Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində olublar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısı və birinci xanıma görülən işlərlə bağlı məlumat verdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Azərişıq” ASC tərəfindən Azərbaycanda ilk dəfə Tərtər rayonunun Suqovuşan qəsəbəsinə çəkilmiş 35 kilovoltluq müasir izolyasiyalı, kənar təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan kabel xəttinin tanıtımı olub. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma layihə ilə bağlı məlumat verdi. Prezident İlham Əliyev bildirdi ki, gələcəkdə ölkəmizin bütün yerlərində bütövlükdə bu sistemə keçmək lazımdır.

Bildirildi ki, yeni kabel xətlərinin tətbiqi yüksək gərginlik xətlərinin bilavasitə altında, ya da yaxınlığında yerləşən yaşayış və əkin sahələrinin, həmçinin insanların fəaliyyət təhlükəsizliyi dəfələrlə artır, təbiət hadisələrinin elektrik veriliş xətlərinə təsiri aradan qalxır. İzolyasiya olunmuş yeni tip kabel xətlərinin istifadəsi ümumilikdə ölkənin enerji sisteminin dayanıqlılıq, etibarlılıq və səmərəlilik göstəricilərini beynəlxalq standartlara yaxınlaşdırmağa imkan verir. Eyni zamanda, bu növ kabel xətlərinin istənilən mühitdə, o cümlədən yeraltı, sualtı və hava ilə çəkilişinin mümkünlüyü işğaldan azad edilmiş ərazilərdə qurulan 35/0,4 kilovoltluq innovativ paylayıcı şəbəkələrin istismarını asanlaşdırmaqla yanaşı, dayanıqlı fəaliyyətini də tam təmin edəcəkdir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtərin Suqovuşan qəsəbəsində olublar

İşğaldan azad olunmuş ərazilərimizdə indi geniş quruculuq işləri aparılır, yeni məscidlər tikilir. Onlardan biri də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən bu gün Suqovuşan qəsəbəsində təməli qoyulan məsciddir. Ərazisi toplam 0,6 hektar olan kompleksə məscid binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. İki mərtəbədən ibarət olacaq məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr təşkil edəcək. Burada kişilər və qadınlar üçün ibadət zalının olması planlaşdırılır. Layihəyə görə, məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq.

Onu da bildirək ki, işğal dövründə vandalizmə məruz qalan mədəni-dini obyektlər sırasında İslam dini abidələri – məscidlər, türbələr və başqa inanc yerləri mütləq çoxluqda olub. Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

Suqovuşanda ikimərtəbəli yeni məscidin təməli qoyulub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində fərdi evdə aparılmış təmir-bərpa işləri ilə də tanış olublar. Bildirildi ki, 44 günlük Vətən müharibəsi zamanı, hərbi əməliyyatlar nəticəsində Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində 16 fərdi ev qismən yararsız vəziyyətə düşmüşdür. Bu evlərdən biri əsaslı təmir olunub.

Suqovuşan qəsəbəsindəki fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanışlıq

Daha sonra Prezident və birinci xanım Suqovuşana səfərləri çərçivəsində qəsəbədəki 144 şagird yerlik tam orta məktəbin binasında olub, təhsil müəssisəsindəki durumla maraqlanıblar. Qeyd olundu ki, Təhsil Nazirliyi yararsız duruma düşmüş Suqovuşan qəsəbə tam orta məktəbinin binasını təmir edəcək. Diqqətə çatdırılıb ki, məktəbin ərazisi 1 hektardır. Binanın toplam sahəsi 820 kvadratmetrə yaxındır. Məktəbdə 12 sinif otağı, 60 nəfərlik akt zalı və kitabxana var.

Suqovuşan qəsəbəsindəki tam orta məktəbin binası əsaslı təmir ediləcək

Müdafiə Nazirliyinin Suqovuşanda “N” saylı hərbi hissəsinin açılışı olub

Tərtər rayonunun Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlətimizin başçısına raport verdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva öncəcə sıra meydanında düzülmüş döyüş texnikalarına baxdılar. Silahlı Qüvvələrin Ali Baş Komandanına hərbi hissədə yaradılan şərait bərədə məlumat verildi.

Bildirildi ki, hərbi hissənin ərazisində nəzarət-buraxılış məntəqəsi, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqəsi, qazanxanalar, mağaza, 174 nəfərlik yeməkxana binası yaradılıb. Hərbi hissənin qərargah binasında hərbçilər üçün bütün zəruri avadanlıqla təchiz edilən iş otaqları var. Əsgər yeməkxanası da müasir səviyyədədir.

Dövlətimizin başçısı və birinci xanım hərbi hissənin əsgər yeməkxanasında yaradılan şəraitlə tanış oldular. Qeyd edək ki, burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.

İşğaldan azad edilən ərazilərdə hərbi hissələrin açılması, ən müasir texnikalarla təchizatı onu göstərir ki, Azərbaycan hərbi təhlükəsizliyini xüsusi diqqətdə saxlayır. Bunun üçün kifayət qədər imkan, ən əsası siyasi iradə var. Digər tərəfdən, cəmiyyət də dövlətin bu istiqamət üzrə siyasətini dəstəkləyir və birmənalı şəkildə dövlətin yanında olduğunu nümayiş etdirir.

Müdafiə Nazirliyinin Suqovuşanda “N” saylı hərbi hissəsinin açılışı olub

İlham Əliyev Suqovuşanda turizm kompleksinin təməlini qoyub

Tərtər rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Azərbaycan Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma kompleksin layihəsi barədə məlumat verdi. Bildirildi ki, ərazinin minalardan təmizlənməsindən, dağıdılmış tikililərin qalıqlarının yığışdırılmasından, çoxillik bitkilərin budanmasından sonra burada abadlıq işlərinə başlanılacaq və əraziyə uyğun bitkilər əkiləcək.

Diqqətə çatdırıldı ki, ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaq. Həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyekti yaradılacaq.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva turizm kompleksində istifadə olunacaq xüsusi maşınlara baxdılar. Prezident İlham Əliyev kompleksin təməlini qoydu. Sonra dövlətimizin başçısı və birinci xanım kompleksin ərazisində ağac əkdilər.

Qeyd edək ki, Suqovuşan Turizm Kompleksində işlər cari ilin sonunadək başa çatdırılacaq, növbəti mövsümdə turistlərə xidmət göstərəcək. Görülən işlər sübut edir ki, çox füsunkar, təkrarolunmaz təbiəti olan və tarixi abidələrlə zəngin Qarabağ bölgəsi tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək.

Prezident İlham Əliyev Suqovuşanda turizm kompleksinin təməlini qoyub

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın