Karate üzrə Olimpiya mükafatçısı, ikiqat dünya və ikiqat Avropa çempionu İrina Zaretskaya Ukraynaya humanitar yardım göndərilməsi üçün Azərbaycanın bir sıra idman qurumlarına video-müraciət ünvanlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, indi Bakıda olan 25 yaşlı Ukrayna əsilli idmançı öz Instagram hesabında paylaşdığı videoda Milli Olimpiya Komitəsini, Güləş Federasiyasını, Milli Karate Federasiyasını, Cüdo Federasiyasını və yunan-Roma güləşi üzrə olimpiya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Fərid Mansurovu işarələyib, onlardan bu məlumatı yaymağı və kömək etməyi xahiş edib.

O, müraciətini tək öz adından yox, Azərbaycanı təmsil edən digər ukraynalı olimpiya mükafatçıları – güləşçi Mariya Stadnik və cüdoçu İrina Kindzerskaya adından yayıb. Zaretska bildirib ki, artıq Rusiyanın Ukrayna qarşı başlatdığı müharibənin, tam miqyaslı hərbi müdaxilənin 7-ci günüdür: “Bu müddətdə şəhərləri bombalayır, dağıdır, dinc sakinləri güllələyirlər. İnsanlar, uşaqlar ölür”.

Təcrübəli karateçi indi Bakıda Ukraynaya göndərmək üçün toplanan humanitar yardım mərkəzində olduğunu vurğulayıb: “Buraya gələrək lazımi dəstək göstərən insanlara minnətdaram. Kömək edənlərin sayı xeyli çoxdur. Bu dəstəyə görə çox təşəkkür edirəm. Ancaq federasiyalara və MOK-a müraciət etmək istərdim:

Mən, İrina Kindzerska və Mariya Stadnik sizin idmançılarıq, illərdir Azərbaycanı təmsil edirik. Bütün yarışlarda bayraq qaldırır, yüksək nəticələr göstərir, Azərbaycanın şərəfini qoruyuruq. İndi bizə sizin köməyiniz və dəstəyiniz lazımdır. Xahiş edirəm, qıraqda qalmayın. İndi humanitar yardımın toplandığı barədə idman ictimaiyyətini məlumatlandırın. Köməklik etmək istəyən çoxlu insan var. Sadəcə, bunu necə etməli olduqlarını bilmirlər. Ukraynanın Azərbaycandakı səfirliyinin önündə humanitar yardım mərkəzi çalışır. Yardımın toplanması həftəsonunadək davam edəcək. Fikrimcə, köməklik göstərə biləcək daha çox insan var. Çox sağ olun”.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 61 kq-dan yuxarı çəki dərəcəsində gümüş mükafatçısı olan İrina Zaretska həm də 68 kq çəkidə 2 qat dünya və Avropa çempionudur. O, İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğuda 2021-ci ilin ən yaxşı idmançısı seçilib.

Mariya Stadnik dördqat olimpiya mükafatçısı, ikiqat dünya və səkkizqat Avropa çempionudur. İrina Kindzerska isə Tokio-2020 Yay Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının, Böyük Dəbilqənin mükafatçısı, Qran-prilərin üçqat qalibidir.

İrina Zaretska İdman ictimaiyyətinə müraciət etdi – BAKU TV

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın