Sentyabrın 2-də Bakı Kristal Zalda 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zimbabve şahmatçısına qarşı ilk gedişi edib.

Azərbaycan Dövlət İnformasiya Agentliyi AZƏRTAC-dan verilən xəbərə görə, dövlət başçısı öncə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov ilə görüşdü.

Bakının ev sahibliyi etdiyi 42-ci Şahmat Olimpiadası indiyədək Azərbaycanda keçirilən ən böyük yarışdır. Bakı Olimpiadasında 175 ölkəni təmsil edən 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü, bundan başqa, yüzlərlə komanda kapitanları və məşqçilər, digər rəsmi nümayəndələr qoşulub. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Yarışları 193 hakim idarə edir. Yarışın idarə olunmasına Azərbaycandan 30 hakim çağırılıb.

Prezident İlham Əliyev Azərbaycanın kişilərdən ibarət birinci komandasının lideri Şəhriyar Məmmədyarov ilə Zimbabve şahmatçısı Rodvel Makoto arasındakı partiyada ilk gedişi (1. d2-d4) etdi.

Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət “Azərbaycan-1” komandası Zimbabve, “Azərbaycan-2” Mozambik, “Azərbaycan-3” isə Papua-Yeni Qvineya milliləri ilə qarşılaşacaq. Qadınların mübarizəsində isə “Azərbaycan-1” komandası Nikaraqua, “Azərbaycan-2” Yaponiya, “Azərbaycan-3” isə Lesoto yığması ilə üzləşib.

Sonra dövlətimizin başçısı yarışların keçirildiyi zala baxdı, şahmatçıların oyunlarını izlədi.

Prezident İlham Əliyev qadın şahmatçıların yarışında Rusiya idmançısı Aleksandra Kostenyuk ilə şotlandiyalı Araksamita Grant arasındakı partiyada da ilk gedişi (1. e2-e4) etdi.

Azərbaycan Prezidenti əlil şahmatçıların yarışına da baxdı.

Prezident İlham Əliyev daha sonra arenada yaradılan şəraitlə tanış oldu.

Dünyanın önəmli idman yarışlarından biri olan Şahmat Olimpiadasını ölkəmizdə yüksək səviyyədə keçirmək üçün bütün addımlar atılıb. Baku Crystal Hall (Bakı Kristal Zal) bu gözəl yarış üçün tam hazır duruma gətirilib. İdmançıların və nümayəndə heyətlərinin burada özlərini tam rahat duymaları üçün önəmli işlər görülüb. Təşkilat işlərinə 500-dək könüllü qoşulub.

Dövlət başçısı Olimpiadanın sərgi salonuna baxdı. Bildirildi ki, Olimpiada çərçivəsində şahmat sərgisi qurulub. Olimpiadanın tamaşaçılarına “Baku Crystal Hall”da keçirilən sərgiyəqoşulmaq üçün imkan verilir. Bu sərgidə şahmatla bağlı nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlardan plakatlar göstərilir.

Prezident İlham Əliyev şərhçilər otağına baş çəkdi.

Şərhçi Yevgeni Miroşniçenko: Bu möhtəşəm tədbirə görə çox sağ olun deyirəm.

Prezident İlham Əliyev: Mən çox şadam ki, hər kəs razı qalıb. Dünən möhtəşəm açılış mərasimi oldu. Bu gün yarış başlayır. Bütün dünya Bakıdadır. Olimpiadada rekord sayda ölkə iştirak edir. Şadam ki, bütün təşkilati məsələlər həll olunub. Ümidvaram ki, bu iki həftə ərzində bizim bütün yeni qonaqlarımız ölkəmizi görməyə də imkan tapacaqlar və turist kimi yenidən Azərbaycana qayıdacaqlar. Sizə uğurlar arzulayıram.

Burada yaradılan virtual oyun zonası da böyük maraqla qarşılanır. Şəhərimizin sakinləri və qonaqlar zonada virtual olaraq istənilən şahmatçı ilə oynaya bilər.

Ümumdünya Şahmat Olimpiadası dünyanın diqqət mərkəzində olan tədbirdir. Yarışları işıqlandırmaq üçün 250-dən çox yerli və xarici media nümayəndəsinin qeydiyyatdan keçməsi bunu bir daha sübut edir.

On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Olimpiada ilə yanaşı, sentyabrın 4-dən 13-dək Bakıda FIDE-nin 87-ci Konqresi və Baş Assambleyasının iclasları keçiriləcək.

Onu da deyək ki, növbəti – 43-cü Ümumdünya Şahmat Olimpiadası Gürcüstanın Batumi şəhərində baş tutacaq.

Prezident İlham Əliyev 43-cü Ümumdünya Şahmat Olimpiadasının stendinə də baxdı.

Sonra dövlətimizin başçısı yarışı işıqlandıran mətbuat nümayəndələrinə müsahibə verdi.

Sual: Cənab Prezident, bu tədbirin Azərbaycanın tanıdılmasında əhəmiyyəti barədə nə deyə bilərsiniz?

Prezident İlham Əliyev: Əlbəttə, çox əhəmiyyətlidir, bizim üçün böyük şərəfdir. Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi, əlbəttə ki, bizi çox sevindirir. Şadam ki, bütün təşkilati məsələlər yüksək səviyyədə öz həllini tapıbdır. Dünən möhtəşəm açılış mərasimində bərabər iştirak edirdik, bu gün burada artıq yarışlar başlayıb.

Əlbəttə, Azərbaycan bir daha özünü dünyaya müasir, inkişaf edən ölkə kimi təqdim edir. Əminəm ki, bütün qonaqlar öz vətənlərinə ən xoş təəssüratlarla qayıdacaqlar və Azərbaycan haqqında dünya şahmat ictimaiyyətinin daha da dolğun təəssüratı olacaqdır. Ona görə, bunun çox böyük əhəmiyyəti var. Azərbaycanda artıq mötəbər beynəlxalq yarışlar ənənəvi olaraq keçirilir. Avropa Oyunları, Şahmat Olimpiadası, “Formula-1” yarışı, gələn il İslam Həmrəyliyi Oyunları. Yəni, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir. Sağ olun.


Bakıda Şahmat Olimpiadasının birinci turuna start verilib

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın