Məhkəmə Ukraynadakı müharibəyə qarşı çıxış edən Moskvanın Krasnoselski rayonunun bələdiyyə üzvü Aleksey Qorinovu 7 il müddətinə azadlıqdan məhrum edib.

YALAN.info bildirir ki, Aleksey Qorinov martın 15-də Krasnoselski Bələdiyyə Şurasının toplantısında Ukraynada uşaqların öldüyü bir vaxtda uşaq rəsmləri yarışmasının keçirilməsini rüsvayçılıq adlandırıb.

O, ölkəsini təcavüzkarlıqda ittiham edib və vətəndaş cəmiyyətinin bütün səylərini yalnız müharibənin dayandırılmasına yönəltməyə çağırıb. Bələdiyyə üzvü aprelin 27-də Rusiya Silahlı Qüvvələri barədə qəsdən yalan məlumatları açıq şəkildə yaymaqda günahlandırılaraq tutulub.

İyulun 8-də Meşçanski Rayon Məhkəməsi Qorinovu 4 il dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə, 7 il müddətinə azadlıqdan məhrum edib.

Bələdiyyə şurasının üzvü günahını boynuna almayıb və məhkəmədəki son çıxışı zamanı hərbi müdaxiləni yenidən pisləyib. “Bu müharibə hələ də sizə lazımdırmı?”, – Qorinov əlində tutduğu plakatda yazıb.

Xəbər verdiyimiz kimi, daha öncə Moskvada qanunun qəbulundan sonra ictimai xadim və jurnalist Vladimir Kara-Murza Rusiya ordusu haqqında saxta xəbərlər yaymaqda günahlandırılaraq tutulub. Bundan başqa, tanınmış jurnalist Aleksandr Nevzorova qarşı cinayət işi açılıb.

Yada salaq ki, Kremlin Ukraynaya qoşun yeritməsindən bir həftə sonra Rusiya parlamentinin qəbul etdiyi qanuna görə, bu cinayətə görə maksimum 15 il həbs cəzası ola bilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın