Rusiya mediası İrəvanı hədələyir: “Oradan problem gözləyin – çünki halqa nazik olan yerdən qırılır. Səhv dalınca səhvə yol verən Nikol Paşinyan yadda saxlamalıdır ki…”

Ukraynada hücuma görə təklənən, sanksiyalarla üz-üzə qalan Rusiya gərgin günlərini yaşayır. Əməliyyatlar artıq paytaxt Kiyev ətrafında aparılır və proseslərin necə sonuclanacağı hər kəsi düşündürür. Müharibə Rusiyanın ənənəvi müttəfiqləri ilə münasibətlərini də ortaya qoyub və bununla bağlı ciddi narahatlıq hökm sürür.

Söhbət Rusiyanın himayəsi ilə qurulan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyi (AİB) üzrə müttəfiqlərin lazımı dəstək verməməsindən gedir. Müharibə Moskvanın ənənəvi dostları üçün diplomatik stress sınağına çevrilib. Belarus istisna olmaqla, Rusiyanın KTMT və AİB-dəki bütün başqa müttəfiqləri tamamilə neytral mövqe tutublar, yəni səssizcə Rusiyadan uzaqlaşıblar.

Uzaq Kuba, Venesuela və Suriyadan fərqli olaraq dünənə qədər “qardaş respublikalar” sayılan dövlətlər də lazımı dəstək göstərmədilər. Rusiya mediasında, ekspert çevrələrində işğalçı müharibə ilə bağlı dərc olunan məqalə və dəyərləndirmələrdə əsas fikir budur ki, “varlıqlarına görə” Kremlə minnətdarlıq etməli olan dövlətlər belə mövqe göstərməli deyillər. Hətta ehtiyat edilir ki, bu ölkələr son anda neytrallığı da bir kənara qoyub, Rusiyaya arxa çevirə bilərlər. Bu məsələdə isə öncə Ermənistan misal çəkilir.

İkiüzlü Ermənistan

Qanlı iğtişaşlar yaşayan Qazaxıstan, sərhəd münaqişəsi yaşayan Qırğızıstan və Tacikistan neytrallıqlarını saxlayıb. Özbəkistan və Türkmənistan da neytral qalıb. Və Rusiyanın onlar sarıdan narahatlığı yoxdur. Rusiya mediası və ekspert çevrələri diqqəti daha çox Ermənistana yönəldir, onu ikiüzlülükdə ittiham edirlər. Qeyd edirlər ki, indiyədək İrəvan Rusiyanın hərəkətlərini dəstəkləmək üçün heç bir bəyanat verməyib və BMT-də Rusiya əleyhinə qətnamələrin səsverməsi zamanı bitərəf mövqe tutub.

“Bu cür davranış hansısa uzaq Sakit okean dövləti üçün normal olardı, ancaq Ermənistanda nonsensdir. Sanki, Ermənistanı 2020-ci ildə Qarabağ müharibəsində dağılmaqdan xilas edən Rusiya deyil. Hələ də erməni əhalisinin yaşadığı regionda sabitliyin Rusiya sülhməramlıları tərəfindən dəstəkləndiyini unudublar. Ermənistanın indiki mövqeyini başqa cür izah etmək mümkün deyil”, – deyə “Vestnik Kafkaza”da dərc olunan analitik materialın müəllifi vurğulayır.

Paşinyan Putinə xəyanət edir

Əlavə edilir ki, baş nazir Nikol Paşinyan Vladimir Putinə dəstək ifadə etmək yerinə, daha “təcili” işlərlə məşğuldur: “Məsələn, o, prezident Emmanuel Makronla görüşmək üçün martın 9-da Fransaya uçub və Avropa Şurasının rəhbəri Çarlz Mişellə “qeyri-rəsmi danışıqlar” aparıb. Qeyd edək ki, Paris Rusiyaya qarşı ən sərt sanksiyaların tərəfdarıdır, Moskva üçün belə həssas geosiyasi durumda Fransa prezidenti və Avropa Şurasının rəhbəri ilə görüşlər açıq-aşkar xəyanətdən xəbər verir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın NATO-dakı  danışıqların gündəliyi hələ ki, bilinmir, ancaq vaxt öz sözünü deyir”.

Nəşr sonda Ermənistanı açıq şəkildə hədələyir və qeyd edilir ki, Rusiyanın müttəfiqləri arasında bu ölkə Moskvaya dəstək məsələsində mövqesizliyini nümayiş etdirən “ən zəif halqa”ya çevrilib: “Oradan problem gözləyin – çünki halqa nazik olan yerdən qırılır. Səhv dalınca səhvə yol verən Nikol Paşinyan yadda saxlamalıdır ki, ruslar xəyanəti, özəlliklə də çətin məqamda, bağışlamır. Rusiya çoxlu böhranlar yaşayıb və bu böhrandan da çıxacaq. Ancaq Moskva dünənki “qardaşların” tövbə göz yaşlarına inanmayacaq”.

Lukaşenkonun təşəbbüsünün yaratdığı həyəcan

Hərbi əməliyyatların ağır getməsi Rusiyanı daha qəti addımlar atmağa vadar edə bilərmi? Hər halda Belarus prezidenti Lukaşenkonun son bəyanatı müəyyən narahatlıq doğurur. O, Putinlə görüşdə bəyan edib ki, KTMT və AİB sammit keçirməlidir. Ermənistanın “1in.am” nəşri yazır ki, Belarus prezidentinin təşəbbüsü Ermənistan üçün risklər ehtiva edir və bu zaman qondarma “iştirak” məsələləri gündəmə gələ bilər:

“Bu risklərin praktik olduğunu söyləmək hələ tezdir və hər halda yalnız Lukaşenkonun bəyanatı bu praktikanın sübutu kimi qəbul edilməməlidir. Ancaq İrəvvan, özəlliklə KTMT-yə sədrlik edən ölkə kimi mümkün suallara və cəhdlərə hazır olmağa borcludur. Rusiyaya qarşı sanksiyalar Ermənistan üçün də risklər yaradır və AİB-nin bu riskləri ən azı müəyyən qədər azaltmaq potensialı varsa, o zaman İrəvan, şübhəsiz ki, onlardan istifadə etməkdə maraqlıdır”.

Kremlin təbliğat ruporu da ittiham edir

Öz növbəsində Rusiyanın “Nezavisimaya qazeta” nəşri də yazır ki, Rusiya ard-arda sanksiyalarla üz-üzə qaldığı bir vaxtda onun “ənənəvi müttəfiqi” Ermənistan Qərblə sıx münasibətlər qurur. Yada salaq ki, Ermənistan KTMT üzvüdür və bu strukturun aparıcı güclərindən biri olan Rusiya Ukrayna ilə döyüşdüyü günlərdə, onun lideri Parisə gedib.

Paşinyanın Rusiyaya münasibəti əvvəldən Kremldə narahatlıq yaradıb – o, geosiyasi nəticələrdən ehtiyat edərək Rusiya ilə münasibətləri saxlamağa məcbur olan qərbyönlü siyasətçi hesab olunur” yazan qəzet əlavə edir ki, Paşinyan 2013-cü ildə deputat kimi Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünün əleyhinə səs verib.

Sonda qeyd etmək yerinə düşər ki, bütün bunların fonunda Ermənistanın özündə isə anti-Rusiya əhval-ruhiyyə durmadan artır. Məsələn, ictimai xadim, rejissor Hrant Vardanyanın qənaətincə, Ermənistanın rus imperiyasından qurtulmasının vaxtıdır: “İmperiyadan qurtulmaq lazımdır. Yorulmuş və parçalanmış vəziyyətdəyik. Dünya bizi başa düşür, biz özümüzü istiqamətləndirməliyik”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın