Azərbaycanda yay transfer pəncərəsi bir müddətdir ki, bağlanıb. Klublar hələ də azad agentləri heyətə cəlb edə bilirlər. Ancaq artıq komandaların transfer fəaliyyətinin böyük ölçüdə başa çatdığını söyləmək olar. Bu yay klubların əksəriyyəti “bazarlıq”da fəallıqları ilə diqqət çəkiblər.

Son çempion “Qarabağ”dan gedənlər ad olaraq daha güclüdürlər, nəinki gələnlər. Ağdam klubunu ötən mövsümün bombardirləri – Ramil Şeydayevlə Musa Qurbanlı, illərdir, komandanın aparıcı oyunçularından olan Qara Qarayev, əsas qapıçı Şahruddin Məhəmmədəliyev, Filip Ozobiç kimi futbolçular tərk ediblər. Əvəzində heyətə Andrey Lunyov, Hamidu Keyta, Juninyo, Mateus Silva cəlb ediliblər, Patrik Andrade geri qaytarılıb. Klub gedişlərdən 500 min avro qazanıb, yeni gələnlərə 800 min avro xərcləyib. Hələlik yeni transferlərin komandanı gücləndirdiyini söyləmək mümkün deyil.

“Qarabağ”dan fərqli olaraq çempionluq mübarizəsində əsas rəqibləri hesab edilən “Neftçi” və “Sabah” gücləniblər. Belə demək olarsa, Ağdam təmsilçisi transferlərdə sözügedən iki kollektivin kölgəsində qalıb.

Ötən mövsümün ikincisi “Sabah”da Coy-Lens Mikels və Aleksey Kaşukun itkisi nə qədər böyük olsa da, heyətə cəlb edilən yeni adlar onlardan heç də zəif görünmürlər. Ayaz Quliyev, Jarl Marqarita, Cesse Sekidika, İshak Belfodil, Vensan Til, Maruan Hadudi, Sofian Şakla, Kahim Parris – hər biri Azərbaycan səviyyəsi üçün yaxşı, hətta çox yaxşı transferlərdir. Adıçəkilən iki futbolçu və Abdullaye Ba istisna olmaqla komandanı tərk edən digər adlar əsasən ehtiyat oyunçular sayıldığından birmənalı olaraq, “Sabah”ın gücləndiyini söyləmək olar. Klub yeni keçidlərə 800 min avro xərcləyib və gedişlərdən 300 min avro qazanıb.

Ötən mövsümü titulsuz başa vuran “Neftçi”nin heyətində köklü dəyişikliklər baş verib. “Ağ-qaralar” öncə baş məşqçi Laurentsiu Regekampfı digər rumıniyalı Adrian Mutu ilə əvəzləyiblər. Bundan sonra heyətdə lazımsız bir neçə oyunçu ilə yollar ayrılıb. Onların arasında yalnız Serbiya “Partizan”ına üz tutan Mateus Saldanyanın gedişini itki saymaq olar. Əvəzində Yuri Matias, Mark Tamaş, Lukas Melano, Dieqo Valdes, Qara Qarayev, Aaron Olanere, Emil Balayev, Filip Ozobiç, Reziuan Mirzov, Ervin Koffi kimi oyunçular heyətə cəlb olunublar. Özəlliklə, üç milyon avro dəyəri olan Şinyaşikinin gəlişi vurğulanmalıdır. Bu futbolçu indi Premyer Liqamızın ən bahalı futbolçusudur. Ümumilikdə, paytaxt təmsilçisinin transferlərə 550 min avro xərclədiyi bildirilir.

Yay gediş-gəlişlərinin yekununda “Neftçi” Azərbaycanın heyətinə görə ən dəyərli klubu olub. “Ağ-qaralar”ın oyunçularının toplam qiyməti 16,63 milyon avrodur. Liderliyi əldən verən “Qarabağ”da bu rəqəm 13,7 milyon avroya bərabərdir. “Sabah” səs-küylü transferlərlə Ağdam klubuna çox yaxınlaşıb. “Bayquşlar”ın ümumi dəyəri 13,38 milyon avroya çatıb.

Digər klublara gəlincə, demək olar, bütün komandalar yenidən qurulub. “Qəbələ” bu kampaniyada geri düşən tərəf olub. Liderlərini əldən verən “qırmızı-qaralar” transferlərlə boşluqları doldurmağa çalışsalar da, hələlik nəticələr – komandanın sonuncu olması bunun effekt vermədiyini göstərir. Əvəzində “Zirə” dəqiq transferlər edib və hazırda Premyer Liqanın zirvəsindədir. Ötən mövsüm son anda elitada yerini qorumağı bacarmış “Səbail” yeni transferlərlə xeyli güclənib. Eyni sözləri “Turan Tovuz”a da aid etmək olar. “Sumqayıt”da da çoxlu dəyişikliklər olsa da, hələlik istənilən performans sərgilənmir.

Aşağı liqadan yüksələn “Araz-Naxçıvan” yayın ən fəallarından olub. Klub son transferini bu gün reallaşdırıb. Keçidlərin effekt verdiyini söyləmək də olar. Komanda indi Premyer Liqada beşinci sıradadır. “Kəpəz” isə dəyişikliklərdən sonra zəifləmiş görünür. Komandanı bir neçə əsas heyət oyunçusu tərk edib. Düzdür, yeni transferlər var, amma hələlik onlar istənilən keyfiyyəti ortaya qoya bilmirlər.

Yay transfer bazarlığının nəticələrinə əsasən, demək olar ki, bu mövsüm əsas iddiaçılar “Qarabağ”, “Sabah” və “Neftçi” olacaqlar. Son ikisi hər nə qədər keçidlərin sayına və keyfiyyətinə görə Ağdam təmsilçisini üstələsələr də, “atlılar”ın oturuşmuş oyun üslubu onları bir qədər daha şanslı edir. Daha beş komanda ortabab hesab edilməlidir. Dördüncülük mübarizəsində “Zirə” rəqiblərindən şanslı görünür. Əslində, bu komanda indiki performansı davam etdirə bilsə, ilk üçlükdə qərarlaşması da sürpriz olmayacaq. “Qəbələ” və özəlliklə, “Kəpəz”in işi çətin görünür.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın