Avtomobil sürdüyünüz yerdə Yol Patrul Xidmətinin əməkdaşı sizə “dayanmaq” göstərişi verir. Siz isə avtomobilinizi yolun qırağına çəkib saxlayırsınız. Polis sizə yaxınlaşır, özünü təqdim edir və sənədlərinizi istəyir. Sənədlər isə üstünüzdə deyil. Bu zaman yol polisi adınızı, soyadınızı əlindəki aparata yazır və adınızın sistemdə olduğunu görür.

Əgər yol hərəkəti qaydasını pozmamısınızsa, sənədlər qaydasındadırsa, polis sizi cərimə etmədən “yaxşı yol” deyib yola salır.

Belə bir anda isə sual yaranır ki, sürücü avtomobilin sənədlərini üzərində gəzdirmirsə, buna görə o, məsuliyyətə cəlb oluna bilərmi? Qanunlara söykənərək məsələyə aydınlıq gətirməyə çalışaq.

“Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinə uyğun olaraq, mexaniki nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsinə aid olan sənədləri – texniki pasportu, buraxılış sənədini (varsa), etibarnaməni (varsa) və sürücülük vəsiqəsini üzərində saxlamalıdır.

Qanuna görə, yol polisi hər hansı bir sürücünü saxladıqda özünü aydın şəkildə təqdim edib, qayda pozuntusunu aydın şəkildə açıqlamalıdır. Ancaq bundan sonra sürücü bu sənədləri Yol Patrul Xidməti əməkdaşına təqdim etməlidir.

Lakin məsələ burasındadır ki, sürücünün sənədləri üzərində gəzdirməməsi və buna görə yol polisinə təqdim edə bilməməsi inzibati məsuliyyət yaratmır.

İnzibati Xətalar Məcəlləsində belə durumla bağlı hər hansı cərimə nəzərdə tutulmayıb.

“Yol Patrul Xidməti haqqında” təlimatın 9-cu maddəsində isə yazılıb ki, nəqliyyat vasitəsini idarə etmə hüququ müvəqqəti məhdudlaşdırılmış (həmin müddətdə), sürücülük vəsiqəsinin etibarlılıq müddəti keçmiş, nəqliyyat vasitəsini idarə etmək üçün uyğun kateqoriyası (altkateqoriyası) olmayan şəxslər sürücülük hüququ olmayan şəxs qismində məsuliyyətə cəlb olunur.

Təlimatda göstərilib ki, bununla belə, sürücülük vəsiqəsinin təqdim edilməməsi şəxsin sürücülük hüququ olmayan şəxs qismində məsuliyyətə cəlb olunmasına əsas vermir.

Hər hansı bir anlaşılmazlığın yarana biləcəyini ehtimal edərək Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti bölməsinin rəisi Kamran Əliyevə müraciət etdik.

K.Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, sürücüdən sənədlərin tələb edilməsi məsələsi qanunvericiliklə tənzimlənir.

Bölmə rəisi vurğulayıb ki, sürücünün sənədləri üzərində deyilsə, bu zaman o, heç bir məsuliyyətə cəlb oluna bilməz.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın