“Azərbaycan dili üzərində çalışıram və öyrənəcəyimə söz verirəm”.

YALAN.info bildirir ki, bunu Bakıda səfərdə olan Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev mətbuat konfransında deyib.

Özünə Ataman ləqəbi götürən 29 yaşlı idmançı Azərbaycan dilində hələlik danışa bilmədiyi üçün üzr istəyib: “Sonuncu qələbəni qazandığım görüşdə Azərbaycan bayrağını qaldırdığım üçün böyük qürur duyuram. Bu ölkənin bayrağı altında çıxış etmək mənim qərarımdır. Bu, damarlarımda azərbaycanlı qanı axması ilə bağlıdır. Bunu deməklə sürpriz etmək istəyirdim. İstəyirdim ki, döyüş keçirdiyim zaman hamı görsün”.

O, Azərbaycanın digər MMA döyüşçüsü Nəriman Abbasovla qardaş kimi olduğunu söyləyib: “Onunla Taylandda birgə məşq etmişik. UFC Nəriman üçün yeni bir addımdır. Döyüşünü gözləyirik və ona azarkeşlik edəcəyik”.

Fiziyev burada daha çox vaxt keçirmək istəyini gizlətməyib: “Əlbəttə, vaxtımın əsas hissəsini toplanışlarda oluram, məşqçi kimi fəaliyyət göstərirəm. Planlarda burada daha çox vaxt keçirmək, ailəmlə birgə istirahətə gəlmək də var”.

Tanınmış idmançı ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusa qalib gəldiyi döyüşdən 2 gün sonra burnundan əməliyyat olunduğunu vurğulayıb: “Hələ məşq edə bilmirəm. Bərpa dövrü keçirirəm. Castin Geycini döyüşə çağırmışam. Hələ razılıq almamışam. Döyüşün bu ilin sonu – gələn ilin əvvəlində baş tutacağına ümid edirəm”.

Fiziyev Rafael dus Anyusla döyüşdən sonra gənclər və idman naziri Fərid Qayıbovun onu təbrik etdiyini diqqətə çatdırıb: “Onunla bir çox məsələdən danışdıq. Gələcəkdə Azərbaycanda UFC döyüş gecəsi keçirmək, turnirin əsas döyüşünə çıxmağımın mümkünlüyü müzakirə edildi. İnanıram ki, azərbaycanlı azarkeşləri də sevindirə bilərik”.

O, “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı çıxışına da toxunub: “Futbolda fanat olmaq mənim üçün yenidir. Bir vaxtlar futbol oyunlarında polis olmuşam, kürəyim meydana çevrilmiş vəziyyətdə olub. Çox təəccübləndim və qürurlandım ki, Azərbaycan klubu belə səviyyədə çıxış edir”.

Gənclərə məsləhət verən idmançı irəli getmək üçün risk etməyin önəmli olduğunu vurğulayıb: “Bir çoxları dayanıb yenilik istəyirlər. Risk etməyə dəyər”.

Fiziyev Bakının tarixi və zəngin şəhər olduğunu deyib: “Şəhərin xüsusi bir yerini qeyd edə bilmərəm. Bura təəssüratlarımda özəl şəhər kimi qalacaq. Döyüşdən sonra məhz bura gəlməyə çox şadam. Bu 4 gündə 5 qoyun yemişəm. Çoxlu kalori almaq baxımından belə etmişəm”.

Mətbuat konfransından sonra fotosessiya və avtoqraf sessiyası olub.

UFC döyüşçümüz Rafael Fiziyev mətbuat konfransına qatılıb – BAKU TV

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın