İsrail İranın nüvə silahı yaratmasına və Tehranın Suriyada güclənməsinə imkan verməyəcək.

YALAN.info bildirir ki, bu bəyanatla bazar günü İsrail hökumətinin həftəlik toplantısında yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu çıxış edib.

“Biz İranın nüvə silahı əldə etməsinə və onun şimal sərhədimizdə (Suriyada – Red.) güclənməsinə imkan verməyəcəyik. Biz xalqımızı qorumaq üçün hər şeyi edirik və edəcəyik, bizə qarşı istənilən hücuma sərt cavab verəcəyik”, – deyə Baş nazir bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu İranı keçən həftə Fars körfəzində neft tankerinə hücumda ittiham edib. “Keçən həftə İran Fars körfəzində yenidən neft tankerinə hücum edib və beynəlxalq naviqasiya azadlığına zərbə vurub”, – deyə hökumət başçısı bildirib.

Yada salaq ki, Liberiya bayrağı altında üzən gəminin kapitanı fevralın 10-da Ərəb dənizində tankerin dron hücumuna məruz qaldığını təsdiqləyib. Onu da bildirək ki, Tehran son illərdə bu cür hücumların arxasında dayandığına dair bütün ittihamları rədd etsə də, İran hakimiyyəti insidentlə bağlı şərh verməyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın