Artıq dərs ilinin başa çatmasına sayılı günlər qalıb. 3 aylıq istirahətdən sonra isə yeni dərs ili başlayacaq və dərsə ilk dəfə gedəcək balacaların çoxunun indidən sevincinin həddi-hüdudu yoxdur. Onlar sentyabrın 15-ni səbirsizliklə gözləyirlər.

Lakin bunu 6 yaşı bitməmiş övladını məktəbə yazdırmaq istəyən valideynlərin heç də hamısı haqqında demək olmaz. 6 yaşı sentyabrdan sonrakı aylarda tamam olacaq, lakin məktəbə qoyulmaq istənilən uşaqlar xüsusi istedada malik olan uşaqlar sayılır və onlar məktəbə imtahan verərək qəbul olunurlar.

Belə körpələrdən biri də 6 yaşı bu ilin noyabrında tamam olacaq Aytacdır. Qızcığazın atası Mahir Abdullayev deyir ki, övladını bu il Bakıda fəaliyyət göstərən məktəblərin birində qeydiyyatdan keçirib, indi də imtahanın vaxtını gözləyirlər. Amma ata qızının imtahandan keçməsinə şübhə edir.

“Aytac rus bölməsinə gedəcək. Amma əldə etdiyim suallara nəzər salanda övladımın imtahandan keçməsinə şübhə edirəm. Baxmayaraq ki, övladım yaşına görə və yaşından artıq savadlıdır. Məsələn, o, rus dilində bütün hərfləri tanıyır, yazır, riyaziyyatdan da problemi yoxdur: 100-ə kimi sayır, toplayır, çıxır, böyük, kiçik, bərabər işarələrindən düzgün istifadə edir. Şeir bilir, nağıl danışır. Rəngləri tanıyır və s. Bir sözlə, heç 11 il oxuyub “hərf tanımayanlardan” daha çox bilir”.

Valideyn deyir ki, bu imtahanlarda 1-ci sinif uşağına elə suallar verilir ki, nəinki uşaq, heç böyük də onun cavabını tapa bilməz. “Suallardan birində deyilir: “it – 3, xoruz – 8, qurbağa – 3, balıq – 0, uzunqulaq-?”. Sözün düzü, cavabı mən də bilmədim. Sonda axtarıb tapdım ki, söhbət həmin heyvanların çıxardığı səslərdəki hərflərin sayından gedirmiş. Bəlkə də bu, xırda məsələdir. Amma nəzərə almaq lazımdır ki, qarşınızda cəmi 5 yaşı olan uşaq oturur. Ona belə dərin düşündürücü suallar vermək olmaz. Bu, uşaqların psixologiyasına pis təsir göstərir və onların dərsə olan həvəsini öldürür”.

Ekspertlər də xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu zamanı təşkil olunan imtahanlardakı sualların çətinliyini etiraf edirlər. Milli Elmlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru, təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, Təhsil Nazirliyinin təşkil etdiyi bu sistem tamamilə əsassızdır və heç bir beynəlxalq təcrübəyə uymur.

“Mən özüm də ötənilki imtahanların suallarını əldə etmişəm. Bəzi suallar var ki, ona cavab tapmaq üçün azı 10 dəqiqə düşünmüşəm. Başa düşmürəm, uşaqlar magistraturaya imtahan verirlər, yoxsa, məktəbə?! Nazirlik başa düşmür ki, həvəslə məktəbə getmək istəyənlərə belə çətin suallar verməklə onları tamamilə həvəsdən salırlar? Uşaqlardan hərfləri tanımağı, rəqəmləri, oxumağı, yazmağı tələb edirlər. O zaman məktəb nə öyrədəcək? Uşaq birinci sinfə gedəndə bunları bilir deyə, ona heç nə maraqlı gəlməyəcək”.

Ekspert sənəd qəbulunda da problemlər olduğu qənaətindədir. Məsələn, elə ailələr var ki, onlarda internet yoxdur və ya onlar elektron ərizənin nə demək olduğunu bilmirlər. Yaxşı olardı ki, uşaq hansı məktəbə gedəcəksə, onun sənədləri elə həmin məktəbə də təqdim edilsin.

5 yaşlı uşaqlara verilən çətin suallarla bağlı Təhsil Nazirliyinə müraciət etdik. Lakin aldığımız məlumata görə, müsahibəyə düşən suallar nazirlik tərəfindən yalnız iki il müddətində hazırlanıb. Daha sonradan isə bu suallar Bakı Şəhər Təhsil İdarəsinə tapşırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na uyğun olaraq müsahibələrdən əvvəl komissiya üzvləri ilə təlimatı üzrə görüş keçirilir. Əyani vəsait kimi uşağın dünyagörüşünü, nitq bacarığını, sadə hesablama vərdişlərini və məntiqi inkişafını ölçməyə imkan verən suallardan istifadə edilir.

Uşaqların dəqiq hansı yaşda məktəbə getməsini araşdırmaq üçün beynəlxalq təcrübəyə nəzər saldıq. Məlum oldu ki, bu proses hər ölkədə müxtəlif cür həyata keçirilir. Məsələn, Türkiyədə uşaqlar 5 yaşında məktəbə hazırlığa gedirlər və 6 yaşına kimi onların fiziki imkanları nəzərə alınıb avtomatik məktəbə götürülür, Rusiyada 5 yaşında uşaq heç bir imtahan vermədən, uşağın və valideynlərinin könüllü istəyi ilə məktəbə qəbulu həyata keçirilir. Amma Qazaxıstanda 7 yaşı tamam olmayan uşağın məktəbə getməsi ümumiyyətlə mümkün deyil.

Sovet dövründə Azərbaycanda da 5 yaşlı uşağı məktəbə qoymaq üçün valideynlərin məktəbə könüllü müraciəti kifayət edirdi. Uşaqla bağlı qalan məsuliyyət valideynin üzərinə düşürdü.

Hazırda da ölkəmizdə 5 yaşından sonra hər kəs məktəbə gedə bilər. Amma 6 yaşı tamam olmayan balacalar “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən məktəbə götürülür. I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

Valideynlərin, uşaqların, ekspertlərin narazılığını nəzərə alaraq Təhsil Nazirliyi ya 5 yaşında olan uşaqların məktəbə qəbulunu qadağan etməli, ya onların məktəbə qəbulunu könüllü istək nəticəsində həyata keçirməli, ya da həmin uşaqlar üçün olan imtahanlardakı sualların hazırlanmasına nəzərət etməli və onların asan olması barədə Təhsil İdarəsinə tapşırıq verməlidir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın