Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri olub.

YALAN.info bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Respublikasının Prezidentinə raport verdi. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident Kasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamladı.

Daha sonra Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçdi və dövlət başçıları rəsmi foto çəkdirdilər.

Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək görüşü olub

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi salamlayan Prezident İlham Əliyev dedi: “Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz çox uğurlu keçəcək və Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır. Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Bir daha xoş gəlmisiniz”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dedi: “İlk növbədə, göstərilən qonaqpərvərliyə görə Sizə təşəkkür etmək istəyirəm. Qazaxıstanın Prezidenti kimi Sizin ölkənizə ilk dəfə rəsmi səfərə gəlməyimə şadam. Əlbəttə, bugünkü səfər mənim üçün özəl önəm daşıyır. Bugünkü danışıqların yekunlarına əsasən bir sıra sənədlər imzalanacaq. Əminəm ki, həmin sənədlər ikitərəfli əməkdaşlığı, Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə çatdıracaq”.

İlham Əliyev Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif olunub

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni təqdim olunub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edərək dedi: “Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Heydər oğlu. Bu gün mən Sizin ölkənizə böyük məmnuniyyətlə rəsmi səfər edirəm. Biz məhdud tərkibdə çox səmərəli görüş keçirdik. Mənim səfərimin proqramına Sizin Qazaxıstan Respublikasının “Altın kıran” ali ordeni ilə təltif edilməyiniz mərasimi də daxildir.

Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam uyğun olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə “Altın kıran” ordenini təqdim etmək istərdim”.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin möhkəmlənməsinə və inkişafına xüsusi töhfəsinə görə “Altın kıran” ordeni ilə təltif edilməsi haqqında Qazaxıstan Prezidentinin Fərmanı oxundu.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Altın kıran” ordenini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Prezident İlham Əliyev çıxış edərək dedi: “Möhtərəm Kasım-Jomart Kemeleviç, mənim əməyimi yüksək qiymətləndirdiyinizə görə Sizə səmimi qəlbdən təşəkkür etmək istərdim. Mən çox fəxr edirəm ki, Siz məni qardaş ölkə olan Qazaxıstanın ali ordeni ilə təltif etməyi lazım bilmisiniz. Bundan sonra da bizim dostluq və qardaşlıq münasibətlərinin inkişafına töhfə vermək üçün öz tərəfimdən əlimdən gələni edəcəyəm.

Bizim xalqlarımızı ortaq tarix, ortaq köklər bağlayır. Bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrimizin nüfuzu artır. Mən bu mükafatı bütün Azərbaycan xalqına hörmət əlaməti sayıram. Bu mükafatı Siz təqdim etdiyinizə görə xüsusi qürur duyuram.

Sizin qeyd etdiyiniz kimi, bu gün biz, ikitərəfli gündəliyin bir çox məsələlərinə və beynəlxalq inkişaf məsələlərinə dair ətraflı söhbət etdik. Mən artıq demişəm, bir daha təsdiqləmək istəyirəm ki, Sizin yürütdüyünüz islahatlar kursunu tamamilə dəstəkləyirik. Sizin yürütdüyünüz siyasət Qazaxıstanın, Qazaxıstan xalqının milli mənafelərinə tamamilə uyğundur. Artıq qazanılmış uğurlar Sizin seçdiyiniz kursun düzgün olmasına dəlalət edir.

Qazaxıstan xalqının bu kursu dəstəkləməsi bir daha onu göstərir ki, bizə qardaş olan Qazaxıstan düzgün yolla gedir. Əminəm ki, Siz qarşıya qoyduğunuz bütün hədəflərə çatacaqsınız. Lakin bu yüksək mükafat mənim əlbəttə ki, münasibətlərimizin möhkəmləndirilməsi yolunda bundan sonrakı fəaliyyətimdə üzərimə vəzifələr qoyur. Əmin ola bilərsiniz ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq. Bu yüksək mükafata görə bir daha təşəkkür edirəm”.

Azərbaycan və Qazaxıstan prezidentləri Füzulidə uşaqlar üçün tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqin Füzuli şəhərində uşaqlar üçün tikəcəyi Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar. “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Raximbayev dövlət başçılarına layihə barədə məlumat verdi.

Prezident Kasım-Jomart Tokayev: İlham Heydər oğlu, mən istərdim ki, bina tikənlərin ən böyüyü olmasa da, ən böyüklərindən birini – “Bİ” tikinti şirkətinin rəhbəri Aydın Raximbayevi təqdim edim. Məhz o, bizim tapşırığımızla bu çox mühüm layihəni icra edəcək.

Prezident İlham Əliyev: Sağ olun.

Aydın Raximbayev: Hörmətli İlham Heydər oğlu, hörmətli Kasım-Jomart Kemeleviç, icazə verin, layihəni Sizə təqdim edim. Bu layihəni – Füzuli şəhərində Yaradıcılıq Mərkəzinin tikintisi layihəsini təqdim etmək mənim üçün böyük şərəfdir. Layihə bizim Prezidentin şəxsi tapşırığı əsasında qısa müddət ərzində hazırlanıb. Bu günə olan vəziyyətə görə, artıq məkan müəyyən edilib, yəni, layihə dörd böyük istiqamətdən ibarətdir: musiqi – vokal və xor oxuma, müasir texnologiyalar, yəni, uşaqların daha çox xoşuna gələn, uşaq potensialını üzə çıxaran, sənət və yaradıcılıq – dulusçuluq sənəti, heykəltaraşlıq və əlbəttə ki, idman – oyun zalları, xoreoqrafiya…

Məlumat verildi ki, 2 hektar ərazidə müasir memarlığa uyğun binalar, amfiteatr inşa ediləcək. Burada uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirmək üçün hər cür şərait olacaq. Sonra layihə barədə videoçarx nümayiş etdirildi.

Prezident Kasım-Jomart Tokayev: İlham Heydər oğlu, əgər birdən hansısa iradlar yaranarsa…

Prezident İlham Əliyev: Heç bir irad ola bilməz. Təqdimat özlüyündə göstərir ki, bu, dünya səviyyəli layihədir. Mən, ilk növbədə, Prezident Kasım-Jomart Kemeleviçə bu təşəbbüsə görə minnətdarlıq etmək istərdim. Bu təşəbbüs iki ay bundan öncə irəli sürülüb və bu məsələ belə operativ həll edilib. Əlbəttə, bu gün buradakı təqdimata görə şirkətə də təşəkkürümü bildirirəm. Bu gün sizin göstərdiyiniz doğurdan da uşaqların inkişafı üçün mərkəzdir.

Prezident Kasım-Jomart Tokayev: Söz verdi.

Prezident İlham Əliyev: Bəli.

Prezident Kasım-Jomart Tokayev: Vaxt və keyfiyyət.

Prezident İlham Əliyev: Özəlliklə ona görə ki, indi Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib. Artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz həmin vaxtadək, bu mərkəz hazır olanda, biz Füzulinin ilk sakinlərini oraya köçürməyi planlaşdırırıq.

Aydın Raximbayev: Biz isə uşaqları orada qarşılamağa şad olacağıq.

Prezident İlham Əliyev: Bəli, sağ olun. Əlbəttə ki, ətrafdakı infrastrukturla bağlı bütün məsələləri biz paralel həll edəcəyik.

Prezident Kasım-Jomart Tokayev: Beləliklə, necə deyərlər, irəli.

Prezident İlham Əliyev: Sağ olun.

Azərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü keçirilib. Dövlət başçıları görüşdə çıxış etdilər.

Prezident İlham Əliyevin çıxışı:

– Hörmətli Kasım-Jomart Kemeleviç, Sizi bir daha ürəkdən salamlamaq, “Xoş gəlmisiniz!” demək istəyirəm. Biz artıq ikitərəfli münasibətlərimizin geniş gündəliyinə, beynəlxalq problemlərə dair çox ətraflı söhbət etdik və bütün məsələlər barədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü gördük. Əlbəttə, Sizə təşəkkür etmək istərdim ki, dəvətimizi qəbul etmisiniz və ölkəmizə rəsmi səfər edirsiniz. Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək.

İlk növbədə, artıq nümayəndə heyətlərinin iştirakı ilə məni Qazaxıstan Respublikasının “Altın kıran” ali ordeni ilə təltif etdiyinizə görə bir daha təşəkkürümü bildirmək istərdim. Bu mükafata layiq görülməyim mənim üçün böyük şərəfdir və mən bunu xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Azərbaycanın münasibətlərimizin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət hesab edirəm.

İndicə Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatı keçirildi və bu, bizim xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, hazırda bizim hamımızın məşğul olduğumuz Qarabağın bərpası işinə töhfədir.

İkitərəfli gündəliyə gəldikdə, o, kifayət qədər genişdir. Sizin səfəriniz ərəfəsində müvafiq strukturlar bir çox məsələlər üzərində hərtərəfli iş aparıblar, 20-dən artıq sənədin imzalanmasına doğru gedirik – onların bir qismi bizim iştirakımızla imzalanacaq və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək.

Xarici siyasətin gündəliyinə gəldikdə isə biz, iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və əminəm ki, bu, gələcəkdə də davam edəcək. Çünki bizim əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx qarşılıqlı fəaliyyətdədirlər.

Əlbəttə, nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Fikrimcə, Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var.

Əminəm ki, biz iqtisadi-ticari münasibətlərin inkişafına da təkan verəcəyik. Əmtəə dövriyyəsinin artırılması üçün hələ böyük ehtiyatlar var. Bu gün biz gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi apardıq, qarşılıqlı tədarüklərin artırılması baxımından onu konkretləşdirə bilərik. İnvestisiya sahəsində də böyük perspektivlər var. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi var. Düşünürəm ki, bizim bu istiqamətdə də səylərimizi birləşdirməyin, Azərbaycanda, Qazaxıstanda, ola bilsin, başqa ölkələrdə də birgə investisiya layihələrində iştirak etməyimizin vaxtı yetişib.

Qazaxıstanın Azərbaycana bugünkü hədiyyəsi – Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi ölkələrimiz arasında humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. İki gün bundan əvvəl Sumqayıtın mərkəzi küçələrinin birinə qazax xalqının görkəmli oğlu, maarifçi, türkoloq Əhməd Baytursunovun adı verilib. Bu da bizim əcdadlarımıza hörmətin əlamətlərindən biridir.

Bir daha Sizi səmimi qəlbdən salamlayıram. Bir daha təşəkkürümü bildirirəm ki, Siz bizə gəlməyə vaxt tapmısınız. Əminəm ki, əlaqələrimiz gələcəkdə də uğurla davam edəcək, iki qardaş ölkə arasında münasibətlər uğurla inkişaf edəcək. Bir daha xoş gəlmisiniz.

Prezident Kasım-Jomart Tokayevin çıxışı:

– Təşəkkür edirəm, hörmətli İlham Heydər oğlu. Əziz həmkarlar, ilk növbədə, gözəl, bənzərsiz Bakı şəhərinə, – biz Xəzərin mənzərələrinə tamaşa etdik, – səfərə dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim.

Məhdud tərkibdə görüşdən tamamilə məmnunam. Biz bu görüşdə əməkdaşlığın müxtəlif sahələrində dövlətlərimizin qarşılıqlı fəaliyyətinin demək olar bütün məsələlərinə dair ətraflı fikir mübadiləsi apardıq. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik. Sevindirici haldır ki, bu gün ölkələrimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik qarşılıqlı münasibətlərinin dərinləşməsi haqqında Bəyannamə imzalanacaq.

Mən Bakıya xüsusi missiya ilə gəlmişəm – əməkdaşlığımızı yeni səviyyəyə çatdırmaq missiyası. Sevindirici haldır ki, son illərdə ticarətin həcmi praktiki olaraq 3 dəfə artıb. Lakin qeyd etmək istərdim ki, bu, arxayınlaşmağa əsas vermir, çünki fikrimcə, ticarəti artırmaq üçün hər halda imkanlar var. Ölkələrimizin hökumətləri məhz bu istiqamətdə işləməlidirlər ki, mənim fikrimcə, artıq lap yaxın vaxtlarda biz ölkələrimiz arasında ticarətin həcmini bir milyard dollara çatdıra bilək.

Siz düzgün qeyd etdiniz ki, Qazaxıstan və Azərbaycan əsas beynəlxalq məkanlarda, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Türk Dövlətləri Təşkilatında bir-biri ilə səmərəli qarşılıqlı fəaliyyət göstərir. Bu baxımdan ölkələrimiz arasında hər hansı problem yoxdur. Bu da sevindirici haldır ki, dövlətlərimizin parlamentləri bir-biri ilə sıx əməkdaşlıq edir. Müasir şəraitdə bu, çox vacibdir.

Bu məsələdə də Sizinlə razıyam ki, humanitar əməkdaşlıq vacibdir. Burada çox böyük imkanlar var. Fikrimcə, gələn il ölkələrimizin hökumətləri arasında razılaşma əsasında, əvvəllər deyildiyi kimi, Qazaxıstanda Azərbaycan mədəniyyəti ongünlüyü keçirə bilərik. Sizin mədəniyyətə böyük maraq qalmaqdadır. Güman edirəm ki, bizim insanlar Azərbaycan mədəniyyəti üçün darıxıblar və biz Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrini öz ölkəmizdə böyük məmnuniyyətlə qəbul edə bilərik.

Bir faktı xüsusi qeyd etmək istərdim ki, Sizin güclü, nüfuzlu rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişafda çox böyük nəticələr qazanır. Mən statistikanı diqqətlə nəzərdən keçirdim, bu, güclü təsir bağışlayır. İqtisadiyyat inamla artır. Mən belə başa düşdüm ki, cari ilin birinci rübündə ümumi daxili məhsul təqribən 7,5 faiz artaraq 23,5 milyard dollara çatıb. Yəni, Azərbaycanın iqtisadi inkişaf perspektivləri çox yaxşıdır. Əlbəttə, burada Azərbaycan xalqının ümummilli lideri kimi Sizin tarixi xidmətiniz var.

İndicə dediyim kimi, Qazaxıstanda Sizə çox böyük hörmət bəsləyirlər, insanlar Sizi tanıyır, dəstəkləyir, səmimi hörmət bəsləyirlər. Bununla əlaqədar bütün xalqımız adından Sizə bu gün orden təqdim etməyi zəruri saymışam. Məhz Sizin güclü, nüfuzlu rəhbərliyinizlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi kimi tarixi əhəmiyyətli vəzifə yerinə yetirilib. Bildiyiniz kimi, Qazaxıstan Azərbaycana münasibətdə dövlətlərin ərazi bütövlüyü prinsipini həmişə dəstəkləyib. Hesab edirəm ki, bu ədalətli prinsip müasir beynəlxalq hüquqa tamamilə müvafiqdir. Ona görə burada da eyni mövqe, eyni yanaşmalar, ortaq baxışlar var. Hesab edirəm ki, bu, gələcəkdə bizim əməkdaşlığımızın inkişafı üçün yaxşı əsas olacaq.

Bu əməkdaşlığın yekunlarına və ya nəticələrinə gəldikdə, mən əsla şübhə etmirəm ki, onlar müsbət olacaq. 1990-cı illərdə dövlətlərimiz arasında problemlər var idi. Mən o dövrü xatırlayıram və əlbəttə, Sizin də yadınızdadır, bugünkü mövqedən həmin problemlər çox cüzi, çox kiçik idi, amma onlar var idi. Yadımdadır, biz 8 milyon dollar məbləğində borc problemini müzakirə edirdik. Belə bir problem var idi. Bu gün biz heç də təsadüfən demirik ki, əməkdaşlığımız strateji xarakter daşıyır. Ona görə ki, bunlar, sadəcə, gurultulu sözlər deyil, əməkdaşlıq özü onun həcmi baxımından məhz belə xarakter daşıyır.

Əlbəttə, Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafı baxımından Qazaxıstan üçün xüsusi maraq doğurur. Şübhəsiz, burada üstünlük Azərbaycana məxsusdur. Əlbəttə, düşünürəm ki, Qazaxıstanın bir dövlət kimi, – faktiki olaraq biz Xəzər sahillərində yanaşı yerləşən qonşu ölkələrik, – burada çox yaxşı perspektivləri var. Mən hökuməti, müvafiq idarələri nəqliyyat-logistika əlaqələrinin inkişafı baxımından Sizin nümayəndələrlə sıx qarşılıqlı fəaliyyətə və birgə işə istiqamətləndirirəm. Bir daha təşəkkür edirəm.

Azərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb

Avqustun 24-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.

“Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev imzaladılar.

“Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev imzaladılar.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram”ı Azərbaycanın mədəniyyət naziri Anar Kərimov və Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi imzaladılar.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Planı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın Baş nazirinin müavini vəzifəsini icra edən, ticarət və inteqrasiya naziri Serik Jumanqarin imzaladılar.

Bundan əlavə, səfər çərçivəsində “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında tranzit yükdaşımaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu”, “ADA Universiteti ilə Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Memorandum”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və “QazaqGas” milli şirkət” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti” Səhmdar Cəmiyyəti ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair Memorandum”, “Azərbaycan Respublikasının Şuşa şəhəri və Qazaxıstan Respublikasının Türküstan şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”, “Azərbaycan Respublikasının Mingəçevir şəhəri və Qazaxıstan Respublikasının Uralsk şəhəri arasında əməkdaşlıq haqqında Memorandum”, “Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Memorandum”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə Qazaxıstan Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “Ticarət Siyasətinin İnkişafı Mərkəzi “QazTrade” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”, “Ticarət Siyasətinin İnkişafı Mərkəzi “QazTrade” Səhmdar Cəmiyyəti, “Vəliyev Nahid Abbas oğlu “Tayqa Trade” və “Maslo-Del” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Anlaşma və Əməkdaşlıq Memorandumu”, “Ticarət Siyasətinin İnkişafı Mərkəzi “QazTrade” Səhmdar Cəmiyyəti, “Cool Infinity” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Foodcity Alliance” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Anlaşma və Əməkdaşlıq Memorandumu”, “KTZ Express Hong Kong Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti və “ADY Container” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında tərəfdaşlıq haqqında Saziş” imzalandı.

Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Avqustun 24-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

– Hörmətli Kasım-Jomart Kemeleviç, hörmətli qonaqlar, xanımlar və cənablar. Kasım-Jomart Kemeleviç, Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Siz Azərbaycana rəsmi səfər edirsiniz. Bu, xalqlarımız arasında dostluğun və qardaşlığın təzahürüdür. Bu gün səfər çərçivəsində ikitərəfli gündəliyin aktual məsələlərinə, regional təhlükəsizliklə bağlı məsələlərə, beynəlxalq problemlərə dair geniş danışılar aparıldı, çoxlu sənədlər imzalandı. Onlardan bəziləri bizim iştirakımızla, 20-dən çox sənəd isə bu gün müvafiq strukturlar arasında imzalandı.

Bu, münasibətlərimizin daha geniş hüquqi bazasını yaradır. Əlbəttə, həmin sənədlər içərisində Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında indicə imzalanmış Bəyannaməni xüsusi qeyd etmək istərdim. Bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək.

Biz beynəlxalq arenada əməkdaşlığımızın inkişafı yollarını müəyyən etdik. Biz aparıcı beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq və əlbəttə, çoxtərəfli əməkdaşlıq üçün yeni ilkin şərtlər yaranır. İyun ayında Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşü oldu. Bu, çoxtərəfli əməkdaşlığın yeni formatıdır və bu əməkdaşlığın böyük perspektivləri var. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Fikrimcə, bu da təbiidir, çünki xalqlarımızın tarixi də, ənənələri də, mədəniyyəti də bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir.

Bu gün biz nəqliyyat-logistika sahələri haqqında ətraflı danışdıq və hökumətin üzvlərinə əlaqələri intensivləşdirmək barədə müvafiq tapşırıqlar verdik. Çünki ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıraq.

Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq. Mən işğaldan azad edilmiş ərazilərdə gördüyümüz işlər barədə Kasım-Jomart Kemeleviçi məlumatlandırmışam.

Fürsətdən istifadə edib Qazaxıstan Prezidentinə işğaldan azad edilmiş Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsünə görə bir daha təşəkkürümü bildirmək istərdim. Bu gün həmin mərkəzin təqdimatı keçirildi və biz Qazaxıstanda keçmiş məcburi köçkünlərin qayıtması probleminə nə dərəcədə səmimi münasibət bəsləndiyini, bu problemin Qazaxıstan üçün də nə dərəcədə aktual olduğunu bir daha gördük. Bu təşəbbüsə görə çox təşəkkür edirik. Bu, dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür. Əminəm ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq.

Məni Qazaxıstanın ali ordeni – “Qızıl qartal” kimi tərcümə edilən “Altın kıran” ordeni ilə təltif etdiyinə görə Qazaxıstan Prezidentinə bir daha təşəkkürümü bildirmək istərdim. Mən bunu bütün Azərbaycan xalqına ehtiram əlaməti, ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyim və göstərəcəyim səylərə münasibətin ifadəsi kimi qiymətləndirirəm.

Bu gün Qazaxıstan Prezidenti ilə görüşümüz zamanı mən onu Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin indiki vəziyyəti barədə ətraflı məlumatlandırdım və Azərbaycanın Cənubi Qafqaz regionunda uzunmüddətli və möhkəm sülh yaratmaq niyyətini təsdiq etdim. Mən, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün həm işğal dövründə, həm də İkinci Qarabağ müharibəsindən sonra Qazaxıstan tərəfindən beynəlxalq qurumlar çərçivəsində daim dəstəklənməsinə görə təşəkkürümü bildirdim. Biz Azərbaycanda bunu yaxşı bilirik və çox yüksək qiymətləndiririk.

Bu gün biz söhbətlər və müzakirələr çərçivəsində əmtəə dövriyyəsinin necə artırılması məsələsinə də toxunduq. Fikrimcə, əsas diqqətin nəqliyyat-logistika sahəsi çərçivəsində məhz qarşılıqlı fəaliyyətimizin prioritet istiqamətləri üzərində cəmləşdirilməsi öz növbəsində daha artıq ixrac-idxal əməliyyatları həyata keçirməyə imkan verəcək. Mənim fikrimcə, burada böyük potensial var. Düşünürəm ki, Qazaxıstan Prezidenti bizim hədəflədiyimiz rəqəmi səsləndirdi – 1 milyard dollar dəyərində əmtəə dövriyyəsi. Məncə, hər iki tərəfin qarşılıqlı fəaliyyəti dərinləşdirmək niyyətini nəzərə almaqla, bu, tamamilə realdır.

Əlbəttə, informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə bağlı başqa məsələləri, humanitar əməkdaşlıq məsələlərini də müzakirə etdik. Başqa sözlə desək, bu gün müzakirə sahəsi kifayət qədər genişdir və hər bir istiqamət üzrə ölkələrimizin baxışlarının tamamilə üst-üstə düşdüyünü görürük. Bu, bir daha göstərir ki, Qazaxıstan və Azərbaycan təkcə sözdə deyil, əməli işdə də strateji tərəfdaşlar və müttəfiqlərdir.

Mən Qazaxıstan Prezidentinə ölkəmizə səfər etdiyinə, onun tərəfindən, qardaş qazax xalqı tərəfindən gördüyümüz münasibətə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Kasım-Jomart Kemeleviçə onun bütün təşəbbüslərində öz adımdan və bütün Azərbaycan xalqı adından uğurlar arzulamaq istəyirəm. Mən hələ söhbət zamanı onun həyata keçirdiyi islahatlara, iqtisadi inkişafa yönəlmiş islahatlara, Qazaxıstanın müstəqilliyinin, suverenliyinin güclənməsinə yönəlmiş addımlara öz münasibətimi bildirmişəm.

Biz Azərbaycanda bu islahatları tamamilə dəstəkləyirik və ən başlıcası, onlar Qazaxıstan xalqı tərəfindən dəstəklənir. Xalq görür ki, Prezidentin sözləri ilə işləri bir-birinə zidd deyil, onlar Kasım-Jomart Kemeleviçin Qazaxıstanı daha da inkişaf etdirmək üzrə fəaliyyətinin nəticələrini görürlər. Biz Sizin dostlarınız, qardaşlarınız kimi buna çox şadıq və bütün qardaş Qazaxıstan xalqına bundan sonra da uğurlar, firavanlıq və sülh arzu etmək istəyirik. Diqqətinizə görə təşəkkür edirəm.

Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyanatla çıxış etdi.

Prezident Kasım-Jomart Tokayevin bəyanatı

– Hörmətli İlham Heydər oğlu. Hörmətli xanımlar və cənablar.

Mən, ilk növbədə, gözəl Bakı şəhərinə rəsmi səfərə dəvətə görə səmimi minnətdarlığımı bildirmək istərdim. Bu gün biz çox geniş məsələlərə dair səmərəli danışıqlar apardıq. Azərbaycan Prezidentinin düzgün olaraq qeyd etdiyi kimi, hansısa problem, maneə görmədik, əksinə, istər iqtisadi, istərsə də humanitar sahələrdə konkret nəticələrə nail olmaq məqsədilə səyləri artırmaq barədə qarşılıqlı istək ifadə olundu. Xüsusi qeyd etmək istərdim ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq ərazi bütövlüyünü Zəfərlə bərpa edən Azərbaycan öz inkişafının yeni dövrünə qədəm qoyub və bu işdə, əlbəttə ki, Azərbaycanın milli lideri, bizim qardaş ölkənin Prezidenti İlham Heydər oğlu Əliyevin çox böyük şəxsi xidmətləri var. Fürsətdən istifadə edib bir daha qeyd etmək istərdim ki, Azərbaycan bu gün Sizin güclü rəhbərliyinizlə öz inkişafında nəzərəçarpacaq nəticələrə nail olur, biz Sizin ölkənizdə bu tendensiyaları müşahidə edir və buna ürəkdən sevinirik.

Biz, həmçinin Qarabağın və Şərqi Zəngəzurun necə dinamik dirçəldildiyini görürük. Sizin şəxsi səyləriniz sayəsində yaxın gələcəkdə bu region çiçəklənən diyara çevriləcək, buna heç bir şübhə yoxdur. Qazaxıstan öz tərəfindən bu nəcib işə əlindən gələn töhfəni verməyə hazırdır. Bu gün bizim hədiyyəmizin təqdimatı keçirildi, qazax xalqı adından burada, – Füzuli şəhərini nəzərdə tuturam, – gələn ilin sonunadək Kurmanqazı adına incəsənət məktəbi tikiləcək. Bu obyektin inşası Qazaxıstanın aparıcı “BI” tikinti şirkətinə həvalə edilib. Bu gün o, zəmanət verdi ki, məktəb elan edilmiş müddətdə hazır olacaq və əlbəttə, keyfiyyət təmin ediləcək. Buna heç bir şübhə yoxdur, çünki şirkət kifayət qədər məsuliyyətlidir.

Bu da əlamətdardır ki, mənim səfərim yubiley tarixinə – ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsinə təsadüf edir, üç gündən sonra biz bu tarixi qeyd edəcəyik. Demək lazımdır ki, mən ümumiyyətlə xidməti vəzifələrimlə əlaqədar ölkələrimiz arasında əməkdaşlığın inkişafı prosesində lap əvvəldən iştirak edirəm, biz kifayət qədər böyük yol keçmişik. Sıfırdan başlamışıq və bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik barədə tam əsasla danışırıq. Bu əməkdaşlığın genişləndirilməsi, şaxələndirilməsi barədə Bəyannamə imzalanıb. Bu, irəliyə doğru real addımdır.

Bizim aramızda etimada əsaslanan siyasi dialoq qurulub, dövlətlərimiz beynəlxalq məkanlarda, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Türk Dövlətləri Təşkilatında əməkdaşlıq edirlər.

Hörmətli İlham Heydər oğlu, əlbəttə ki, mən fürsətdən istifadə edərək, Sizə Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin çağırılması barədə Qazaxıstanın təşəbbüsünü dəyişməz olaraq dəstəklədiyinizə görə təşəkkürümü bildirmək istərdim. Bu il oktyabrın ortalarında bizim paytaxtımızda Zirvə görüşü təşkil olunacaq və biz, əlbəttə ki, bu, çox mühüm forumda Sizin şəxsən iştirakınızı səbirsizliklə gözləyirik. Sizin bu forumda iştirakınız istənilən nəticə əldə etmək baxımından çox müsbət təsirə malik olacaq.

Həmçinin onu da qeyd etmək istərdim ki, ötən ilin yekunlarına görə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi üç dəfə artıb, yəni müsbət dinamika qorunub saxlanılır. Lakin mütləq rəqəmlərdə bu nəticə kifayət qədər ürəkaçan görünmür. Buna görə də bu gün razılaşma əldə edilib ki, tərəflər qarşılıqlı ticarətin məhz mütləq rəqəmlərinin artması üçün hər cür səy göstərəcəklər. Yəqin ki, yaxın illərdə biz milyard dollar həddinə nail olmaq barədə danışa biləcəyik.

Sevindirici haldır ki, gündəlikdə duran mədəni-humanitar məsələlər birgə səylərlə zənginləşir, bu da, əlbəttə, xalqlarımızın daha da yaxınlaşmasına kömək edir. Bu gün mən ölkəmizdə Azərbaycan mədəniyyəti ongünlüyünün keçirilməsi barədə təşəbbüs irəli sürdüm. Bu tədbirin populyarlığına heç bir şübhəm yoxdur, çünki xalqımız Azərbaycan mədəniyyəti üçün, sizin görkəmli incəsənət xadimləri üçün darıxıb. Mən ümidvaram ki, bu tədbir baş tutacaq və uğur qazanacaq. Bundan başqa, biz ölkələrimiz arasında mədəniyyət xadimlərindən ibarət nümayəndə heyətlərinin mübadiləsini həyata keçirmək barədə razılığa gəldik. Biz minnətdarıq ki, Sumqayıt şəhərində küçələrdən biri qazax xalqının görkəmli nümayəndəsi Əhməd Baytursınovun adını daşıyır. Əlamətdar haldır ki, Əhməd Baytursınov 1926-cı ildə məhz burada, Bakı şəhərində keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayının nümayəndəsi olub. Mənim fikrimcə, bu fakt bir daha göstərir ki, ölkələrimiz və xalqlarımız arasında əlaqələr həmişə çox sıx olub.

Bildiyiniz kimi, bizim paytaxtımız Nur-Sultan şəhərinin, – o vaxt Astana adlanırdı, – küçələrindən birinə görkəmli dövlət xadimi, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin adı verilmişdir. Lakin şəhər inkişaf edir, paytaxt inkişaf edir və indi bugünkü mövqedən yanaşanda bu küçə o qədər də möhtəşəm deyil, amma Heydər Əliyevin adını daşıyır. Buna görə mən qərara aldım və paytaxtın akiminə müvafiq tapşırıq verdim ki, o, bizim paytaxtın böyük küçələrindən və ya prospektlərindən birinə Heydər Əliyevin – bizim çox böyük hörmət bəslədiyimiz, ölkəmizdə səmimi ehtiram bəslənilən insanın adının verilməsini təklif etsin.

Bu gün biz dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin və əməkdaşlığın nəqliyyat-logistika sahəsinin inkişafı barədə çox ətraflı söhbət etdik. Demək olar ki, müfəssəl danışıq, hökumətlərimizə müvafiq tapşırıqlar verdik. Əsla şübhə yoxdur ki, bu istiqamətdə konkret nəticələr əldə ediləcək. Hər halda Qazaxıstan tərəfindən əməkdaşlığın bu növünün inkişafına mütləq mənada maraq var.

Kənd təsərrüfatı sahəsini xüsusi qeyd etmək istərdim. Burada biz bir-birimizi qarşılıqlı tamamlayırıq. Bilirsiniz ki, Qazaxıstanın taxıl, buğda, kənd təsərrüfatı məhsullarının digər növlərini tədarük etmək imkanı var. Eyni zamanda, bizdə Azərbaycandan kənd təsərrüfatı məhsullarını, yəni, meyvə-tərəvəz məhsullarını idxal etməyə ehtiyac var. Ümumiyyətlə, bir sıra qazaxıstanlı istehsalçılar Azərbaycana 100 adda, 300 milyon dollardan artıq məbləğdə mal tədarükünü artırmağa hazırdırlar. Buna görə biz həmin əmtəə dövriyyəsinin logistikasını təmin etməliyik və bu, ölkələrimizin hökumətlərinin vəzifəsidir. Bu gün bu barədə razılığa gəldik.

Başqa məsələlərə gəldikdə, qeyd etmək istərdim ki, səfərimin yekunlarını çox uğurlu qiymətləndirirəm. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə, eləcə də onun hökumətinə əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində çox məhsuldar işə görə minnətdarlığımı bildirmək istərdim.

Qazaxıstana gəldikdə isə bizim tərəfimizdən hər hansı maneə olmayacaq, biz çox səmərəli işləyəcəyik. Biz tamamilə haqlı olaraq ölkələrimiz arasında qarşılıqlı münasibətlərin strateji xarakter daşımasından danışırıq. “Strateji” sözü çox öhdəliklər qoyur, bu söz konkret məna, konkret məzmun daşımalıdır və biz bunun üzərində işləməliyik. Mən əməkdaşlığımızın gələcəyi barədə çox nikbinəm. Qonaqpərvərliyə və yüksək işgüzar şərait yaradılmasına görə Sizə bir daha təşəkkür edirəm.

Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın