Birləşmiş Millətlər Təşkilatı (BMT) bütün tərəfləri Ukrayna ətrafında yaranmış durumda təxribat xarakterli ritorika və hərəkətlərdən çəkinməyə çağırır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu bazar ertəsi BMT baş katibinin siyasi məsələlər və sülhün qorunması üzrə müavini Rozmari Di Karlo BMT Təhlükəsizlik Şurasının yığıncağındakı çıxışı zamanı bəyan edib. O bildirib ki, BMT məsələnin sülh yolu ilə həlli istiqamətindəki bütün səyləri dəstəkləməyə hazırdır.

Ukrayna sərhədləri yaxınlığında yüz min əsgər

Bu gün Şurada çıxış edən Rozmari Di Karlo deyib ki, olan bilgilərə görə, “Rusiya Federasiyası tərəfində Ukrayna sərhədi yaxınlığında yüz mindən çox hərbçi və ağır silahlar yerləşir”. Onun sözlərinə görə, fevralda Ukrayna, Polşa və Baltikyanı dövlətlərin sərhədlərində keçiriləcək iri hərbi təlimlər ərəfəsində Rusiya qoşunları və silahları Belarusa da göndərilib.

Məlumata görə, NATO üzvləri Şərqi Avropa dövlətlərinə qoşun yeritməyə hazırlaşır. 8500 hərbçi artıq yüksək hazır durumdadır. “Davam edən müzakirə iştirakçılarının bir-birinə qarşı irəli sürdüyü ittihamlar və qarşılıqlı məzəmmətlər bir çoxlarının gözlənilən hərbi qarşıdurma ilə bağlı etibarsızlıq və qorxu hiss etməsinə səbəb oldu”, – Rozmari Di Karlo deyib.

BMT Ukraynanın suverenliyinə sadiqdir

Rozmari Di Karlonun sözlərinə görə, “BMT, Baş Assambleyasının qətnamələrinə uyğun olaraq, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, siyasi müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə qətiyyətlə sadiqdir”.

O qeyd edib ki, indiki şəraitdə beynəlxalq ictimaiyyətin BMT Təhlükəsizlik Şurasının dəstəklədiyi Minsk razılaşmalarının həyata keçirilməsinə yönəlmiş “Normand dördlüyü” və Üçtərəfli Təmas Qrupunun səylərinə dəstəyini gücləndirməsi xüsusilə önəmlidir.

BMT Normandiya Dördlüyü müşavirlərinin Parisdə bu yaxınlarda keçirilmiş görüşünü və bu görüş zamanı növbəti görüşün tezliklə Berlində keçirilməsi ilə bağlı əldə olunmuş anlaşmanı alqışlayır. “Bu, bir daha diplomatiyanın effektivliyinə dəlalət edir”, – Di Karlo əlavə edib.

Ukraynada 2,9 milyon insanın dəstəyə ehtiyacı var

O, qərəzsizlik, müstəqillik, humanistlik və neytrallıq kimi humanitar prinsipləri rəhbər tutaraq “BMT agentliklərinin Ukraynada öz vəzifələrini yerinə yetirməkdə davam etdiyini” yada salıb. Spiker həmçinin dəstəyə ehtiyacı olan 2,9 milyon ukraynalıya humanitar yardımın təmin edilməsinin önəmliyini vurğulayıb. O qeyd edib ki, onların çoxu hökumətin nəzarətində olmayan ərazilərdə yaşayır.

Eskalasiya yeni qurbanlara səbəb olacaq

Di Karlo bildirib ki, Ukraynanın şərqindəki münaqişə 2014-cü ildən bəri 14 min insanın həyatına son qoyub və hələ də həll olunmayıb. “Aydındır ki, Ukrayna ətrafında durumun yenidən gərginləşməsi anlamsız qətllərin və dağıntıların davamı demək olacaq”, o xəbərdarlıq edib. – Bu durum, ya da Ukraynanın şərqindəki status-kvo ilə bağlı hansı mövqedən çıxış etməyinizdən asılı olmayaraq, belə bir ssenari qəbuledilməzdir. Bunu unutmaq olmaz”.

Çıxışına yekun vuran Rozmari Di Karlo bir daha vurğuladı ki, bütün maraqlı tərəflərə müraciət edərək, BMT-nin Baş katibi gərginliyin azaldılması və diplomatik prosesin davam etdirilməsi üçün təcili addımların atılmasına çağırır.

ABŞ: “Risklər həmişəkindən daha yüksəkdir”

Təhlükəsizlik Şurasında çıxış edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Ukrayna ətrafındakı durumu “təhlükəli” adlandıraraq, “bu gün risklərin həmişəkindən daha yüksək olduğunu” deyib. “Bu, ağır nəticələri ilə dolu olan sülh və təhlükəsizliyə açıq təhdiddir” dedi. Onun sözlərinə görə, Rusiyanın hərəkətləri “təkcə Ukrayna üçün deyil, bütün Avropa və beynəlxalq nizam üçün təhlükə yaradır”.

“Rusiya Ukraynanı işğal etməyə davam edərsə, heç birimiz deyə bilməyəcəyik ki, biz bunu qabaqcadan görə bilməzdik. Nəticələri isə dəhşətli olacaq, ona görə də bugünkü görüşümüz çox önəmlidir”, – Tomas-Qrinfild bildirib.

O, xəbərdarlıq edib ki, Avropa indi onilliklər ərzində ən böyük qoşun səfərbərliyindən keçir və Rusiyanın diplomatiya yolunu seçəcəyinə ümid etsə də, beynəlxalq ictimaiyyət boş oturmamalıdır. Onun sözlərinə görə, “təhdidlər və hərbi eskalasiya fonunda diplomatiya uğura apara bilməz”.

“Biz sülh yolunu seçirik. Biz dialoq yolunu seçirik. Biz qarşıdurma istəmirik. Ancaq Rusiya Ukraynaya növbəti müdaxilə edərsə, biz birlik nümayiş etdirib, qətiyyətli və tez hərəkət edəcəyik”, – deyə o, yekunlaşdırıb.

Rusiya “isteriyanı artırmamağa” çağırdı

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya “qərbli həmkarlarını” gərginliyi artırmaqda ittiham edib.

“Rusiya qoşunlarının ərazimizdə hərəkəti amerikalı və qərbli həmkarlarımız tərəfindən guya planlaşdırılan hərbi əməliyyatın və hətta təcavüzün təsdiqi kimi təqdim olunur. Hətta Amerika səfiri bunu elə deyir, sanki bu təcavüz artıq baş verib […]. Ancaq bu cür ciddi iddiaları təsdiq edəcək heç bir dəlil yoxdur. Lakin bu, bizə isteriyanı o dərəcədə şişirtməyə mane olmur ki, ukraynalı qonşularımız artıq konkret iqtisadi nəticələri duymağa başlayıblar”, – Nebenzya bildirib.

O, bildirib ki, Rusiya Ukraynaya hücum etməyi planlaşdırmır və 100 min hərbçinin yerləşdirilməsi ilə bağlı verilən məlumatlar reallığa uyğun gəlmir. Eyni zamanda o, ABŞ və bir sıra başqa ölkələri “Ukraynaya aktiv şəkildə silah və sursat verməkdə” ittiham edib.

Rusiyalı diplomat həmçinin vurğulayıb ki, Ukrayna ətrafındakı böhranın “yalnız bir ölçüsü var – daxili Ukrayna”. “Durumu yalnız Kiyevin ilk növbədə Donetsk və Luqansk ilə birbaşa dialoqu nəzərdə tutan Minsk razılaşmalarını yerinə yetirməsi ilə düzəltmək olar”, – rus diplomat hesab edir.

Yığıncaq zamanı Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukrayna nümayəndəsinin çıxışından öncə tədbiri tərk edib. O qeyd edib ki, BMT-nin Baş katibi Antoniu Quterreşlə öncədən planlaşdırılmış görüşü var.

Ukrayna: “Biz təhdidlər qarşısında təslim olmayacağıq”

Nebenzyanın gedişindən sonra Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serqey Kislitsanın çıxışı başlayıb. O, ölkəsinin Krım və Donbasda hücuma başlamaq niyyətində olmadığını deyib. Kislitsa bəyan edib ki, əgər Rusiyanın Ukraynaya aid hər hansı bir sualı varsa, qoşunları sərhədə toplamaqdansa, bu barədə görüşüb danışmaq daha yaxşı olardı.

Onun sözlərinə görə, dekabrın 22-dən indiyədək Ukrayna hərbçilərinin mövqelərini atəşə tutması və pilotsuz təyyarələrin sistematik hücumları nəticəsində 12 ukraynalı hərbçi həlak olub, daha 14-ü isə yaralanıb.

NATO-ya üzvlük məsələsinə gəlincə, Kislytsyaya görə, Ukrayna öz təhlükəsizliyi ilə bağlı məsələləri müstəqil həll etmək hüququ olan suveren dövlətdir: “Ukrayna onu zəiflətməyə, iqtisadi və maliyyə sabitliyini pozmağa yönəlmiş təhdidlərə baş əyməyəcək. Bu baş verməyəcək. Kreml bilməlidir ki, Ukrayna özünü müdafiə etməyə hazırdır”.

Qeyd edək ki, xüsusi yığıncaq ABŞ-ın təşəbbüsü ilə keçirilib. Rusiya və Çin əsassız ittihamların müzakirəsinin gərginliyin artmasına səbəb olduğuna işarə edərək, onun təşkilinə qarşı çıxıblar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın