“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Ermənistanın hansısa vilayətindəki bitum sexinə ehtiyacı və ümumiyyətlə bu ölkədə marağı yoxdur”

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O, bununla bağlı SOCAR-ın Ermənistanın Ararat rayonunun Surenavan kəndindəki Ermənistan-Rusiya birgə müəssisəsi – bitum zavodunu almaq istəməsi barədə erməni mətbuatının yazdıqlarına münasibət bildirərkən danışıb.

“Bu cür absurd iddialar SOCAR-ın miqyası ilə uzlaşmır. SOCAR – Azərbaycanın qlobal brendidir, Türkiyədə ən böyük xarici investor, Azərbaycan və Gürcüstanda ən böyük vergi ödəyicisi, Avropada əməliyyatları olan bir şirkət, Cənub Qaz Dəhlizi kimi nəhəng beynəlxalq layihələrin aparıcı gücüdür”, – deyə İ.Əhmədov qeyd edib.

Yada salaq ki, bu gün Ermənistanın “Qraparak” qəzeti öz mənbələrinə istinadən yazıb ki, SOCAR Ermənistanda bitum zavodunu almaq istəyir. Qəzet iddia edib ki, bu məsələ ilə bağlı Azərbaycanın ən böyük vergi ödəyicilərindən biri olan şirkət Gürcüstanın vasitəçiliyi ilə danışıqlar aparır.

Araratdakı zavod 2006-cı ildən işə düşüb. Ermənistandakı “məxməri inqilab”dan il yarım sonra isə fəaliyyətini dayandırıb. Yeni hökumət yol tikintisi zamanı əsasən İrandan xammal alıb və bitum zavodunun məhsullarına ehtiyac olmayıb. İndi zavodda cəmi bir neçə işçi qalıb və müəssisənin telefon nömrələrinə cavab verilmir. Buna görə də nəşr bu məsələ ilə bağlı rəsmi açıqlama ala bilməyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın