Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində son zamanlar törətdiyi təxribatlara münasibət bildirib.

YALAN.info bildirir ki, dövlət başçısı Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırıb.

“Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur. Orada Azərbaycana qarşı hücum gerçəkləşib deyə müdafiə reaksiyası olub. Əsas odur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilsin”, – o bildirib.

Yada salaq ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 26 mart 2022-ci il tarixli bülletenində Azərbaycan Respublikasının silahlı qüvvələrinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozduğu bildirilib:

“Martın 24-dən 25-dək Azərbaycan Respublikasının silahlı qüvvələri Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına girib, “Dağlıq Qarabağ” ərazisində müşahidə məntəqəsi qurub. “Bayraktar TB-2” tipli pilotsuz uçuş aparatı FURUX (Fərrux – Red.) yaşayış məntəqəsi ərazisində “Dağlıq Qarabağ silahlı birləşmələri”nin bölmələrinə 4 zərbə endirib”.

Bundan sonra ARMN Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması ilə bağlı verilmiş məlumatın həqiqətə uyğun olmadığını bildirib. Müdafiə Nazirliyi qonşu ölkənin Müdafiə Nazirliyinin bir daha yadına salıb ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Müdafiə Nazirliyi bir daha bildirib ki, Azərbaycanın Xocalı rayonunda “Furux” adlı kənd yoxdur. Qeyd edilən kəndin adı “FƏRRUX”dur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın