Fələstin əsilli amerikalı model Bella Hadid uşaqlıq illərində aldığı travmaları və onun gələcək təsirlərini etiraf edib.

Hadid uşaqlıqda yaşadığı çətinliklərdən danışaraq, özünü ailənin utanc mənbəyi kimi duyduğunu, o zaman onun fikirlərinə önəm verilmədiyini bildirib.

Vaxt keçdikcə Hadid başqalarını razı salmağa diqqət yetirən birinə çevrilib və cinsi, fiziki və ya emosional sərhədlər qoymağı dayandırıb. Həmişə fikirlərinin münasibətlərdə və ya ailədə daha az vacib olduğunu söyləyən kişilərin ətrafında böyüdüyünü deyən 25 yaşlı model uşaqlıqda yaşadıqlarının böyüdükdə ona ciddi təsir etdiyini bildirib: “Ya susub ağlayacaqdım, ya da reaksiya verib gedəcəkdim”.

Hadid davamlı olaraq onu ​​təhqir edən insanların yanına qayıtdığını və bir müddət sonra bütün enerjisini işinə verməyə başladığını bildirib. Gündə 14 saata yaxın işlədiyini deyən model, işdən kənar vaxtı olmadığı üçün doğum günü və toy kimi bir çox şənliklərə gedə bilmədiyini deyib.

O, daha öncə keçən ilin noyabrında Instagram səhifəsində psixi sağlamlığı haqqında danışmışdı. Bir sıra gözyaşardıcı selfilərlə yanaşı, o yazırdı: “Bunu bilmək üçün yetərincə uğursuzluqlar və tükənmələr yaşadım: əgər özünüz üzərində kifayət qədər çox çalışsanız, travmalarınızı, tətiklərinizi, sevinclərinizi və rutininizi anlamaq üçün özünüzlə tək vaxt keçirsəniz, öz dərdinizi və onunla necə mübarizə aparacağınızı başa düşə və daha çox şeylər öyrənə bilərsiniz”.

Keçən il yaşadığı sarsıdıcı enişdən sonra həyatında dəyişiklik etməyə qərar verən Hadid sosial mediadan uzaqlaşaraq meditasiya ilə özünə gəlib.

Onu da bildirək ki, Bella yeniyetmə ikən olduqca utancaq idi və görünüşü ilə bağlı bir çox kompleksləri vardı. Supermodelin sözlərinə görə, uzun müddət artıq çəki ilə mübarizə aparıb. Saç rənginə gəlincə Bella, böyük bacısı Gigi Hadid kimi təbii sarışındır. Saçlarını Gigidən fərqləndirmək üçün tünd rəngə boyamağa başladı. Bundan başqa 15 yaşında Bella burun estetikası da etdirib.

Yada salaq ki, Bella Hadid Kaliforniya ştatının Los-Anceles şəhərində teleaparıcı və keçmiş model Yolanda Hadid və Fələstinli Amerikalı multimilyonçu Məhəmməd Hadidin ailəsində anadan olub. Model müsahibələrinin biriində “Atam Amerikaya ilk dəfə gələndə qaçqın idi. O, çox dindar idi və bizimlə birlikdə dua edirdi. Müsəlman olduğum üçün qürur duyuram”, deyib. Bellanın böyük bacısı model Gigi Hadid və kiçik qardaşı Ənvər Hadid var. Hadidin həmçinin atasının öncəki evliliyindən Mariel və Alana adlı 2 bacısı da var. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın