Erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanın Ermənistana girişi qadağan edilib.

YALAN.info bildirir ki, bununla bağlı Marqarita Simonyan öz “Telegram” kanalında yazıb.

Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulinin Ermənistanda arzuolunmaz şəxs elan olunmasını şərh edən Simonyan bildirib ki, onun da Ermənistana girişi yasaqlanıb. “Uzun illər Ermənistanın qatı dəstəkçisi olan Konstantin Zatulinin Ermənistana girişi bu ölkənin indiki rəhbəri tərəfindən qadağan edilib. Yeri gəlmişkən, mənim də”, – deyə Simonyan yazıb.

Daha öncə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Ermənistanda “persona non-qrata” elan edilib. Bununla bağlı Ermənistanın “Aykakan Jamanak” qəzeti yazıb: “Bizdə olan məlumatlara görə, Konstantin Zatulinin Ermənistana girişi qadağandır. Bundan sonra o, Ermənistanda arzuolunmaz şəxs hesab olunur”.

Onu da yada salaq ki, deputat Zatulin müsahibələrində 44 günlük müharibədə məğlubiyyətə görə dəfələrlə Ermənistan hakimiyyətini günahlandırıb və Baş nazir Nikol Paşinyanı istefaya çağırıb. O, qatı ermənipərəst mövqeyi ilə tanınır. 

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Ermənistana girişinə qoyulan qadağaya öz münasibətini bildirib: “Bizim üçün qəfil oldu, Ermənistan parlamentinin xarici əlaqələr departamentinin rəhbərindən məktub aldıq. Bizə dedilər ki, mənim səfərim arzuolunmazdır və bəyanatlarım Ermənistan Respublikası üçün zərərlidir. Mən bunu təhqiramiz addım kimi dəyərləndirirəm”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın