Türkmənistanın ölkə başçısı Qurbanqulu Berdiməhəmmədov ölkə daxilində tütün və bənzər məhsulların satışını tam olaraq qadağan edib.

Siqaret əleyhdarı siyasətiylə tanınan Türkmənistanda artıq tütün və ona bənzər məhsulların satışına ölkə daxilində tam olaraq qadağa var. Sağlam həyat tərəfdarı olan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkədəki tütün məhsullarının satışını tamamilə qadağan olunacağı barədə bir müddət əvvəl xəbər vermişdi. Yanvarın 5-də keçirilən hökumət iclası zamanı prezident Qurbanqulı Berdiməhəmmədov sağlam cəmiyyətin təhlükəsizliyi mühafizəsi xidmətinin rəisi Atadurd Odmanovun işini tənqid edib və siqaret çəkməklə sərt mübarizə aparmağa çağırıb.

Bir neçə gün əvvəl ölkəyə qeyri-qanuni yollarla gətirilən siqaret paketləri əhalinin gözü qarşısında qurulan böyük sobada yandırılmışdı. Qərara əməl etməyən mağaza sahibləri təxminən 3000 manat cərimə ödəməli olacaq. Paytaxt Aşqabad şəhərində siqaretin qara bazarda satıldığı barədə xəbərlər yayılır. Polis bu istiqamətdə işlər aparır və qanun pozanlar ciddi cəzalanır. Qeyd edək ki, Türkmənistanda 2000-ci ildə ictimai yerlərdə siqaret çəkilməsi qadağan edilib.

Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsinə və uşaqlara satışına qadağa

Azərbaycanda da ictimai yerlərdə siqaret çəkilməsi qanunla qadağan edilə bilər. Bununla bağlı qanun layihəsi Milli Məclisin Sosial Siyasət Komitəsində müzakirə edilir. Siqaretin satışına gəlincə bu məsələ “Tütün və tütün məmulatları haqqında” haqqında qanunda öz əksini tapıb. Qanunda tədris, tərbiyə, səhiyyə, mədəniyyət obyektləri yaxınlığında, həmçinin uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə və 18 yaşından aşağı şəxslərə siqaret satışı qadağan olunur.

Qanunvericiliyə əsasən satıcı həddi buluğa çatmamış yeniyetməyə bir dənə də olsa siqaret satsa 16.5 manatdan 44 manatadək cərimə oluna bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamalarına görə, dünyada hər dəqiqə 10 milyon ədəd, hər gün isə 15 milyard ədəd siqaret satılır. Keçən il verilən açıqlamada Azərbaycanın siqaret çəkən ölkələr arasında 85-ci, adambaşına düşən siqaretlərin sayına görə isə dünya ölkələri arasında 22-ci yeri tutduğu bildirilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın