İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.

YALAN.info bildirir ki, dövlət başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində tikilən iki tunelə baxış edib, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunda hərbi hissənin açılışını edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi. Müdafiə naziri yeni tikilən hərbi şəhərciyin baş planı ilə bağlı Ali Baş Komandana məlumat verdi.

Prezident, Ali Baş Komandan İlham Əliyev şəxsi heyəti salamladı və hərbçiləri 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirdi. Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışı

– Bu gün biz Silahlı Qüvvələr Gününü Kəlbəcərdə qeyd edirik, azad olunmuş Kəlbəcərdə. Eyni zamanda, bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsi açılır.

Altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Bu gün Silahlı Qüvvələrimizlə fəxr edə bilərik. Bu gün biz müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edirik. İşğal illəri dövründə hərbçilərlə çoxsaylı görüşlərdə – hərbi hissələrdə, səngərlərdə, Lələtəpə zirvəsində, hərbi paradlarda hər zaman deyirdim ki, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağıq. Hər zaman deyirdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyik. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi.

Biz Vətən müharibəsində xalqımızın böyüklüyünü göstərdik, yenilməz ruhumuzu göstərdik, güclü iradəni göstərdik və göstərdik ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Sadəcə olaraq, biz istəyirdik ki, bu məsələ sülh yolu ilə həll olunsun və uzun illər apardığımız danışıqların məqsədi məhz bu idi. Biz istəmirdik ki, qan tökülsün. Ümid edirdik ki, beynəlxalq aləm Ermənistana sanksiyalar tətbiq etməklə işğalçını məcbur edib bizim torpağımızdan çıxaracaq. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik və Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirib.

Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Ancaq biz bu şanlı Qələbəni əldə etmək üçün gecə-gündüz çalışmalı idik, güc toplamalı idik. Çünki bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ancaq işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir.

Ona görə biz güc toplamalı idik ki, özümüz bu vəzifəni icra edək və toplayırdıq. Siyasi güc topladıq, beynəlxalq aləmdə öz gücümüzü artırdıq. Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. İqtisadi güc topladıq və iqtisadi müstəqillik əldə etdik. Əgər iqtisadi müstəqillik olmasaydı, imkanlarımız olmasaydı, biz müharibəni hansı vasitələrlə aparacaqdıq? Ona görə iqtisadi müstəqillik və sürətli inkişaf bizim Qələbəmizi yaxınlaşdırırdı.

Vətənpərvərlik işinə çox böyük önəm verirdik. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görülmüşdür və buna nail olduq. Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Əziz şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq.

Ona görə vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və əlbəttə ki, Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi – bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində biz düşməni torpağımızdan qovduq, düşməni diz çökdürdük, onu məcbur etdik ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edilmişdir. Biz onsuz da Kəlbəcəri azad edəcəydik. Çünki artıq Ermənistan ordusunun beli qırılmışdı, ancaq itkilər çox olacaqdı. Ona görə 44 gün ərzində Ermənistan ordusunu elə vəziyyətə saldıq ki, onların başqa yolu qalmamışdı.

Bizim şanlı müharibəmiz indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq. Biz bu gün qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik.

Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmişdir. Ermənistan ordusunda panika, isterika vüsət almışdı. Özlərinin etirafına görə, 10 min fərari olmuşdu. Azərbaycan Ordusunda bir nəfər də döyüş meydanından qaçmadı. Budur Azərbaycan övladının ruhu, Vətənə olan bağlılığı. Qarabağın tacı olan Şuşanı – bu alınmaz qalanı alaraq biz Şuşada Azərbaycan bayrağını ucaltdıq. Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb və o vaxt işğal altında qalan ərazilərdən çıxmağa məcbur olub.

Biz indi bütün sərhəd boyunca yerləşmişik. Bütün sərhədlərdə hərbi hissələr yaradılmışdır. Müharibədən keçən ilyarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq. Altı ay bundan əvvəl Hadrutda birinci komando hərbi hissəsi açılmışdır. Bu gün Kəlbəcərdə ikinci komando hərbi hissəsi açılır. Növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək. Bu, bizim gücümüzü daha da artıracaq.

Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür – həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.

Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Onlar hesab edirdilər ki, orduları məğlubedilməzdir və öz orduları haqqında olmayan şayiələri yayırdılar. Biz göstərdik ki, onlar Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməzlər. Onlar bəyan edirdilər ki, Azərbaycan öz torpaqlarını heç vaxt silahlı yollarla ala bilməz. Çünki həm qurulmuş istehkamlar, həm 30 il ərzində mühəndislik işlərinin aparılması, həm də ki, bu bölgənin coğrafiyası onlar üçün çox əlverişli idi. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir.

Biz müharibə istəmirik, heç vaxt istəməmişik. Amma biz istəyirik ki, bizim maraqlarımız təmin olunsun. Biz istəyirik ki, müharibə nəticəsində yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin. Deyə bilərəm ki, dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir. Müharibədən cəmi bir il yarım keçibdir. Bu müharibəni unutmasınlar – nə onlar, nə də ki, sonrakı nəsillər. Bilsinlər ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri, zabiti dövlətimizi qorumaq üçün canını fəda etməyə hazırdır, necə ki, İkinci Qarabağ müharibəsində canlarını fəda etdilər.

Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə gedir. Kəlbəcər rayonunda, Laçın rayonunda və azad edilmiş digər rayonlarda bir çox hərbi hissələr yaradılır və xidmət şəraiti də yaxşıdır. Bütün şərait təmin edilir ki, hərbçilərimiz xidmət şəraitini nəzərə alaraq daha yaxşı xidmət etsinlər.

Bu gün Ordu Gününü Kəlbəcərdə qeyd etməklə biz hamımız qürur hissi keçiririk. Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşmüşdü. O vaxt hakimiyyətdə olan AXC-Müsavat xəyanətkar cütlüyü Kəlbəcəri nəinki müdafiə etmirdi, hətta Kəlbəcəri qurban verməyə hazır idi, bunu da etdi. Ondan əvvəl Laçın və Şuşa işğal altına düşdü və Kəlbəcərin işğal altına düşməsi ermənilərin planlarında idi. AXC-Müsavat hakimiyyəti talançılıqla, soyğunçuluqla məşğul olurdu, orduya, ordu təchizatına fikir vermirdi, bu bölgədə yaşayan insanlara fikir vermirdi, onlara biganə yanaşırdı və Kəlbəcər işğal altına düşdü.

Beləliklə, Ermənistan öz arzularına, çoxəsrlik arzularına çatdı ki, Qarabağla, – o zaman “Dağlıq Qarabağ” adlandırılırdı, – bu bölgə ilə Ermənistan arasında canlı bağlantı olsun. Kəlbəcər, Laçın dağları bu bağlantının qabağını almışdı. Kəlbəcərin itirilməsi strateji nöqteyi-nəzərdən böyük faciə idi. Eyni zamanda, burada yaşayan insanların bir çoxu ermənilər tərəfindən öldürülüb, buradan çıxa bilən insanların bir çoxu Murov dağlarında donub və həyatlarını itirib. İndi buraya gələn hər bir insan Murov dağını aşaraq görür ki, nə qədər çətin yoldur, daim dumanlı yoldur və bu gün səhər mən oradan keçmişəm – yağış, duman.

İnsanlar aprelin əvvəllərində o qarlı, şaxtalı havada oradan ayaqyalın keçməyə məcbur idilər. Onlara yolda da işgəncələr verildi, pusqular quruldu. Mənfur düşmən tərəfindən dinc əhali öldürüldü. Hərbi cinayətkarlar – Sarkisyan, Köçəryan bunu törətdilər: İkinci Qarabağ müharibəsi dövründə Xankəndiyə gəlmişdilər, guya orada müqavimət göstərəcəklər. Dovşan kimi, fərari kimi qaçdılar oradan. Ona görə Kəlbəcərin itirilməsi müharibənin ondan sonrakı gedişatına da əlbəttə ki, mənfi təsir göstərmişdi.

Biz Kəlbəcəri bir güllə atılmadan azad etdik, öz doğma diyarımızı qaytardıq və bu gün Kəlbəcərdə quruculuq işləri gedir. Mən ikinci dəfədir Kəlbəcərə gəlirəm və bu gün də bir çox tədbirlər var. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi – artıq buna start verilir. Əlbəttə ki, biz, ilk növbədə, hərbi təyinatlı yolları inşa etməliydik və bunu etdik. Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq – Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə – Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır.

Biz 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu Gününü qeyd edirik, qürurla qeyd edirik. Onu da deməliyəm, işğal dövründə müxtəlif variantlar müzakirə olunurdu, vasitəçilər tərəfindən bizə müxtəlif variantlar təklif edilirdi. Bütün bu variantlarda Kəlbəcərin Azərbaycana qaytarılması məsələsi ayrıca mövzu kimi gündəlikdə idi. Mən hər zaman deyirdim ki, biz bütün torpaqları geri almalıyıq. Beş rayonla biz kifayətlənə bilmərik. Kəlbəcər, Laçın, Şuşa, digər rayonlar da bizdə olmalıdır, bu, bizim tarixi torpağımızdır, dədə-babalarımızın diyarıdır və buna nail olduq. Kəlbəcərdə bu hərbi bayramı keçirmək əlavə zövq verir, bizim qəlbimizi daha da böyük qürurla doldurur.

Biz bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq. Qarabağ hər zaman Azərbaycan torpağı olub – işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Qarabağ Azərbaycandır!

Hərbçilər: Qarabağ Azərbaycandır!

Sonra Azərbaycan Respublikası Prezidentinin komando hərbi hissəsinə döyüş bayrağının verilməsi haqqında təqdimatı oxundu. Polkovnik-leytenant Fəxrəddin Cavadov döyüş bayrağını Ali Baş Komandandan qəbul edərək and içdi. Sonra komando hərbi hissəsinin şəxsi heyəti Müzəffər Ali Baş Komandan qarşısında “Komando andı”nı qəbul etdi.

Ali Baş Komandan “Komando andı”nı qəbul edən şəxsi heyəti təbrik etdi. Şəxsi heyət təntənəli marşın sədaları altında döyüş bayrağı ilə tribunanın önündən keçdi. Daha sonra Prezident İlham Əliyev hərbi şəhərcikdə əsgər yeməkxanası, tibb məntəqəsi, əsgər yataqxanası ilə tanış oldu, yeni inşa edilən qərargah binasında yaradılan şəraitlə maraqlandı.

Qərargah binasındakı akt zalında Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyev əməliyyat şəraiti barədə Ali Baş Komandana məlumat verdi. Sonra Prezident İlham Əliyev hərbi şəhərciyin ərazisində uzunömürlülük rəmzi kimi çinar ağacı əkdi, şəhidlərin xatirəsinə ucaldılan abidə-kompleksini və “Dəmir yumruq” abidəsini ziyarət etdi.

Ali Baş Komandan Silahlı Qüvvələr Günü və yeni hərbi hissənin açılışı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyini və şəxsi heyəti bir daha təbrik etdi, onlara uğurlar arzuladı.

İlham Əliyev Kəlbəcər rayonunda hərbi hissənin açılışında iştirak edib.26.06.2022

Dövlət başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub. Dövlət başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib.

Sonra Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlət başçısına indi rayonda 5 yerdə tikilən elektrik stansiyaları ilə bağlı məlumat verilib.

Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib. Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına sanatoriyada görüləcək işlərlə bağlı məlumat verdi.

Bildirildi ki, 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.

Diqqətə çatdırıldı ki, Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan “İstisu” bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.

Prezident İlham Əliyev “İstisu” sanatoriyasının təməlini qoydu. Sonra dövlət başçısı çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

– Kəlbəcər və Laçın rayonlarına mənim səfərim başa çatır. Keçən il olduğu kimi, bu il də burada – İstisu qəsəbəsində başa çatır. İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Bu gün mən bu su zavodunun təməlini qoydum. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. Eyni zamanda, arxada gördüyünüz İstisu sanatoriyasının dağıntılarıdır. Keçən il burada bu dağıntılarla tanış oldum və göstəriş verdim ki, bu yerdə – İstisu qəsəbəsində yeni mehmanxana inşa edilsin və müalicə mərkəzi yaradılsın. Çünki vaxtılə sovet dövründə minlərlə insan gəlib burada dincəlib, öz sağlamlığını bərpa edib, bu gözəl təbiətdən zövq alıb.

Bu dağıntılar erməni faşizminin təzahürüdür. Onlar binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi dağıdıblar. Bu sanatoriyanı da dağıdıblar. Amma bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki İstisu sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz – bu torpaqların sahibləri vaxtılə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik, o cümlədən Kəlbəcər rayonunda, Laçın rayonunda böyük quruculuq işləri gedir.

Ancaq mənim iyunun 26-da bu rayonlara səfərimin əsas səbəbi bu gün – Silahlı Qüvvələr Günündə hərbçilərlə bir yerdə olmağımdır. Mən bu gün hərbçilərlə – yeni yaradılmış komando qüvvələri ilə Ordu Gününü Kəlbəcərdə qeyd etdim. Hesab edirəm ki, bunun çox böyük rəmzi mənası var. Hərbi xidmət nöqteyi-nəzərdən bu bölgə – Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından bəlkə də ən çətin bölgədir. Ona görə bu gün mən burada olmalı idim, Müzəffər Ordumuzla bərabər olmalı idim, hər zaman olduğu kimi.

Eyni zamanda, bu fürsətdən istifadə edərək son bir il ərzində burada görülmüş işlərlə də tanış oldum. Görürdüm, baxırdım, mənim göstərişlərim necə yerinə yetirilir, ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı hansı əlavə addımlar atılmalıdır. Çünki bu rayonların bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Ona görə ki, biz hələ də Murov aşırımından keçib gəlməliyik. Qış aylarında gediş-gəliş çətindir. Hava limanı hələ hazır deyil ki, yükləri hava yolu ilə göndərək. Ona görə bu bölgələrin, bu iki rayonun inkişafı ilə bağlı işlər gedir. Ancaq, əlbəttə, bu təbii şərait imkan vermir ki, bu işlər daha geniş vüsət alsın. Amma buna baxmayaraq, bütün infrastruktur layihələri uğurla icra edilir. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Həmin 4 stansiya artıq işləyir və ümumi enerji gücümüzü artırır, bərpaolunan enerji növlərinin həcminin artırılmasına xidmət göstərir.

Yollar çəkilir. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Təsəvvür edin, 10-dan çox tunel. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Biz bu tuneli Murov dağının altından çəkirik ki, buraya gediş-gəliş rahat olsun. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Hazırda bütövlükdə 10-dan çox tunel tikilir və gələcəkdə bu tunellərin sayı daha da çox ola bilər. Çünki burada hər tərəf dağlardır, meşələrdir. Qarabağ bölgəsində isə indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir. Görün, həm Zəngəzurda, həm də Qarabağda ancaq yol təsərrüfatına aid olan nə qədər genişmiqyaslı işlər görülür. Çünki bunlar – elektrik enerjisi və yol əsasdır. Bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz.

Bu gün mənə, eyni zamanda, digər infrastruktur layihələrinin icrası ilə bağlı məlumat verildi. Hesab edirəm ki, qısa müddət ərzində, – müharibədən cəmi ilyarım keçib, – bu genişmiqyaslı işlərin görülməsi həm gücümüzü, niyyətimizi, iradəmizi göstərir, bir daha xalqımızın böyüklüyünü göstərir. Biz bunu təkbaşına edirik və edəcəyik.

Bu gün Kəlbəcər şəhərinin Baş planı mənə təqdim edildi. Bu Baş planı hazırlayan şirkət Zəngilan şəhərinin Baş planını da hazırlayıb. Mən o vaxt demişdim ki, Zəngilan şəhəri təbiətə sıx inteqrasiya olunmalıdır, park-şəhər olmalıdır, Kəlbəcər də həmçinin. Kəlbəcərin də özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması əlbəttə ki, bu təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Göstəriş vermişəm ki, Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa edilsin. Bu, ancaq Kəlbəcər şəhərinin Baş planıdır. Kəlbəcər rayonunun inkişafı ilə bağlı isə bizdə konsepsiya artıq hazırdır. Kəndlərin yenidən qurulması konsepsiyamız hazırdır və biz bunu icra edəcəyik.

Laçın rayonunda yeni hava limanı inşa edilir. Bu hava limanının tikintisinin ən çətin tərəfi Laçın rayonunda və Kəlbəcər rayonunda düz yerin olmamasıdır. Ona görə biz dağları yarırıq, dağları kəsirik ki, zolaq üçün uyğun şərait yaradılsın. Ona görə bu torpaq işləri hələ gələn il də davam edəcək. Ümid edirəm ki, 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və ondan sonra gediş-gəliş daha rahat olacaq. Əminəm ki, bu bölgə turizm zonası olacaq. Çünki burada olan təbii gözəllik heç bir yerdə yoxdur. Təbii gözəllik – çaylar, bulaqlar, meşələr – biz bütün bu sərvətdən məhrum idik, ermənilər bizim xalqımızı məhrum etmişdilər. Otuz il ərzində bizim təbii sərvətlərimizi istismar edir, ağaclarımızı kəsirdilər, – 60 min hektar ağac fondu, meşə fondu məhv edilib, – çaylarımızı zəhərləyir, binalarımızı sökür, qızıl yataqlarımızı qanunsuz istismar edirdilər. Hər şeyi qanunsuz edirdilər. Bu gün erməni vəhşiliyi haqqında dünyada kifayət qədər böyük məlumat var və biz bu məlumatı daha da genişləndirəcəyik.

Bu gün, eyni zamanda, Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə mənim göstərişimlə İşğal və Zəfər muzeyləri inşa edilməlidir. Artıq bir neçə şəhərdə layihələr təsdiqlənib. Bu gün Kəlbəcər şəhərində də bu layihə təsdiqləndi və təməl daşı atıldı.

Yəni, biz hərtərəfli iş görürük – həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu torpaqlar 30 il ermənilərin əlində idi. Nə qoyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər! Dəfələrlə demişəm, hər dəfə də bu dağıntıları görəndə bir daha deyəcəyəm: Elə bil ki, burada vəhşi qəbilə yaşayıb. Burada ondan da eybəcər işlər görülüb – ancaq dağıtmaq, sökmək, yandırmaq. Bu qədər nifrət, bu qədər qeyri-insani hərəkət, görəsən, haradan qaynaqlanır? Bunu gərək psixoloqlar, yaxud psixiatrlar bizə desinlər. Çünki normal adam bu əməllərə əl atmaz.

Biz isə qurub-yaradan xalqıq. Biz gəlmişik, tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qururuq. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Məsələn, mənə verilən məlumata görə, indi Şuşa şəhərində mindən çox insan yerləşib və inşaat işləri ilə məşğuldur, xidmət sahəsində işləyir. Artıq Ağdamda sənaye parkı yaradılır. Zəngilanda, Ağalı kəndində birinci “ağıllı kənd” layihəsi istismara verilmişdir. Yəni, bunu biz edirik, biz – bu torpaqların sahibləri. Ancaq hər kəs bilməlidir, bu, çox genişmiqyaslı işdir.

Bununla bərabər, Ermənistanla bütün sərhəd boyunca yeni mövqelər, yeni postlar quraşdırılır. Heç vaxt olmayan, Ermənistan sərhədinə gedən bir çox yollar salınır ki, biz mövqelərə daha rahat gələ bilək.

Bütün bu işlərin həcmi bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bir daha demək istəyirəm, biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!

İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib. 26.06.2022

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın