Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinə Rusiya ilə daha sərt mübarizə aparmağa çağırıb.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna Prezidenti ABŞ Konqresində onlayn formatda canlı çıxışı zamanı danışıb.
“Ukrayna ABŞ-a son dərəcə önəmli dəstəyə görə minnətdardır. Sizin dövlətinizin və xalqınızın artıq bizim azadlığımız üçün etdiyi hər şeyə görə. Silah və sursata, təlim və maliyyəyə, təcavüzkara iqtisadi təzyiq üçün azad dünyada liderliyə görə”, – Zelenski bildirib.
“Yeni sanksiyalara, yeni paketlərə ehtiyac var. Bütün bunlar Rusiyanın hərbi maşını dayananadək davam etməlidir. Biz Rusiyanın bütün siyasətçilərinə, Ukraynaya təcavüzdə əli olanlarla əlaqəsi olanlara, ya da buna etiraz etməyə mənəvi gücü çatmayanlara qarşı sanksiya tətbiq etməyə çağırırıq.
Əgər özünüzün, ya da çevrənizdəki birinin Rusiyada biznesi varsa, təzyiq edib bunun qarşısını kəsməlisiniz. Rusiya təcavüzdə istifadə edəcəyi bir qəpiyi də əldə etməməlidir. Bu, bizim ölkəmizin, Avropanın dağıdılmasıdır. Barış qazancdan daha önəmlidir”, – dövlət başçısı vurğulayıb.
“Rusiya bizim xalqımızı məhv etməməli, azad şəhərlərimizdə bu qədər asanlıqla terror törətməməlidir. Havadan müdafiə sistemləri çox önəmlidir. Bizim güclü havadan müdafiə sistemlərimizə ehtiyac var ki, xalqımızı qoruya bilək. Sizdə bunlar var. Ancaq onlardan Ukrayna səmasını qorumaq üçün istifadə olunmur. Mənim indi sizin köməyinizə ehtiyacım var”, – o bildirib.
Ukrayna Prezidentinin nitqindən sonra konqresmenlər ayağa qalxaraq onu alqışlayıblar.