Prezident İlham Əliyev sayəsində torpaqlarımız azad edilib və bu gün Ağdama, Şuşaya reyslər təşkil olunur, sabah isə biz orada öz evlərimizdə qonaq qəbul edəcəyik.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Trend-ə Azərbaycanın Xalq artisti, görkəmli tar ifaçısı, “Şöhrət” və “Şərəf” ordeni mükafatçısı, professor Ramiz Quliyev deyib.

“Azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi altında fəal şəkildə bərpa prosesinin aparılması, infrastruktur və şəhərsalma layihələrinin icra olunması, məktəb, xəstəxana və başqa obyektlərin təməlinin qoyulması, Ağdam və Füzuli şəhərlərinin baş planlarının hazır olması sevindiricidir. Dövlət başçısı tapşırıb ki, doğma yurdlarına qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin olunsunlar.

Bütün bunlar milyonlarla azərbaycanlı üçün, xüsusilə də mənim üçün əzizdir, çünki mən Ağdamda doğulmuşam, musiqi sənətində ilk addımlarımı məhz orada atmışam. Bu il mənim 75 yaşım tamam olacaq və mən o zamanlarda müxtəlif tədbirlərin, festival və sərgilərin keçirildiyi Ağdama gəlmiş musiqiçi, ədib, rəssam, alimlərlə görüşlərimi xatirəmdə yaşadıram. Əminəm ki, bu ənənələr nəinki bərpa olunacaq, həm də daha geniş miqyas alacaq”, – deyə o bildirib.

Xalq artistinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ildə Şuşanı ölkənin mədəniyyət paytaxtı, 2022-ci ili isə “Şuşa ili” elan etməsi hər bir azərbaycanlını sevindirən əlamətdar hadisələr olub.

R.Quliyev qeyd edib ki, vaxtilə Cıdır düzündə “Xarı Bülbül” festivalında iştirak edib, müxtəlif musiqi əsərlərini ifa edib. Bu irimiqyaslı festival bir çox ölkələrdən musiqiçilərin diqqətini cəlb edirdi və indi bu ənənələr dirçəlir.

“Vurğulamaq istərdim ki, Azərbaycan xalqının zəngin mədəni irsinin qorunması və təbliği daim Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyət və incəsənətinin, milli-mənəvi dəyərlərinin qorunması və bütün dünyada təbliği ilə bağlı mühüm işlər görür. Bizi daha sevincli və işıqlı günlər gözləyir!

Bu il, “Şuşa ili”ndə və şəhərin əsasının qoyulmasının 270-ci ildönümündə parlaq hadisələr gözlənilir. Biz yenidən bütün dünyaya Azərbaycan mədəniyyətinin, Qarabağ diyarının bütün gözəlliyi və zənginliyini nümayiş etdirəcəyik. Sevindiricidir ki, milli mədəniyyətin beşiyi olan Şuşada uzun illərdən sonra yenidən “Xarı Bülbül” festivalı və “Vaqif” poeziya günləri keçirilib.

2021-ci ilin mayında mən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşrif buyurduğu möhtəşəm “Xarı Bülbül” festivalında iştirak etmişəm. Festival çox yüksək səviyyədə keçdi, Cıdırdüzündə klassik əsərlər və xalq kompozisiyaları səsləndi. Bu, unudulmaz hisslər və təəssüratlar idi. Bir çoxları bunu arzulayırdı və nəhayət bu, reallığa çevrildi.

Elə həmin ay Prezident İlham Əliyevin Ağdam rayonunun ictimaiyyəti ilə şəhərin bərpasının başlanmasına həsr olunmuş görüşü keçdi. Mən də bu görüşdə dram teatrının bərpası, muğam məktəbinin tikintisi və yeni Ağdamda bu qədim musiqi sənətinin dirçəlməsi barədə fikirlərimi səsləndirdim.

Oğlum, əməkdar artist, dirijor Eyyub Quliyev bölgədə klassik incəsənətin inkişafı və Ağdamda beynəlxalq layihələrin icrası barədə fikrini bildirib. Biz Ağdamda və Qarabağın başqa azad edilmiş şəhərlərində böyük məmnuniyyətlə konsertlər verəcəyik”, – R.Quliyev deyib.

O vurğulayıb ki, doğma Ağdamın baş planından heyranlıq duyur: “Bildiyimiz kimi, Ağdam təkcə Azərbaycanın deyil, həm də bütün Qafqazın ən zəngin şəhərlərindən biri idi. Ancaq təxminən otuz illik erməni işğalı dövründə şəhər xarabalığa çevrilib, evlər, xəstəxanalar, məktəblər, kitabxanalar, mədəniyyət mərkəzləri, dram teatrı dağıdılıb və bütün ərazi minalanıb. Bu görüntüləri müşahidə etmək çox çətindir. Amma bu gün biz xoşbəxtik, çünki Ağdam həyata qayıdır.

Bundan başqa, əgər işğala qədər şəhərdə 30 minə yaxın sakin yaşayırdısa, bərpadan sonra bura müasir infrastrukturlu, yaşıl parkları olan, müxtəlif sosial, mədəni, iqtisadi əhəmiyyətli obyektlərin yer alacağı, yüz minlik əhali ilə dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək! Əlbəttə ki, Ağdamda tarix-mədəni hissə də – çörək muzeyi, dram teatrı, Pənahəli xanın unikal saray kompleksi, Cümə məscidi bərpa olunacaq. Muğam mərkəzi və başqa mədəniyyət ocaqları tikiləcək, çünki Ağdam həmişə öz xanəndələri, incəsənət ustaları ilə məşhur olub”.

“Doğma Ağdamın azad edilməsindən sonra mən üç dəfə orada olmuşam və hər dəfə sürətlə baş verən dəyişikliklərdən heyrətə gəlmişəm. Biz doğma torpağa qayıdırıq. Əminəm ki, ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin Ağdamı regionun ən firavan və çiçəklənən mərkəzinə çevirdiyi kimi, Prezident İlham Əliyev də Ağdamı bütün Qafqazın ən inkişaf etmiş, firavan bölgəsinə çevirəcək”, – R.Quliyev deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın