Şuşaya “Xarıbülbül” festivalına gedəcəyimi ilk dəfə eşidəndə çox sevinsəm də, səhhətimdəki narahatlıq bu sevinci tam yaşamağa qoymadı. Nə yalan deyim, kaş ki, səfər ertələnə deyə də düşünmüşdüm. Çünki Şuşanı tam sağlam, səhhətimlə bağlı qayğı çəkmədən görmək, gözəlliklərini duymaq istəyirdim…

Bir yandan da havanın may ayına uyğun olmayan soyuqluğu. Çünki Şuşada olanlar mütləq əynimizi mümkün qədər qalın, ayağımıza da çəkmə geyinməyi məsləhət görmüşdülər. Şükürlər olsun ki, səfər öncəsi narahatlıqlarım yox oldu.

Sübh tezdən saat 04:00-da bir qrup jurnalist üç avtobusla yola çıxırıq. Avtobusumuzun oturacaqları darısqal olduğundan hər kəs bir tərəfə vurnuxur, rahatlanmağa çalışırdı. Elə bu var-gəldə ətraf işıqlanır, günəş doğur. Havanın yaza xas olacağına görə sevinirik. Ancaq avtobuslardan birinin təkərində nasazlıq olduğunu eşidib yerə düşürük. Təxmin edirdim ki, Beyləqanla İmişli arasındayıq. Yoldan keçən sürücülərin köməyilə nasazlığı aradan qaldırmağa çalışırıq. Amma alınmır. Nəticədə üç avtobusun sərnişinləri iki avtobusa yerləşdirilir. Beləcə biz yolumuza davam edirik…

Zəfər yolundan Şuşanın görüntüsü

Artıq Füzulidən Zəfər yoluna qədəm qoyuruq. Ötən il Füzuliyə səfərim zamanı hər tərəf bomboz idi. Amma indi sanki yerlərə yeni ruh, can gəlmişdi. Hər tərəf yamyaşıl örpəyə bürünüb. Gözüm sıldırım qaya üstündəki şəhəri, Şuşanı gəzir və görürəm. İlahi əzəmətə bax… Deməli, eşitməklə olmurmuş, canlı görmək mütləqmiş. Sıldırım qayaların üstündə cənnət. Günəş qızmağa başlasa da, mayın 12-də yağan yağış torpağın canında idi. Cıdır düzünə, festivalın səhnəsi tərəfə addımlayırıq. Günəş, təbiət aşiqi olduğumdan mənzərədən doya bilmirəm. Elə festivalın səhnəsinin fonunu, Cıdır düzündən açılan mənzərəni, Şuşanı olduğu kimi çatdırmağa kəlimələr sözün həqiqi mənasında acizdir.

Şuşa qalası

Günəşin isti şəfəqləri altında Qoçaq Əsgərov və Arslan Növrəslinin musiqilərini dinləyib feyziyab oluruq. Səs-səda qayalarda, dağlarda əks-səda verib ətrafa yayılır. Açıq havada konsertə baxmaq istisnasız meditasiyadı. Böyük səhnədəki konsert proqramı bitir və əlavə bir neçə saatda şəhəri gəzmək qərarına gəlirik. Piyada gəzə-gəzə gəlib çıxırıq Molla Pənah Vaqifin məqbərəsinə. Müəllimlər, şagirdlər, turistlər – hamı şəkil çəkdirir. Biz də xatirə fotosu çəkdirib yolumuza davam edirik.

Hələ Şuşanın girişindən ətrafdakı topa-topa lalələr, yasəmən ağacları diqqətimi çəkmişdi. Yolun yaxınlığındakı ağacdan dərməyə çalışsam da, alınmadı. Ağac dərənin düz kənarında idi. Heyfislənib yola düzəlirik. Ətrafdakı hər küçənin, evin divarına “minalardan təmizlənib!” yazılıb. Həmin yazıların addımbaşı hər yerdə olmasından şəhərin tamamilə minalardan təmizləndiyini təxmin edirəm.

Qala divarlarına qədər məsafəni avtobusla davam edirik. Çatanda kiçik səhnədə konsert proqramı başlamaq üzrəydi. Biz də Qala divarlarına baxmağa, həmişə fotolarda gördüyümüz istehkamı gözlərimizlə görməyə gedirik. Arkanın altından keçib açıq sahəyə giririk. 30 il həsrət qarışıq nisgillə fotolarına baxdığımız “Шуша”nı “Şuşa” kimi görmək qürurvericidir. Qalanın ətrafında gəzib, həmin anları xatirəmizə hopdurub konsert yerinə gedirik.

V Xarıbülbül Beynəlxalq Folklor Festivalı

Özbəkistan və Pakistan folklor qrupları öz milli rəqs və mahnılarını ifa edir, hər kəs də alqışlayırdı. Biz də qoşulub zövq alırıq. Mən isə daha çox yamyaşıl ağacların necə ahəng təşkil etməsini, ucalığını izləyirəm. Birdən həmkarım Nihat Pir “kaş ki, gələcəkdə ağaclara toxunmayalar” deyir. Mən də “yox, kəsməzlər, Şuşa elə bu ağaclara, daşlara görə Şuşadır” düşünüb Nihata, sadəcə, “kəsməzlər” cavabını verirəm. Elə də əminəm ki… İnanın, mənzərəni görən insanın əli gəlməz ki, orda bir budağa zərər toxundursun. Hər şey o qədər mükəmməldir ki, nəyəsə toxunulsa, tamlıq pozula bilər. Amma pozulmayacaq. Çünki artıq bağın sahibi ona baxacaq, daha da gözəlləşməsinə çalışacaq.

V Xarıbülbül Beynəlxalq Folklor Festivalı

Konsertin bitməsinə az qalıb, geri qayıtmaq barədə düşünürük. Avtobusdan düşdüyümüz yerə toplaşırıq, amma nəqliyyat vasitəsi yoxdur. Təsəvvür edin, gün içərisində neçə dəfə avtobusdan düşüb 10 dəqiqə aralansaq, ya geri dönsək, sürücü yoxa çıxırdı. Bu vəziyyətə həm əsəbləşirdik, həm də gülürdük. Bu dəfə onu gözləmir, yaxınlıqdakı marketə getmək qərarına gəlirik. Məndən əlavə üç həmkarımla marketə təzəcə yol almışdıq ki, tanımadığımız bir avtobus saxlayır. Sürücü bizdən hara getdiyimizi, yolunun üstüdürsə, bizi də orada düşürə biləcəyini deyir və sevincək nəqliyyat vasitəsinə minirik. Heç beş dəqiqə çəkmir ki, məkana çatır və marketə giririk. Marketdə növbə Bakıdan fərqlənmir, bir anlıq çaşdım da. Yoldaşlarımla dondurma alıb yolun kənarında avtobusumuzu gözləyirik. Amma hələ də bayaq toplaşdığımız yerə gəlmədiyindən piyada qayıdırıq.

V Xarıbülbül Beynəlxalq Folklor Festivalı
V Xarıbülbül Beynəlxalq Folklor Festivalı

Divarlardakı güllə izləri buradakı küçə döyüşlərini göz önünə gətirir, əsgərlərimizin qəhrəmanlıqları qürurlandırır. Bir az söhbətləşib müharibə vaxtını yadımıza salırıq. Birdən içərisində köhnə piano olan bina gözümüzə sataşır. Binanın pəncərəsindən içəri boylananda torpaq qoxusundan bihuş oluram. Həmin qoxu yayda susuzluqdan çatlayan torpağa yağış yağanda ətrafa yayılan qoxu ilə birəbir eyni idi. Yəqin əvvəlki gün yağan güclü yağış divarları, betonu islatmışdı deyə belə bir qoxu gəlirdi. Dəfələrimlə ciyərlərimə çəkirəm. Birdən Xalidə Gəray pianonun arxa simlərinə toxunur və bir neçə notun ahəngi eşidilir. Elə bu vaxt avtobusumuzun gəldiyini görüb həmkarlarımı səsləyirəm və binadan aralanırıq.

Cıdırdüzü

Artıq Günəş qürub edirdi. Şuşanın axşamına da şahidlik edib Bakıya yola düşürük. Sanki illərdir bura gəlib getmişəm. Bu düşüncəm bəlkə də hələ bura çox gəlib gedəcəyimə görə yaranmışdı. Yaxşı ki, Şuşa var, yaxşı ki, doğma Şuşa bizimdir…

Avtobusumuz Şuşanın aylı səması altında əzəmətli dolambaclarla yoluna davam edir…

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın