Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşmək üçün Soçi şəhərinə səfər edib.

YALAN.info bildirir ki, Ərdoğanın təyyarəsi dünən yerli vaxtla saat 13:00-da Atatürk Hava Limanından havaya qalxıb.

Səfərdə Türkiyə Prezidentini Xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar, Enerji və təbii sərvətlər naziri Fatih Dönmez, Xəzinə və maliyyə naziri Nurəddin Nebati, Ticarət naziri Mehmet Muş, Kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi, Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın və MİT sədri Hakan Fidan izləyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasındakı təkbətək görüş dörd saatdan bir qədər çox davam edib. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qaz tədarükünü müzakirə edib və qismən rublla ödəniş barədə razılığa gəliblər. “Danışıqlar zamanı prezidentlər anlaşdılar ki, biz qazın tədarükünə başlayacağıq və ödənişi qismən rublla qəbul edəcəyik”, – deyə RF Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib.

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdən sonra birgə bəyanat qəbul edilib.

Danışıqların yekunlarına dair bəyanatda mövcud regional və qlobal çağırışlara baxmayaraq, liderlərin Rusiya-Türkiyə münasibətlərini hörmət, qarşılıqlı maraqların tanınması və beynəlxalq öhdəliklərə uyğun olaraq daha da inkişaf etdirmək üçün ümumi iradələrini bir daha təsdiq etdikləri bildirilib.

Həmçinin qeyd edlib ki, ikitərəfli ticarətin ölçüsünü balanslaşdırılmış əsasda artırmaq və qarşıya qoyulan məqsədlərə nail olmaq, iqtisadiyyat və enerji sahələrində əks tərəfin gözləntilərini qarşılamaq, nəqliyyat, ticarət, kənd təsərrüfatı, sənaye, maliyyə, turizm və tikinti kimi sektorlarda uzun müddətdir ki, hər iki ölkənin gündəmində olan məsələlər üzrə əməkdaşlığı artırmaq üçün konkret addımların atılması barədə razılıq əldə olunub.

Liderlər regional və beynəlxalq sabitliyə nail olmaq üçün Rusiya ilə Türkiyə arasında səmimi və etibarlı münasibətlərin önəmini vurğulayıblar. Bu kontekstdə dövlət başçıları Ukrayna limanlarından taxılın təhlükəsiz ixracına dair təşəbbüsün reallaşdırılmasında iki ölkə arasındakı konstruktiv əlaqələrin mühüm rolunu etiraf ediblər.

Bəyanata görə, danışıqlarda qaldırılan məsələlər arasında Suriyadakı son hadisələr də olub. Tərəflər siyasi prosesin irəliləməsinə böyük önəm verdiklərini təsdiqləyiblər. Görüş zamanı Liviyanın suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə sadiqlik də bəyan edilib.

Dövlət başçıları Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti toplantısının Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın