Aprelin 18-də Rusiyanın cənub-şərq istiqamətindən Ukraynaya qarşı hücumunun ikinci mərhələsi başlayıb. Hücumlar, demək olar ki, bütün cəbhə xətti boyunca gedir. Bununla bağlı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov məlumat yayıb. Öz növbəsində Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da Rusiyanın hücum əməliyyatına başladığını açıqlayıb.

İndi Ukrayna ərazilərinə raket və bomba zərbələri endirilir, qaçqın və məcburi köçkünlərin sayı artır. Qaynar nöqtələrdən biri Ukraynanın Zaporojye vilayətidir. Rusiya tərəfinin planı Xerson vilayətini və Zaporojyeni Krıma birləşdirməkdir.

YALAN.info Oxu.az saytının Zaporojye Vilayət Şurası sədrinin birinci müavini Lyudmila Lyubimlə müsahibəsini diqqətinizə çatdırır:

– Ukraynanın cənub-şərqində böyük döyüş başlayır. Durumu öz xeyrinə dəyişmək istəyən Rusiya ordusunun məqsədlərindən biri də Zaporojye vilayətidir. Eyni zamanda Zaporojye ərazisinin bir parçası artıq işğal olunub. Sizin bölgədə durum necədir? Başlayaq humanitar durumdan.

– Zaporojye şəhərində humanitar durum yetərincə sabitdir. Belə deyim, bizim bütün ölkə ilə əlaqəmiz var və burada hər şey Ukraynada olduğu kimidir. Ancaq Zaporojye vilayətinin işğal olunmuş ərazilərində durum ağırdır. Orada dərman, qida yoxdur və orada Ukrayna qrivnasının dövriyyəsi olmadığndan insanların nələrisə əldə etməsi də mümkün deyil. Bütün təchizat logistikası pozulub. Berdyansk kimi şəhərlər isə faktiki olaraq bağlıdır. Hətta oradan ukraynalıları evakuasiya da edə bilmirlər.

Bizim humanitar karvanlarımız isə keçid məntəqələrində gecikmələrə görə üç gündən on günə qədər yolda qala bilirlər, baxmayaraq ki, bunlar razılaşdırılmış dəhlizlərdir. İşğalçılar mütəmadi olaraq razılaşmaları pozurlar. Eyni zamanda, indi Zaporojye doğurdan da forpost sayılır. Və təbii ki, Zaporojyenin hədəf olması ilə bağlı təhlükə var. İndi Zaporojye şəhərindən 60-100 kilometr aralıda müxtəlif istiqamətlərdə ağır döyüşlər gedir. Durum qəlizdir.

– Zaporojyedən olan qaçqınların və məcburi köçkünlərin sayı çoxdurmu?

– Zaporojye vilayətini çox adam tərk edib, ancaq qalanlar da çoxdur. Ümid edirik ki, düşmən buraya qədər gəlib çıxmayacaq. Bizə Mariupoldan və başqa işğal olunmuş ərazilərdən çoxlu sayda insan gəlir. Rəsmi olaraq bizdə 137 min qaçqın qeydiyyata alınıb. Kimlərsə daha da irəli gedərək Ukraynanın qərbinə, ya da da xarici ölkələrə keçib.

– Siz iki-üç həftə öncə işğal edilən Berdyansk şəhərinin adını çəkdiniz. Buna baxmayaraq yalnız aprelin 18-də işğalçıların hökumət binalarından Ukraynanın gerbinin götürdüyünü əks etdirən videolar yayılıb. Niyə onlar bunu daha öncə etməyə cəsarət etmirdilər?

– Birincisi, onların şəxsi heyəti arasında çatışmazlıq var. Olur hərbçilər və bir də arxa cəbhədə fəaliyyət göstərənlər. İkincisi, işğal olunmuş ərazilərdə ciddi müqavimət var. Yəqin insanların mitinqlərə çıxdığını izləmisiniz. Onları dağıtmağa çalışsalar da, xalq etirazını davam etdirir.

İlk günlərdə heç bir dəstəkləri olmadığından və dinc əhalinin qəzəbini boğa bilmədikləri üçün işğalçılar Ukrayna dövlətinin atributlarını aradan qaldırmağa tələsmirdilər. Elə indinin özündə də heç də bütün şəhərlərdə, kəndlərdə, kiçik şəhərlərdə işğalçı hakimiyyətin nümayəndələri yoxdur. Əsgərlər var, amma işğalçı hökumət yoxdur.

– Rusiyanın Zaporojye və Xerson vilayətlərini Krım bölgəsinə birləşdirməyə hazırlaşdığına dair fikirlər səsləndirilib…

– Belə planlar olmadan müharibəyə başlamaq axmaqlıq olardı. Ona görə də əminəm ki, onların belə fikirləri var. Ancaq məndən soruşsanız ki, onlar buna nail ola biləcəklərmi, onda mən açıq şəkildə deyəcəm: yox!

– Mən tez-tez Ukraynadan olan müsahiblərimə beynəlxalq yardımla bağlı sual verirəm. Siz bu yardımı duyursunuzmu?

– Beynəlxalq ictimaiyyət Ukraynaya çox fəal yardım edir. Azərbaycandan, Polşadan, Almaniyadan, Böyük Britaniyadan, ABŞ-dan, İtaliyadan, Portuqaliyadan və bir çox başqa ölkələrdən humanitar yardımlar gəlir. Demək olar ki, bütün dünya bizə yardım edir. Buna görə çox minnətdarıq. Dərmanlar, yeməklər, paltarlar, gigiyenik vasitələr alırıq. Ancaq ölkəni müdafiə etmək üçün daha çox siyasi dəstəyə və təbii ki, hərbi yardıma ehtiyacımız var.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın