Fransanın paytaxtı Parisdəki “Stad de Frans” stadionunda UEFA Çempionlar Liqasının final oyunu keçirilib.

YALAN.info bildirir ki, İngiltərə “Liverpul”una minimal hesabla qalib gələn İspaniyanın “Real Madrid” klubu UEFA Çempionlar Liqasının qalibi olub.

Yerli referi Kleman Türpenin idarə etdiyi qarşılaşma “kral klubu”nun 1:0 qələbəsi ilə sona çatıb. Yeganə qolu 59-cu dəqiqədə Vinisius Junior vurub.

Bildirək ki, qarşılaşma təhlükəsizlik amilləri üzündən 36 dəqiqə gec başlayıb. Oyundan öncə stadiona biletsiz girməyə çalışan ingilis fanatlara qarşı polis gözyaşardıcı qazdan istifadə edib.

Onu da bildirək ki, komandalar qitənin ən nüfuzlu klub turnirində bu oyunadək 8 dəfə üz-üzə gəlmişdilər. Bunların 4-də “Real Madrid”, 3-də isə “Liverpul” qələbə qazanmış, bir görüş isə heç-heçə başa çatmışdı. Qolların nisbətində də Madrid təmsilçisinin üstünlüyü var idi – 10:8.

Beləliklə, turnirin ən titullu klubu olan “Real Madrid” 4 ildən sonra və tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub. Baş məşqçi Karlo Ançelotti isə 8 ildən sonra çalışdırdığı komandaya Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatını qazandırıb. Ançelotti 2002/2003 və 2006/2007 mövsümlərində İtaliya “Milan”ı ilə də bu titulu əldə etmişdi.

Bununla da Karlo Ançelottinin çalışdırdığı “Real Madrid” İspaniya La Liqası və İspaniya Super Kubokunun ardınca, UEFA Çempionlar Liqasınını da qazanaraq təsirli bir mövsümü bağlayır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın