Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

YALAN.info bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər. Bundan sonra Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.

İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Cəbrayılda Qumlaq dəmir yolu stansiyasının təməlini qoyublar

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlət başçılarına Horadiz-Ağbənd dəmir yolu xətti və Qumlaq stansiyası barədə məlumat verdi. Bildirildi ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini Azərbaycan Prezidenti 2021-ci il fevralın 14-də qoyub və layihənin 2023-cü ilin sonunda yekunlaşdırılması nəzərdə tutulur.

Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 kilometrdir. Dəmir yolu xətti boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) fəaliyyət göstərəcək. Layihə çərçivəsində, həmçinin 456 süni mühəndis qurğusu, 70 yoldəyişən, 110,4 kilometr uzunluğunda rabitə və işarəvermə xətti istismara veriləcək. Hazırda dəmir yolu xəttinin 62-ci və 71-ci kilometrləri arasındakı ərazidə torpaq yatağı və süni mühəndis qurğularının tikintisi işləri aparılır. Layihələndirilmə və tikinti işləri minatəmizləmə prosesinə paralel davam etdirilir.

Məlumat verildi ki, təməli qoyulan Qumlaq stansiyası ümumilikdə 1,69 hektar ərazini əhatə edir. Stansiya modern üslubda dizayn edilib və platforma, stansiya binası, avtomobil, avtobus və taksi dayanacaqlarından ibarətdir. İstismara verildikdən sonra stansiya gündəlik olaraq 150-200 nəfər sərnişinə xidmət göstərəcək, habelə müvafiq istiqamətlərdə yüklərin səmərəli və təhlükəsiz daşınmasına imkan yaradacaq.

Dövlət başçılarına Ələt-Ağbənd-Naxçıvan-Qars dəmir yolu layihəsi barədə də məlumat verildi.

Azərbaycan və Türkiyə prezidentləri “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər

Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirilib, əraziyə 15 baş ceyran buraxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev kompleksdə görüləcək işlərlə bağlı dövlət başçılarına məlumat verdi.

Sonra Azərbaycan və Türkiyə Prezidentləri ərazidə ağac əkdilər. Daha sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə ceyranlar buraxdılar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın