Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Yeni il müraciətində xalqdan üzr istəyib.

YALAN.info bildirir ki, öncə Ermənistanda iqtisadi yüksəlişdən, maaşların artmasından, sosial rifahdan danışan Baş nazir daha sonra keçilən və qarşıda duran sınaqlardan bəhs edib.

“Biz bu yolun böyük hissəsini keçmişik, ancaq qarşıda duran yeni sınaqlardan, çətinliklərdən sığortalanmamışıq və müstəqil dövlətə sahib olmaq, o dövləti nəsillərimizə miras qoymaq əzmimizdə tərəddüd etməməliyik.

Mən həmçinin son illərdə yaşadığınız ağrılara görə hər birinizdən, Ermənistan Respublikasının bütün vətəndaşlarından, Qarabağdan “qaçqın düşmüş” bütün qardaş və bacılarımızdan üzr istəmək istəyirəm.

Sizdən hər hansı bir cinayət törətdiyim və ya bir anlıq olsa da, sizin qarşınızda hansısa məsuliyyəti, yoxsa öhdəliyi unutduğum üçün deyil, sizin duyğularınızı bildiyim və mən də eyni duyğuları yaşadığım üçün üzr istəyirəm. Ancaq bu duyğular heç bir halda mənim dövlət başçısı kimi vəzifəmi sarsıda bilməz.

Bundan belə nəticə çıxır ki, mənim bütün qərarlarım və hərəkətlərim Ermənistan Respublikasının dövlət maraqlarından irəli gəlməlidir. Məhz buna görədir ki, mən regionumuzdakı qonşularımızla münasibətlərin tənzimlənməsi və dərinləşdirilməsi üçün həll yollarının tapılmasını prioritet sayıram və bundan sonra da dövlət üçün, gələcək üçün, gələcək nəsillər üçün o yolu qətiyyətlə gedəcəyəm”, – Paşinyan bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın