Tanınmış aktrisa Təranə Əlidusti İran İslam Respublikasında həbs edilib.

YALAN.info bildirir ki, mövzu ilə bağlı “Azad İran” YouTube kanalı video-süjet hazırlayıb.

İranda indiki xalq etirazlarının özəlliklərindən biri də onun lap başdan ölkənin bir çox tanınmış simaları tərəfindən dəstəklənməsidir. Etirazlar genişləndikcə xalqın haqq səsinə səs verən sənət adamlarının, eləcə də idmançıların sayı artmaqda davam edib. Bunlardan biri də təkcə İranda deyil, dünya miqyasında tanınmış aktrisa Təranə Əlidusti olub.

Aktrisa etirazçı qadınlarla həmrəylik nümayiş etdirərək, hicabını atıb və buna görə rəsmi “Keyhan” qəzetinin xüsusi qəzəbinə tuş gəlib. Bir neçə gün bundan öncə 23 yaşlı gənc Mohsen Şekarinin etirazlarda iştirakına görə edam olunmasına Təranə Əlidusti belə münasibət bildirib: “İndi oturun və bu qaniçənliyin nəticələrini gözləyin”.

Bu cür mövqeyinə görə dekabrın 17-də İran təhlükəsizlik orqanları aktrisanın evinə basqın edərək onu azyaşlı qızının gözü qarşısında həbs edib, həmçinin mənzildə axtarış aparıb və bəzi əşyaları özləri ilə götürüblər.

“Sepah”a bağlı “Təsnim” agentliyinin yazdığına görə, Təranə Əlidusti yalan və təhrif olunmuş məlumatlar yaymaqda, vətəndaşları iğtişaşlara təhrik etməkdə və anti-İran qüvvələri dəstəkləməkdə ittiham olunur. Daha geniş “Azad İran”ın video-süjetində:

İranda məşhur aktrisa həbs olunub | Azad İran

Yada salaq ki, sentyabrın 19-dan İran İslam Respublikasında bütün ölkə boyu etirazlar keçirilir. “HRANA” xəbər ajansının bildirdiyinə görə, dekabrın 19-a qədər İranda keçirilən etirazlar zamanı 503 nəfər həlak olub ki, onlardan 69-u uşaqdır. İndiyədək 18 452 etirazçı həbs edilib və onlardan yalnız 3976 nəfərin kimliyi müəyyən edilib. Agentliyin məlumatına görə, etirazlar zamanı 652 öyrənci həbs edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın