“Mançester Siti” Futbol Klubu İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi olub.
YALAN.info bildirir ki, çempionluq uğrunda və “Liverpul” ilə mübarizə aparan “Mançester Siti” Almaniyanın Türk əsilli futbolçusu İlkay Gündoğanın qolları ilə istəyinə çatıb.
Son tura 90 xalla 1-ci pillədə girən Pep Qvardiolanın baş məşqçisi olduğu komanda evdə “Aston Villa”nı (45 xal, 14-cü yer) qəbul edib. 3:2 hesablı qələbə qazanan “Siti” çempionluğu bayram edib.
Bu qarşılaşmaya qədər liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edib. Mersisaydlılar qələbə qazansalar da (3:1) digər oyunun nəticəsinə görə çempion ola bilməyiblər.
Günün başqa oyunlarına gəlincə, “Arsenal” “Everton”u, “Lester Siti” “Sauthempton”u, “Çelsi” “Uotford”u, “Brayton” “Vest Hem”i məğlub yola salıb. “Bernli” evdə “Nyukasl”a, “Brentford” isə “Lids”ə uduzub. Səfərdə “Kristal Pelas”la qarşılaşan “Mançester Yunayted” mövsümün son oyunundan da xalsız ayrılıb. “Norviç Siti”nin qonağı olan “Tottenhem” isə 5 cavabsız qolla qalib gəlib.
Bu nəticələrdən sonra çempion “Mançester Siti” və əsas izləyicisi “Liverpul”la yanaşı, “Çelsi” və “Tottenhem” də İngiltərəni UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. 5-ci olan “Arsenal”, həmçinin 6-cı yerlə kifayətlənən “Mançester Yunayted” Avropa Liqasına vəsiqə əldə edib. 7-ci yeri tutan “Vest Hem” isə Avropa Konfrans Liqasında oynamaq hüququna yiyələnib.
22 xalla sonuncu – 20-ci pilləni tutan “Norviç Siti” və 23 xalla 19-cu olan “Uotford”un Premyer Liqanı tərk edəcəyi öncədən bilinirdi. Son turda məğlubiyyətlə üzləşən və 35 xalda qalan “Bernli” də 18-ci yeri tutub və elita ilə sağollaşıb.