Dünən, martın 28-i saat 21:51 radələrində Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafaya avtomat silahdan çoxsaylı atəş açılıb.

YALAN.info bildirir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafa iki güllə yarası alıb.

Çiyin nahiyəsindən və ayağından yaralanan millət vəkilinə ilk olaraq Kliniki Tibbi Mərkəzdə həkim müdaxiləsi edilib. Sonra isə deputatın təhlükəsizliyinin daha yaxşı təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb.

Ailə yaxınlarının sözlərinə görə, deputat palataya köçürülüb: “Özü ilə səhər danışmışıq. Durumu yaxşıdır. Güclü ağrılarının olmadığını dedi. Axşam yanında ailəsi qalıb. Yanına ziyarətçi buraxılmır. Həkimlər də durumunun yaxşı olduğunu deyirlər. Böyük ehtimalla bir neçə gün həkim nəzarətində müalicəsini davam etdirəcək”.

Deputat Fazil Mustafa ilk açıqlamalarını verdi

Martın 28-də terror hücumuna məruz qalan millət vəkili Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlama verib. O, Haqqın.az saytına açıqlamasında bunları deyib:

“Evə qədər sürdüm. Maşını qaraja salmaq istəyəndə birdən nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja girməyə hazırlaşırdım. Birdən maşının ön şüşəsi silkələndi. Çiynimdə dəhşətli ağrı hiss edirdim. Ağrılardan sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım”.

Millət vəkilinin sözlərinə görə, sonra qapını bağlayaraq təcili tibbi yardım və hüquq-mühafizə orqanlarına məlumat verib: “Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Daha heç nə xatırlamıram.

Yada salaq, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Öncəki xəbərCanni De Byazi millinin 0:5 uduzmasına açıqlama verdi: Əla oyun göstərdik
Sonrakı xəbərNetanyahu Baydenin məsləhətini qəti şəkildə geri çevirdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın