Ukrayna ağır yaralı əsgərləri “Azovstal”dan humanitar dəhlizlə çıxarmaq qarşılığında əsir düşmüş Rusiya hərbçilərini qaytarmaq istəyir.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk öz “Telegram” kanalında məlumat verib.

“İndi “Azovstal”ı hərbi yolla azad etmək mümkün deyil. Müdafiəçilərimiz təslim olmaq istəmirlər. Bu, hörmətə layiqdir. Reallıq odur ki, Rusiya Ordusu ərazidən çıxmaq istəmir”, – deyə o bildirib. Vereşçuk qeyd edib ki, Ukrayna hökuməti müxtəlif variantlar üzərində işləyir. Onun sözlərinə görə, variantların heç biri ideal olmasa da işlək olanı üzərində iş gedir.

“İlk addım olaraq Rusiyaya belə bir mübadilə təklifi edildi: biz ağır yaralı insanlarımızı “Azovstal”dan humanitar dəhlizlə çıxarırıq. Bunun qarşılığında biz hərbi əsirlərin mübadiləsi qaydalarına uyğun olaraq Rusiyaya veririk”, – deyə Vereşçuk bildirib. O deyib ki, bu yöndə danışıqlar davam edir.

Yada salaq ki, Rusiya Ordusu martın 1-dən indiyədək mühasirədə olan Mariupol şəhərinin böyük hissəsini nəzarətə ala bilib. Buna baxmayaraq, şəhərdəki “Azovstal” zavodunu hələ də ələ keçirə bilməyib. Zavod şəhərin dörddəbir hissəsini təşkil edir. İndi zavodun müdafiəsində Ukraynanın “Azov” alayı durur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın