Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ölkə parlamentinin toplantısında çıxışı zamanı tezliklə Azərbaycanla sülh sazişinin bağlanmalı olduğunu vurğulayıb.
YALAN.info bildirir ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq ictimaiyyətin ona verdiyi mesajdan danışıb.
“Beynəlxalq ictimaiyyət açıq şəkildə dünyada Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmağın təhlükəsindən danışır”, – deyə N.Paşinyan bildirib. Onun sözlərinə görə, beynəlxalq tərəfdaşları İrəvanın bu cür mövqeyinin Ermənistan üçün böyük təhlükə olduğunu qeyd edirlər.
Nikol Paşinyan həmçinin Ermənistan üçün sülh gündəliyinə alternativ olmadığını vurğulayıb. Erməni lider Qarabağdakı ermənilərin təhlükəsizlik, hüquq və azadlıqlarının təmin edilməsinin prinsipial məsələ olduğu deyib: “Ermənistanın heç vaxt Azərbaycana qarşı ərazi iddiaları olmayıb. Qarabağ məsələsi isə ərazi deyil, hüquq məsələsidir”.
“Əgər əvvəllər biz təməli Qarabağın statusu üzərində qururduqsa və buradan təhlükəsizliyin və hüquqların təminatı məsələlərini ortaya çıxırdısa, indi təhlükəsizlik və hüquqların təminatları təməli təşkil edir”, – deyə N.Paşinyan qeyd edib.
O bildirib ki, aprelin 30-dək Bakı ilə İrəvan arasında sərhədlərin delimitasiyası üzrə Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməlidir. Paşinyan həmçinin vurğulayıb ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Çərşənbə günü parlamentdə çıxışı zamanı Baş naziri Nikol Paşinyan rus sülhməramlılarının Ermənistan parlamentinin bir qrup müxalifət deputatının Laçın dəhlizindən Qarabağa keçməsinə icazə verməməsindən çaşqınlığını ifadə edib.
“Dünən Rusiya sülhməramlı kontingentinin Ermənistan Milli Assambleyasının bir qrup deputatının Artsaxa (Qarabağ – Red.) keçməsinə icazə verməməsi təəccüblüdür. Bu niyə müəmmalıdır? Çünki bu təcrübə müddəa ilə ziddiyyət təşkil edir. Noyabrın 9-da üçtərəfli bəyanatda deyilir ki, Laçın dəhlizi Dağlıq Qarabağ və Ermənistan arasında əlaqəni təmin etmək üçün nəzərdə tutulub”, – Paşinyan deyib.
Ermənistan Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, Laçın dəhlizində nəzarət funksiyası daha çox deputatların gediş-gəlişini qadağan etmək, ya da əngəlləmək funksiyası üçün təmin edilməyib, çünki dəhliz məhz Ermənistanla Qarabağ arasında əlaqəni təmin etmək üçün mövcuddur.
Yada salaq ki, çərşənbə axşamı parlamentin müxalifətdən olan “Ermənistan” və “Mənim şərəfim var” fraksiyaları qanunverici orqanın toplantısını boykot elan edərək Qarabağa getmək istəyib. Artıq axşam saatlarında elan edildi ki, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsindəki rus sülhməramlıları onlara Azərbaycanın bu bölgəsinə girişi qadağan ediblər.