qarşıdakı dövrdə görüləcək işlərə istiqamət verəcək yeni Strateji Konsepsiyanı qəbul etdik”.

“Sammitdə müttəfiqlərdən sözdə deyil, əməldə də həqiqi həmrəylik gözlədiyimizi vurğuladım. NATO-nun etibarlılığını və inandırıcılığını qorumaq istəyiriksə, müttəfiqlər olaraq terrorun bütün təzahürləri ilə mübarizədə daha konkret, tutarlı və səmimi addım atmağımız şərtdir”, – dövlət başçısı bildirib.

“Finlandiya və İsveçlə imzalanan anlaşma memorandumu bir başlanğıcdır, çağırışdır. Əsl olan verilən sözlərin həyata keçirilməsidir. Bundan sonrakı prosesdə anlaşma memorandumunda qeyd olunan xüsusların tətbiq olunmasını diqqətlə izləyəcəyik və addımlarımızı buna uyğun atacağıq”, – Ərdoğan bildirib.

Türkiyə lideri vurğulayıb ki, İsveç və Finlandiya öncə öz öhdəliklərini yerinə yetirməlidir: “Bundan sonra biz də məsələni parlamentimizdə müzakirə edərik. Əgər onlar öhdəliklərini yerinə yetirməsələr, biz buna icazə vermərik. Makedoniya 20 ildə NATO-ya qoşuldu. Bu, o qədər asan məsələ deyil. Bunu İsveç də, Finlandiya da bilir. Mən verilən vədə baxıram. Əgər vəd yerinə yetirilməzsə, anlaşma pozular. Əgər terrorçular bizə verilməzsə, ondan sonra bizdən inciməsinlər. Verilən söz tutulmalıdır. Ləyaqətli siyasət budur”.

“NATO Zirvəsində bütün liderlərin “Vasitəçi olaq, sizi Yunanıstanla bir araya gətirək” təklifi oldu. Biz isə “Üzrlü sayın, hələlik buna ayıracaq vaxtımız yoxdur” dedik. Yunanıstanın başında duran zatın münasibəti artıq bilinib. Bu münasibətə qarşısında da bəzi vasitəçiləri işə salırlar”, – dövlət başçısı söyləyib.

Türkiyə liderinin sözlərinə görə, Yunanıstanın Egey dənizindəki adaları silahlandırması ortadadır: “Digər tərəfdən, hava məkanımızı daim pozurlar. İndi bizimlə anlaşmaq istəyən hava məkanımızı pozaraq bizi təxribata çəkərmi? Hələ üstəlik adalara da gedir. Oradan beton sığınacaqlar tikərək, çuxurlar qazaraq siqnal verməyə çalışır. Onun yaxşı niyyəti yoxdur. Əgər yaxşı niyyəti olsaydı, bu addımları atmazdı. Bütün bunları o etdiyi üçün, üzrlü saysın, biz bu il Yüksək Səviyyəli Strateji Şuranın toplantısını keçirə bilmərik və keçirməyəcəyik. O artıq indi Türkiyədəki prosesləri gözləməlidir. Qoy özünə çəki-düzən versin. Özünü yığışdırmazsa, bir araya gəlməyimiz ola bilməz”.

Yada salaq ki, iyunun 29-da İspaniyanın paytaxtı Madrid şəhərində NATO-nun zirvə toplantısı baş tutub. Toplantıda 30 ölkənin dövlət və hökumət başçısı iştirak edib. Madrid tarixində ikinci dəfədir sammitə ev sahibliyi edib. Tarixi sayılan bu tədbirlə bağlı İspaniya paytaxtına 5 mindən çox insan toplaşıb. Sammit İspaniyanın Alyansa üzv qəbul olunmasının 40 illiyinə təsadüf edirdi.

Zirvə toplantısında Ukraynadakı durum və bu ölkəyə hərbi, maliyyə və humanitar yardım məsələləri müzakirə olunub. Eyni zamanda Alyansın yeni strateji konsepsiyası qəbul edilib. NATO Finlandiya və İsveçi rəsmi olaraq hərbi Alyansa daxil olmağa dəvət edib. Bildirilib ki, Finlandiya və İsveçin təhlükəsizliyi, o cümlədən Alyansa qoşulma dövründə NATO üçün prioritet önəm daşıyır.

Sammitdən öncə hər iki ölkə PKK və onun qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə Terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üçün strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaradılacaq. Həmçinin müdafiə sənayesi məhsullarının tədarükünə qoyulan embarqo aradan qaldırılacaq, bu istiqamətdə əməkdaşlıq genişləndiriləcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın