Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd və Xocalı rayonlarına səfər ediblər.

YALAN.info bildirir ki, dövlət başçısı və birinci xanım Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Şıx Dursun kəndində “Çinar müqəddəs yer” abidə kompleksində və Xocalı rayonunun Şuşakənd kəndində olublar.

Yada salaq ki, Qırmızı Bazar qəsəbə inzibati ərazisi dairəsinə daxil olan Şıx Dursun kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Kənddə 2500 ilə qədər yaşı olduğu təxmin edilən çinar nəinki Azərbaycanın, dünyanın ən yaşlı ağaclarından biri sayılır. Ağacın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. Ağacın yaxınlığında onu su ilə təmin edən Tenqri bulağı yerləşir.

“Çinar müqəddəs yer” abidə kompleksi, Şıx Dursun kəndi, Xocavənd

İlham Əliyev Xocalı rayonunun Dağdağan kəndində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Xocalı rayonunun Dağdağan kəndində olub. Dövlət başçısı kəndin ərazisinə baxış keçirib.

Qarabağ dağ silsiləsinin ətəyində yerləşən Dağdağan kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənib.

Prezident İlham Əliyev və birinci xanım Xocavənd və Xocalıya səfər ediblər – APA TV

İlham Əliyev Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı geniş məlumat verdi.

Bildirildi ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın tikintisinə isə sentyabrın 1-də başlanılıb. Kompleksin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır. Dövlətimizin başçısı yaşayış kompleksində hazır mənzillərə baxdı. Məlumat verildi ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq.

Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcəyi diqqətə çatdırıldı.

İlham Əliyev Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanış olub

Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanış olub. Dövlət başçısına görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, şəhərin mərkəzi küçəsinin layihəsi ümumilikdə 10 bina olmaqla dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Tikilməkdə olan binalarda artıq dəmir-beton konstruksiya işləri yekunlaşmaq üzrədir. Binalarda fasad və dam örtüyü işlərinə tezliklə başlanılacaq. Həmçinin layihə çərçivəsində Sadıqcanın evinin bərpa işlərində də başlanılıb.

Özəl vurğulamaq gərəkdir ki, Azərbaycan Prezidenti bu küçəyə rəmzi olaraq “Qarabağ” adını verib. Gövhər Ağa məscidi, “Qarabağ” oteli, xüsusi nümayəndəliyin binası Şuşanın mərkəzini əhatə edən bu küçədə yerləşir. Küçənin yenidən qurulması zamanı Şuşanın tarixi-milli memarlıq üslubunun qorunması xüsusilə diqqət mərkəzində saxlanılır. Tikinti işləri yüksək səviyyədə həyata keçirilir.

İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq Aşağı Gövhər Ağa məscidində aparılır. Aşağı Gövhər Ağa məscidi XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Tarixi mədəniyyət abidəsi olan Aşağı Gövhər Ağa məscidi işğal dövründə ermənilər tərəfindən vandalizmə məruz qalmışdır.

Ötən müddətdə yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə işləri aparıblar. Buna uyğun olaraq “PAŞA Holdinq”in dəstəyi ilə məsciddə bərpa-təmir işləri həyata keçirilir. Bərpa işləri Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislərin nəzarəti ilə aparılır. Ötən müddətdə məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilib. Məsciddə bərpa-təmir işləri davam edir.

Qeyd edək ki, Heydər Əliyev Fondu Şuşada bir sıra tarixi mədəniyyət abidələrimizin, o cümlədən məscidlərin bərpa və tikinti işlərini həyata keçirir. Artıq bərpası başa çatmış Yuxarı Gövhər Ağa, Saatlı məscidləri bu ilin may ayında istifadəyə verilib. Hazırda Heydər Əliyev Fondu tərəfindən Şuşada Mamayı və Çöl Qala məscidlərində bərpa işləri, o cümlədən Yeni Şuşa məscidinin tikintisi davam edir.

İlham Əliyev Şuşa rayonunun Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa rayonunun Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanış olub. Dövlət başçısına görülən işlər barədə məlumat verildi. Azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mədəni abidələrimiz bərpa olunur və yeniləri tikilir. Bunlardan biri də Daşaltı kənd məscididir.

Daşaltı məscidinin təməli 2021-ci il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. İndi məsciddə, köməkçi binalarda və istinad divarında dəmir-beton və daş hörgü işləri davam edir. Tikinti işlərinin 2024-cü ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın