Dahilərin fikrincə, ən ustalıqla deyilən yalanın belə bir gün üstü açılır. Amma nə qədər qəribə olsa da, hamımız müəyyən formalarda və zamanlarda yalan danışmaq məcburiyyətində qalırıq. Bəzən bu yalanlarla özümüzü də aldada bilirik. Xoşumuza gələn yalanları ovuc dolusu uduruq, lakin acı həqiqətləri qurtum-qurtum içirik. Unuduruq ki, yalan söyləmək, yalanı söylədiyin adamın üstünlüyünü qəbul etmək deməkdir.

Yalanlar çox zaman zərurətdən deyil, biganəlikdən doğur. Qarşımızdakı insan bizim üçün əhəmiyyətli olmayanda, onu kiçik bir yalanla idarə edirik. Ən dəhşətli yalanlar isə gecələr uydurulur. Əksər insanlar fikir və düşüncələrini reallaşdırmaq üçün yalan danışmağa üstünlük verirlər. Bir sözlə, yalan işlərimizin həyata keçməsi, şəxsi həyatımızın yolunda getməsi, uşaqlarımızın reallıqdan xəbər tutmaması üçün çoxumuza dəstək olur. Amma unuduruq ki, yalan danışmaq reallıqdan qaçmaqdır.

Dahilərdən biri hesab edir ki, ən böyük yalanı insan özü-özünə danışır. Heç bir zaman baş verməyəcək hadisələrin olacağına yalandan ümid bəsləmək, səni sevməyən birinin şirin sözlərini həqiqət kimi qəbul etmək, sevmədiyin insanlarla sevirmiş kimi davranmaq… Axı, niyə insanlar reallıqdan qaçır, həqiqəti olduğu kimi qəbul etmək bu qədərmi çətindir?

Mütəxəssislərin fikrincə, yalançının ən böyük cəzası insanların ona inanmaması yox, onun insanlara inanmamasıdır. Çünki yalan danışan insan elə bilir ki, hamı ona yalan danışır, hər kəs onu aldadır.

Psixoloq Gülarə Mahmudovanın sözlərinə görə, həqiqəti və çox əhəmiyyətli bir şeyi söyləmək lazım olduğu zaman insanların susması, səssiz qalması da yalanın bir formasıdır: “Bəzən bu səssizliyi ətrafdakı insanlar ehtiyatlı bir davranış kimi qəbul edirlər. Amma ehtiyatlı olmağın da bir sərhəddi var”.

İkiüzlülük də yalanın bir formasıdır. İkiüzlülük insanı heç bir şey bilmirmiş kimi davranmağa və öncədən bildiyini öyrənirmiş kimi davranmağa məcbur edir. Bu isə həqiqətdən qaçmaqdır. İkiüzlülük saxta, çaşmış üzlərdə və heç bir məna daşımayan sözlərlə özünü göstərir. Həmsöhbətimizə görə, yalanın bir növü isə “mərhəmətli yalan”dır. Hansı ki, insanlar bundan daha çox istifadə edirlər.


Serj Sarkisyan Vladimir Poznerin suallarına cavab verir

Psixoloqa görə, insanlar müxtəlif təbiətli olduqlarından, onlar yalan danışarkən də müxtəlif olurlar. “Bəzən onun yalan danışdığını da hiss etmək olmur. İnsanı yalan danışmağa qorxu vadar edir. Bu, əsl xəstəlikdir. Bu xəstəliyin əlamətləri və təsirləri isə yalanlardır. Ehtiyatlı, səssiz olan adamların qorxusu riskə atılma qorxusudur. Belələrinin öz düşüncə şəklini ortaya qoyması və şərhi, özü və digərlərinin qarşısında söz verməsi mənasını verər və bunu etmək üçün isə çox cəsarət lazımdır. Riskə girmə qorxusu insanları səssiz və ehtiyatlı davranmağa vadar edir, susdurur. Həqiqət qarşısında susan insanlar da yalançı hesab edilir. Qayda çox sadədir: əgər hamı bir mövzuda yalan danışırsa, o yalan həqiqətə çevrilir”, – deyən G.Mahmudova bildirir ki, insanı yalan danışmağa vadar edən qorxuya eqoizm, qorxaqlıq, insanın özünə etibarsızlığı, gerçəklə saxta olanın fərq edilmədiyi idarəsiz xəyallar və hətta bir pislik olaraq zərər vermə istəyi əlavə oluna bilər. Əgər yalan danışmağın səbəbi bunlar olarsa, yalanın təhlükəli və qorxunc təsirləri güclü olur.

Mütəxəssislər hesab edir ki, kişilər qadınlardan daha çox yalan danışır. Lakin onların yalanlarının çox hissəsi zərərsiz yalanlar olur. Bu yalanlar adətən insanları incitməmək üçün deyilir. Çünki bəzən gözəl gedən əlaqələrdə həqiqəti demək münasibətlərə pis təsir edə bilər. Digər tərəfdən isə kişilər həyatı asanlaşdırmaq üçün sevgililərinə və həyat yoldaşlarına çox önəmli olan həqiqətləri deməkdənsə yalan deməyə üstünlük verirlər.

Yalan danışmaq pis bir vərdiş, daha doğrusu, xəstəlik olsa da, bəzən bu yalanlar münasibətlərin ömrünü uzadır, bəzən isə insanları xoşbəxt edə bilir. G.Mahmudovanın sözlərinə görə, kişilər çox zaman hisslərini yalana çevirəndə bənzər sözlərdən istifadə edirlər: “Əgər bir kişi danışarkən “təəssüf edirəm” deyirsə, demək, o, bunu etdiyi xəta üçün deyil, sizi sakitləşdirmək üçün deyir. Nə üçün deyə soruşduqda o, “etdiyim hər şey üçün” deyirsə, deməli, bu həqiqətən yalandır. Həmin insan heç bir təəssüf hissi keçirmir. Təəssüf edib, peşman olan insan əsas səbəbi bilər. Kişi “telefonum hər an bağlana bilər” deyirsə, bilin ki, onların öncədən telefonu bağlamaq niyyətləri var”.

Psixoloqa görə, elə insan yoxdur ki, həyatı boyu yalan danışmasın. Çünki yalan bəzən insan düşünmədən belə deyilə bilir. Yəni yalanlar hər zaman düşünülmüş olmur. Bəzən insanlar özlərinə haqq qazandırmaq, bəzən olduqları vəziyyətdən çıxmaq, bəzən qarşılarındakı insanı incitməmək, bəzən kimisə incitmək üçün yalan danışırlar.

Amma “yalan ayaq tutar, yeriməz”. Ən təhlükəli yalanın üstü də bir gün açılır. Bu səbəbdən də heç nə düşünmədən hər şeyin düzünü danışmaq daha yaxşıdır…

Qaynaq: Day.az

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın