“Fransanın Respublikaçılar Partiyasının prezidentliyə namizədi Valeri Pekresin Qarabağ ərazisinə qanunsuz səfəri təxribat xarakterlidir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Modern.az-a eksklüziv açıqlamasında Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lambert (Jérôme Lambert) deyib.

Xankəndinin Azərbaycana məxsus olduğunu bildirən fransız deputatın sözlərinə görə, Fransada Ermənistan və Azərbaycan arasındakı durumla bağlı müxtəlif fikirlər dolaşır:

“Pekresin Qarabağa səfəri təxribat xarakterlidir, çünki Xankəndi şəhəri beynəlxalq hüquqda Azərbaycan ərazisi kimi tanınır. Azərbaycan Fransa kimi dünyəvi ölkədir. Ona görə də hər bir ölkənin suverenliyinə hörmətlə yanaşılmalıdır. Fransanın nümayəndəsi olaraq beynəlxalq hüququn elementar normalarına hörmət etməyə borcludur. Amma deyəsən, xırda nüanslar yaddan çıxıb. İndi Fransada iki ölkə barədə fikirlər müxtəlifdir. Bir tərəf Azərbaycanın, digər tərəf isə Ermənistanın tərəfindən çıxış edir”.

Jerom Lambert Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drianın ölkənin Milli Assambleyasında Azərbaycanla bağlı xoşagəlməz çıxışına da münasibət bildirib:

“Dünən XİN tərəfindən Azərbaycana qarşı söylənən fikirlər, prezidentliyə namizəd şəxsin tərəfinin saxlanması erməni nöqteyi-nəzərindən “lehinə” hesablana bilər. Çünki erməni lobbisi Fransada düşündüyünüzdən daha çox aktivdir. Mediada böyük və nüfuzlu diaspordan qidalanan erməni lobbisi hazırlıqlıdır. Hətta bəzən onların fikirlərini qəbul etməyənləri hədələyirlər, bunun bir neçə dəfə şahidi olmuşam.

Azərbaycandan görünən Fransada rastlaşdığımız kifayət qədər paradoksal durumu, şübhəsiz ki, izah edən səbəb elə budur. Qarabağa qanunsuz səfər və Azərbaycana qarşı işlədilən ifadələr beynəlxalq hüquq baxımından diplomatik əlaqələrə zərbədir. Ancaq biz bu gün Fransada çox balanssız olan siyasi ifadələrin şahidi oluruq”.

Qeyd edək ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian ölkənin Milli Assambleyasında diplomata yaraşmayan çıxış edib. Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi fransız nazirin çıxışına cavab olaraq, bəyanat yayıb.

Bəyanatda vurğulanıb ki, XİN başçısı təxribatçı məqsədlərlə Azərbaycan Respublikası Prezidentini təhqir etməyə cəhd göstərən Milli Assambleyanın Respublikaçılar partiyasından olan Erik Siottiyə sərt cavab verilməli və ona həddi bildirilməli idi. Lakin nazir Lö Drian Azərbaycan Respublikası Prezidentinin Valeri Pekresin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın