Futbol üzrə Azərbaycan Kubokunun 2021/2022 mövsümünün finalında Qurban Qurbanovlu “Qarabağ” FK ilə Rəşad Sadıxovun “Zirə”si qarşılaşıb. 

YALAN.info bildirir ki, Qəbələ şəhər stadionundakı final oyununda son çempion “Qarabağ” bürünc mükafatçı “Zirə”ni məğlub edib.

Qarşılaşmaya Ağdam təmsilçisi daha fəal başlayıb. 10-cu dəqiqədə Marko Veşoviçin zərbəsini “qartallar”ın qapıçısı Anar Nəzirov dəf edib. “Zirə” görüşün 17-ci dəqiqəsində hesabı açıb. “Qarabağ”ın kapitanı Maksim Medvedevin səhvindən yararlanaraq topu ələ keçirən Coşqun Diniyevin ötürməsindən sonra Hamidu Keyta fərqlənib.

Qolun ardından “köhlən atlar” təşəbbüsü daha da ələ alıb. 29-cu dəqiqədə Qara Qarayevin uzaq məsafədən endirdiyi zərbədən sonra top müdafiəçilərə dəyərək qapının yanından keçib. 40-cı dəqiqədə Təmkin Xəlilzadə fərqi daha da artırmağa yaxın olub. Ancaq bu dəfə qapıçı Şahruddin Məhəmmədəliyev gözəl qurtarışla bunun qarşısını alıb. 

İlk yarı paytaxt klubunun minimal hesablı üstünlüyü ilə bitib. Bölgə təmsilçisi ikinci yarıya da daha aktiv başlayıb. 47-ci dəqiqədə Kadi Borgesin zərbəsindən sonra Anar Nəzirov növbəti dəfə komandasını real qoldan xilas edib. 60-cı dəqiqədə Qara Qarayev uzaq məsafədən fərqlənməyə çalışsa da, top qapının üstündən keçib.

Ölçə çempionu 69-cu dəqiqədədə istəyinə çatıb. Abdullah Zubirin uzaq məsafədən güclü zərbəsi qarşısıalınmaz olub. 10 dəqiqə sonra Zubirin yaxın məsafədən endirdiyi təhlükəli zərbədən sonra Nəzirov topu qapı xəttindən çıxarıb. 84-cü dəqiqədə Leandro Andrade “Qarabağ”ı önə keçirməyə yaxın olub. Onun zərbəsindən sonra top qapı dirəyinə dəyərək meydandan çıxıb. 

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə sona çatıb. Artırılmış 30 dəqiqədə qapılara qol vurulmadığı üçün penaltilər seriyasına ehtiyac duyulub. Penaltilər seriyasında rəqibinə 4:3 hesabı ilə qalib gələn “Qarabağ” Futbol Klubu Azərbaycan Kubokunun qalibi olub. 

Bununla da “Qarabağ” FK Peşəkar Futbol Liqasının 2021/2022 mövsümündə qızıl dubl etmiş olub. Beləliklə, “köhlən atlar” 7-ci dəfə bu titula sahib çıxıb və ölkə tarixində yeni rekord müəyyənləşdirib. Komandanın baş məşqçi Qurban Qurbanov bu mükafatı ən çox qazanan baş məşqçi adına da yiyələnib – 5. 

Azərbaycan kuboku Final “Qarabağ” 1-1 “Zirə” (penaltilər seriyası – 4-3)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın