Rusiya Federasiyası Avropa Birliyinin (AB) Ermənistandakı mülki missiyasında Transqafqazda normallaşma maraqlarından uzaq, müstəsna geosiyasi fon və Rusiyanı regiondan sıxışdırmaq çalışmaları görür.
YALAN.info bildirir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın uyğun missiyanın işə başlaması ilə bağlı bazar ertəsi yayılan açıqlamasında deyilir.
“Təəssüf ki, biz Avropa Birliyinin və bütövlükdə Qərbin müttəfiqimiz Ermənistanda hər hansı yolla güclənmək cəhdini ilk deyil ki, görürük. Biz bu çalışmalarda maraqlardan uzaq, müstəsna geosiyasi fon görürük. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir. Bakının bu təşəbbüslə bağlı açıqlanan neqativ dəyərləndirmələrinə məhəl qoyulmur”, – diplomat bildirib.
Zaxarova qeyd edib ki, Avropa Birliyinin müxtəlif regional münaqişələrin həllində iştirak təcrübəsi çox qeyri-müəyyəndir. “Brüssel çətin ki, bu sahədə uğuru ilə öyünə bilsin. Məsələn, vasitəçilik səylərini və Serbiyanın Kosovo əyalətində AB missiyasını götürək”, – o vurğulayıb və əlavə edib ki, AB-nin Ermənistandakı missiyasını dəyərləndirərkən bunu nəzərə almaq gərəkdir.
Diplomat vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış sazişlər kompleksi yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas amili olaraq qalır.
“Bunların hərtərəfli həyata keçirilməsi yolu ilə, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, iki ölkənin ictimaiyyəti, ekspertləri, dini dairələri, parlamentariləri arasında əlaqələrin qurulması, o cümlədən ikitərəfli münasibətlərin inkişafı üzrə danışıqlar Sülh müqaviləsi, regionda durumu yaxşılaşdırmağın birbaşa yoludur”, – Zaxarova bildirib.